Müəllimlərin maaşının meyarı nə olmalıdır?- dos. İlham Əhmədov  

Müəllimlərin maaşının meyarı nə olmalıdır?- dos. İlham Əhmədov  
 

                                                                                                                                                           ETN  iddia edir ki, müəllimlərin maaşını müəyyənləşdirərkən əməyin məhsuldarlığı meyarına əsaslanırıq. Yüksək məhsuldarlığa daha çox ödəniş. Yəni yeni ildən müəllimlərin maaşında artım olmaya  bilər, ya da çox cüzi  artım ola bilər. 

Absurd iddiadır. 

Ölkə məktəbliləri  artıq  30 ildir  kütləvi şəkildə repetitor yanına gedir və az-çox təhsildə uğur varsa, məktəbin yox, konkret repetitorların hesabınadır. Olan  uğur isə belədir: məktəb məzunların 70%  150 balldan az yığır. Bu halda əməyin məhsuldarlığı meyarı  necə təyin ediləcəkdir? 

Yoxsa, meyar sertifikatlaşma imtahanı əsasında olacaq?  Bu imtahanın nəticəsi müəllimin pedaqoji fəaliyyətinin məhsuldarlığını  yox, sadəcə imtahan balını göstərir. Bu nəticənin məhsuldarlığa, maaşa nə dəxli ola bilər? 

Onda bəlkə qırmızı diplomlu müəllimlərə daha çox maaş verək, çünki, onlar bu diplomu alana qədər  universitetdə 35-40 fənndən  imtahan verir  və yüksək ball yığır? Bu hər halda sertifikatlaşma imtahanından daha dəqiq göstəricidir. Yoxsa, ETN özünün təsis və nəzarət etdiyi  universitetlərə inanmır?

Görünən odur ki, təhsilin büdcəsi  son 3 ildə 3 dəfə, qiymətlər 2  dəfə artsa da, müəllimin maaşı faizlə qalxıb. Bu artırılmış büdcə ilə müəllimlərin maaşını əhəmiyyətli dərəcədə artırmaq mümkündür.  Ölkə üzrə məktəb tikintisi artıq  80 %  icra edilib, yenilənib, indi az sayda məktəblər tikilməlidir. ETN bu artmış büdcəni müəllimlərin maaşından daha  mühüm olan hansı layihələrə yönləndirir  görəsən? O layihələrin adlarını xalq öyrənə bilərmi?  Niyə bu  layihələrin   real nəticələri  təhsildə hiss edilmir?  Hiss edilən isə təhsilin günbəgün tənəzzülüdür.  Məncə bu məsələlərdə şəffaflıq və müəllimlərin sosial durumu  daha vacibdir. Bizim son illərin təhsil nazirləri AXC dövründə maarif naziri olmuş Nəsib  bəy  Yusifbəylinin bu hikmətli sözlərini yaxşı oxusunlar: 

"Müəllimlərin maaşını nə qədər artırsanız, bilin ki, bundan bir şey qeyb etməyəcəksiniz. Çünki bizim varlığımız və istiqbalımız ancaq müəllimlərin əlindədir. Nə qədər müəllim ac olsa, nə qədər gözü ətrafda və özgə əlində olsa, əlbət ki, o müəllim bir şey verə bilməz və o məktəbdən də bir şey çıxmaz."

“Paralel.az”

0.021044015884399