Müəllim və həkimlərin maaşları artacaqmı? – “Fevralın ortalarında...”
Vahid Tarif Cədvəli (VTC) üzrə artımlar həyata keçirildikdən sonra müəllim və həkimlərin maaşları ilə bağlı suallar ortaya çıxıb. Təqribən 400 min nəfərin əhatə etdiyi bu sektorlarda əmək haqqı artımı necə olacaq?
Deputat, iqtisadçı Vüqar Bayramov “AzPolitika.info”-ya bildirib ki, Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əmək haqqlarında artımlar artıq reallaşdı. O, xatırladır ki, səhiyyə sektorunda bir sıra müəssisələr sahə nazirliyinə, digərləri isə TƏBİB-ə tabedir. İqtisadçı qeyd edib ki, Səhiyyə Nazirliyi tabeçiliyində olan müəssisələrdə çalışan və maaşları VTC ilə müəyyənləşən vətəndaşların əmək haqları son artımlara aid olundu.
“Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca əmək haqqı sxemi var. Bu qurumlar maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər. Bu sektorlar üzrə çalışan və əmək haqqları minimum səviyyədən aşağı olanların maaşları artıq artırıldı. Çünki heç bir sektorda minimum əmək haqqı məbləğindən az maaş verilə bilməz”, - iqtisadçı vurğulayıb.