Məmləkət mənzərələri...
Qəzənfər Həmidoğlu:
“Kelepçeli Fuat
Seslendi Galip Ustaya:
-Usta,
yine tuhaf şeyler düşünüyorsun.
-Düşünüyorum evlat.
-Geçmiş olsun.
Eyvallah usta...
Düşünmek değiştirmez hayatı...”
(Nazim Hikmət Ran.
"Məmləkətimdən insan mənzərələri”)
Bir gün əkinçi işindən evinə qayıdır, kefi kök imiş və yolda qarşısına xan çıxır. Seyid Əzim Şirvaninin “Xan və dehqan”da yazdığına görə, əhvalat belə vaqe olur:
“Bir əkinci gedirdi məstanə,
Yolda ol rast gəldi bir xanə.
Xanı görcək yazıq baş endirdi,
Gör onu xan nə gunə dindirdi.
Dedu: - Ey it, kənarda çıx yoldan!
Nə çıxırsan donuz kimi koldan?”
Yəni, xan dehqanı İslamın ən murdar saydığı iki heyvana - əti haram sayılan donuza və mələkləri evlərdən hürküdən itə bənzədir. Bir müsəlman digər müsəlmana gərək belə həqarət etməsin, heç olmasa, “eşşək” və ya “camış” deyəydi. Xan eşşəklik edib belə ayıb təhqiri ağzına alsa da, amma yetər ki, rəiyyətə diqqət etsin, dindirsin və biz də riqqətə gələk, şad olaq, xürrəm fırlanaq...
“Gördü bu iltifatı çün xandan,
Zövqdən oldu gül kimi xəndan.”
Əkinçinin kefi lap kökəlir və oradan yüyürür düz evə ki, arvada müjdə versin...
“Evinə daxil oldu xürrəmü şad,
Övrəti onda gördü vəcdi-ziyad”.
Övrət soruşur ki, kişi, nə xəbər, göylərdə uçursan? Ər “xan məni dindirdi” deyir və sevincindən atılıb düşür...
“Atılıb-düşdü bir zaman dehqan,
Həvəsi sakit oldu, qıldı bəyan.
Dedi ki, xan dedi: - Çıx it yoldan!
Nə baxırsan donuz kimi koldan?
Bizə xan iltifatı peydadır,
Bir səadətdü, feyzi-üzmadır.
Bizə bu vəch iftixar olsun,
Nəsl-binnəsl yadigar olsun”...
***
Sonra xanı işdən çıxarırlar, atını da əlindən alırlar. Dehqan Bakıya köçüb Şərurlu İsgəndərin “stroyka”sında qarovulçu işləyir. Amma “prorab” Bəhram başının ətini yeyir: “Dehqan əmi, sənin nə şəhər mədəniyyətin var, nə də “tans” edə bilirsən. Qayıt kəndə, əkinini ək, sünbülünü biç”.
Dehqan inşaatdan qaçır, kirayə "Prius" götürüb başlayır taksiçiliyə. Kimi taksiyə mindirirsə, düşəndə deyir: “Qayıt kəndə!”. Adamı paytaxtında adam kimi dolanmağa qoymurlar.
Bakıdan düz qaçır Moskvaya, övrətini boşayır, “matışka” ilə evlənir və olur buğda oliqarxı. Və Bakıda üç klub açır: “KVN”, “Breyn-rinq” və gecə klubu. Bakıya qayıdan Rəsul Quliyev oliqarx-dehqanı partiyasında ideoloji işlər üzrə sədr müavini təyin edir...
Hər nə isə, qocalanda müdrik olmaya bilərsən, amma gərək heyvərələşməyəsən...
Paralel.az