Bəzi insanlar tərəfindən topa tutulacağımı bilirəm

Bəzi insanlar tərəfindən topa tutulacağımı bilirəm
 

Elşən Əlisoy

"Tik tok" sosial şəbəkəsində polisi təhqir edən gəncin alçaldılmasını əks etdirən videonun altında yazılanları gördükdə, cəmiyyətin hansı səviyyədə olduğunu görür və məyusluq hissi keçirməyə bilmirsən. Böyük bir insan kütləsi gəncin polis tərəfindən alçaldılmasına haqq qazandır. Hətta, hadisəyə gülmək işarəsi qoyub haqq qazandıranların bir çoxu da guya Azərbaycanda hüquqi dövlət arzusunda olan insanlardır.

Cəmiyyətin bir hissəsi anlamır ki, nə hadisəsi baş verməsindən asılı olmayaraq, dövlət hadisələrə küçə uşağı səviyyəsində reaksiya verməməlidir. Azərbaycan cəmiyyətinin dövlət anlayışı məhəllə təfəkküründən o yana keçə bilməyib.

Qardaş Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın müxalifətə yönəlik təhqir və aşağılamaqla dolu olan çıxışını dinlədikdə və salonun Ərdoğanın təhqirlərini necə ürəklə alqışlamaqlarına baxdıqda, bir-birimizə necə bənzədiyinizin bir daha şahidi oldum.

Ağzından ancaq təhqir, qəzəb, nifrət tökülən bir dövlət başçısının, xalqın böyük bir hissəsinin etimad göstərdiyi insanlara qarşı söylədiyi küfr dolu sözləri sosial şəbəkələrdə "Var ol, yaşa rəis" kimi başlıqlqlarla paylaşan insanları görəndə, hər iki dövlətin küçə psixologiyası ilə idarə olunduğunu görüb, yenə də məyus olmaya bilmirsən. Bir-birimizə çox pis formada bənzəyirik.

Bütün bunları görə-görə, bəzi insanlarımız Türkiyəni niyə Avropa Birliyinə almırlar? Dünya niyə bizim ölkəmizə qarşı ikili standartlar sərgiləyir? deyə hay-küy salırlar. Hər kəs anlamalıdır ki, bu cur düşüncədə olan cəmiyyəti və bu düşüncənin ortaya çıxardığı hakimiyyətin idarə etdiyi dövləti nəinki Avropaya buraxmazlar, hələ şükür edək və Məhəmməd Əmin Rəsulzadənin və Mustafa Kamal Atatürkün ruhuna dualar oxuyaq ki, bizi "tayfa dövləti" siyahısına salmayıblar.

Bu düşüncəmin bəzi insanlar tərəfindən topa tutulacağını bilirəm. Avropanın bizim maraqlarımıza ideal yanaşmasının olmamasınıda bilirəm. Ancaq onu da bilirəm ki, Avropada ailəsinin rəsmi dövlət nəqliyyat vasitəsidən istifadə etdiyi üçün nazir, cəmiyyət tərəfindən tənqid olunur və o, buna görə istefa ərizəsi yazmağa məcbur olur.

Dövlətin əmlakını dədə malı kimi talayanlarla, dövlət malını şəxsi işlərinə istifadə edə bilməyən bir dövlətlərlə, Türkiyə və Azərbaycan kimi dövlətlərin birliyi mümkün deyil. Bu nə qərəzdir, nə də xristian müsəlman təəssübkeşliyi. Bu, ortada olan fərqlərdir!

"Paralel.az"

0.012083053588867