Növbədənkənar parlament seçkilərində hansı partiyalar iştirak edəcək?

Növbədənkənar parlament seçkilərində hansı partiyalar iştirak edəcək?
 

Seçki qanunvericiliyinə görə, bu ilin noyabr ayının ilk bazar günündə Parlament seçkiləri keçirilməlidir.

Lakin noyabr ayında Bakıda COP29 keçiriləcək. Məhz bu beynəlxalq tədbirə görə Parlament seçkiləri qabağa çəkilə bilər. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da açıqlama verib.

“Qanunvericiliyə əsasən, bu il noyabr ayında parlament seçkiləri olmalıdır. Seçkilərin müddəti önə də çəkilə bilər”, - o, Komissiyanın mayın 2-də keçirilən iclasında bildirib.

Sədr əlavə edib ki, MSK artıq parlament seçkilərinə hazırlığa başlamalıdır. "Yanvar ayından başlayaraq seçici siyahılarının dəqiqləşdirilməsi də həyata keçirilir. Parlament seçkiləri ilə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi prosesi sürətləndirilməlidir. Parlament seçkilərindən sonra bələdiyyə seçkiləri gəlir ki, o daha da çətindir. Bütün bu hallar nəzərə alınmalıdır", - M.Pənahov qeyd edib.

Beləliklə, ölkəmizdə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi qaçılmaz görünür. Siyasi partiyalar Parlament seçkilərinə necə hazırlaşır?

Modern.az sözügedən məsələ ilə bağlı partiyalar arasında sorğu keçirib.

Saytımıza açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa sualımızı belə cavablandırıb: "Partiyamızın bütün strukturları, müşahidəçilərindən tutmuş vəkillərə qədər hamısı yeni seçki prosesində iştirak ediblər. Ona görə də Parlament seçkilərində iştirak bizim üçün heç bir problem yaratmır. Parlament seçkilərində həm öz namizədlərimizlə iştirak edəcək, həm də seçkini müşahidə funksiyasını yerinə yetirəcəyik. Eyni zamanda dairə və məntəqə seçki dairələrində, hətta MSK-da da bizim üzvümüz var. Bunlar vasitəsilə də seçki prosesində aktiv rol alacağıq".

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev struktur dəyişiklikləri üzərində işlədiklərini söyləyib: "Rəhbərlik etdiyim Milli Cəbhə Partiyası Parlament seçkilərində iştirak edəcək. Prezident seçkisində formalaşdırdığımız seçki qurumlarını saxlamışıq və müəyyən struktur dəyişiklikləri üzərində işləyirik ki, daha çevik seçki komandamız olsun. Hazırda siyahı üzərində də iş gedir. Çalışırıq ki, daha çox dairədə namizədimiz olsun. Yarıdan çox dairədə namizəd irəli sürə biləcəyik".

Ağ Partiya sədri Tural Abbaslı vurğulayıb ki, seçkilərə artıq xeyli müddətdir, hazırlaşırlar: "Düzü, Azərbaycan siyasi şərtlərində seçkilərə hazırlaşmaq, namizədlərin müəyyən olunması, təbliğat-təşviqat işləri xeyli ağır başa gəlir. Prosesi bilməyənləri danışdıranda deyir ki, biz hazırıq, hər şey rahat və sadədir. Amma bu, belə deyil. Nəzərə alaq ki, partiyaların çoxu büdcədən müəyyənləşdirilmir. Bu fəaliyyətlər maliyyə xərclərinin, üzvlük haqlarının və ianələrin üzərinə düşür. Minimal məbləğ və resurslarla yüksək nəticələr əldə etməyə çalışırsan. Bu da həm təcrübə, həm vaxt, həm də enerji tələb edir. Ağır prosesdir. Amma partiya olaraq namizədlərin müəyyən olunmasına başlamışıq".

Partiya sədri vurğulayıb ki, artıq 80-dən yuxarı namizəd müəyyən olunub: "Biz çalışırıq ki, 125 dairəni də əhatə edək. Bu o demək deyil ki, hər namizəd irəli sürüldüyü dairədə qalib gəlmək gücünə qadirdir. Ən azından seçki ilkin mərhələdə zəif namizədlərimiz üçün bir təcrübə olacaq. O namizədlər öz dairələrində həm özlərini, həm də partiyanı cəmiyyətə təqdim edəcəklər. Təbii ki, artıq təşkilat şöbəsi mümkün namizədlər və onların imza toplayan komandası, təbliğat-təşviqat, piar işləri ilə bağlı addımlar atır. Bunlar hamısı təqvimdən asılı olan məsələlər olduğu üçün dəqiq vaxt bilinmədikcə konkret addımlar atmaq mümkün olmur. Seçkilər elan olunsa, yəqin ki, Ağ Partiya ən favorit partiyalardan biri ola bilər".

0.023223161697388