Boyu qısa olsa da, ömrü uzun olsun!..

Boyu qısa olsa da, ömrü uzun olsun!..
 


Deyir ki,- “Yevlaxda böyümüşəm, səmimi sözümdür, uşaqlıq illərindən populyar olmuşam. Dərnəklərə gedirdim, o qədər sevilirdim ki, hətta mənə məxsusi çıxışlar yazırdılar. Bütün dövlət tədbirlərinə mütləq dəvət edirdilər. Hətta tamaşaçılarımın çox olduğunu görüb, mənim üçün pullu tamaşalar təşkil etmək istədilər, sonra dedilər, “bu, uşaqdır, olmaz, istismar sayılar.” Sovet dönəmi idi. Orta məktəbi bitirəndə raykom qəbuluna çağırıb, mənimlə söhbət etdi, dedi, sən incəsənət sahəsinə getməlisən, göndəriş verdi, gəldim İncəsənət Universitetinə. Riyaziyyatı yaxşı bilirdim, əslində, riyaziyyatçı, ixtiraçı olmaq istəyirdim. Əvvəl qəbul eləmək istəmirdilər. Axı aktyor boylu-buxunlu, yaraşıqlı olmalıdı. Məndə isə boy yox idi. Kurs rəhbərim vardı, Möhsün Mürsəlov, rejissor idi. O, məni teatra gətirdi, amma işdən çıxan kimi məni də uzaqlaşdırdılar. Teatr sehrli dünyadır, bir dəfə qədəm basdınsa, daha ayrıla bilmirsən. Elə bil, narkoman kimi alışırsan ona, unutmaq olmur. Uzun müddət bu səbəblə iş tapmaqda çətinlik çəkmişəm. Hətta qəzetlərin birində məsul katib işlədim. Depressiyadaydım. Bir il sonra mərhum rejissor Hüseynağa Atakişiyev məni işə dəvət etdi və burada işə başladım. Mənim üçün xüsusi rollar yazılırdı. Rəhmətlik məktəb idi. Neçə-neçə sənətkarın yetişməsində rolu olub. Ruhu şad olsun!..”

Boyunun ölçüsü əvvəllər onu çox narahat edib. Tələbə vaxtı günlərlə otaqdan çölə çıxmırdı, düşünürdü ki, barmaqla göstərib güləcəklər, tay-tuşları nəsə xoşagəlməz söz deyəcəklər. Və bu hisləri yaşaya-yaşaya bacardıqca cəmiyyətdən uzaq dolanırdı. Sonra taleyi ilə barışıb, ailə qurdu, oğul-uşaq sahibi oldu. Oğlu orta məktəbdə oxuyanda bir gün görür ki, anası ilə nəsə danışır. Həm də məktəbdən üstü-başı cırılmış halda gəlib. Kiminləsə dalaşıb. Səbəb isə, hansısa uşağın ona atasının boyu ilə bağlı acı sözlər deməsi olub. Səhəri gün oğlunun əlindən tutaraq məktəbə yollanıb. Oğlunun dalaşdığı uşağın valideynlərini də çağırtdırıb. Sinifə girəndə bütün uşaqlar onu tanıyıb, sevgi ilə qarşılayıblar. Üzünü uşağın valideyninə tutaraq deyib,- “Gördünüzmü, sizin hörmətiniz böyükdür, ya mənim?..”

Elə vaxtlar da olub ki, küçədə valideyninin əlindən tutub gedən uşaq onu göstərərək “liliput” deyə çığırıb, valideyni də baxıb gülüb. Bu istehzalı gülüşə dözə bilməyib. Həmin valideynə yaxınlaşaraq deyib ki,- “Sonda kimin necə olacağını Allahdan başqa kimsə bilməz. Mən bu görünüşü özüm seçməmişəm. Allah məni belə yaradıb...”

“Mən bacımla əkiz doğulmuşam. Onun boyu 1 metr 90 sm olar. Görünür, mənim payımı o alıb. Əkizliyin gətirdiyi defektdir. Səkkiz yaşımda güclü sarılıq keçirmişəm. Həkim də səhv müalicə yazıb. Hətta bu səbəblə az qala həbs olunurmuş, valideynlərim bağışlayıblar. Ondan sonra boyumun inkişafı lap dayandı. Bir metr idi boyum. Dəfələrlə Moskvaya müalicəyə apardılar. Müalicələrdən sonra bir qədər boyum uzandı. Amma 145 santimetrdən o yana inkişaf getmədi. Əvvəllər çox narahat olsam da, artıq buna alışmışam.”- söyləyir.

Həyatı maraqlı hadisələrlə zəngindir. Orta məktəbdə oxuyarkən bir qıza aşiq olub. Qız da bu sevgiyə biganə deyilmiş. Tez-tez qızın yaşadığı Yevlaxın Ermənikənd deyilən qəsəbəsinə gedib, qızgilin evlərinin həndəvərində gəzib dolaşırmış. Bir gün axşamüstü ona bir nəfər yaxınlaşaraq soruşub ki, sən kimsən, bura toyuq, hindquşu oğurlamağa gəlmisən? O da, cavabında deyib ki, yox e, mən filankəsin oğluyam, burada adam gözləyirəm. Həmin adam ona inanmayıb, cibindən bıçaq çıxararaq böyrünə dirəyib. Vurmaq istəyəndə- yaxında bir tanış yaşayır, gedək onlara, mənim kim olduğumu sənə desin- söyləyib. O da, palçıqda onu sürüyə-sürüyə, darta-darta aparıb dediyi ünvana. Üst-başı it günündəimiş. Ev sahibi onu tanıyandan sonra, o adam, heç nə demədən çıxıb gedib...

Haqqında söhbət açdığım Natiq Fərzəliyev 1 fevral 1962-ci ildə Yevlax rayonunda anadan olub. 1987-ci ildə M.A.Əliyev adına İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. 1981-ci ildən Azərbaycan Dövlət Gənclər Teatrının aktyorudur. Bu teatr 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı adlanır. Ona yaxın filmdə çəkilib, iyirmidən çox tamaşada əsas rolları ifa edib...

Arzuları çoxdur, bitib-tükənməz. Həm sənəti ilə bağlıdır və həm də şəxsi həyatı ilə. 

Deyir ki,- “Tay-tuşlarım çoxdan baba olublar. Bir həmyaşıd dostumun artıq 10 nəvəsi var. Hamıya hüzur, sevinc, ailə xoşbəxtliyi, oğul-uşaq toyu arzu edirəm, mən də onların içində...”

Bu gün- fevralın 1-də Natiq Fərzəliyevin 61 yaşı tamam olur. Ona möhkəm cansağlığı, yaradıcılıq uğurları, ən başlıcası baba olmağı arzulayıram...

Hörmətlə, Elman Eldaroğlu

Paralel.az

0.035845041275024