Uğur qazanmaq düsturu
Qalib ARİF:
(“Mənim düşüncələrim” silsiləsindən)
Dostlar, düşünürəm ki, həyatda hər şeyin olduğu kimi, uğur qazanmağın da öz düsturu var. Bəli, bəli, həyatda uğur qazanmağın (bizim dildə desək, xoşbəxtliyin) düsturunu tapmaq olar. Bu düsturun mənim düşündüyüm variantı təxminən belədir: U = X+У+Z. Burda U uğur qazanmaq, X talant, istedad, У iş qabiliyyəti, yorulmadan işləmək, Z isə, düşünmək, dinləmək qabiliyyətidir. Eynşteynin Nisbilik nəzəriyyəsi qədər olmasa da, xeyli mürəkkəb məsələdir. Odur ki, yaxın oturun...
Məlum olduğu kimi, uğur qazanmağın ilk şərti (X) istedaddır, talantdır. Sadə dillə desək, Allah vergisidir. Doğrudur, hamı şair, müğənni, ya rəssam ola bilmir. Amma ruhdan düşmək lazım deyildir, axtarsan, hər insan bir qabiliyyətin yiyəsidir. Sadəcə olaraq, bu qabiliyyəti üzə çıxarmaq, bu istiqamətdə çalışmaq, önə çıxmaq lazımdır. Adam var ki, zərgər kimi maşın ustasıdır, adam var, yaxşı daşyonandır, daşqoyandır, adam da var ki, əlləri qızıldır, hər işdən baş çıxarır. Bunlar hamısı böyük istedaddır, qabiliyyətdir, uğur qazanmağın da yolu öz qabiliyyətini inkişaf etdirməkdir. Şəhriyar demiş, “Sevdiyin işə əgər könül versən, “Yoruldum” deməzsən, nə qədər getsən”...
Uğur qazanmağın ikinci şərti (У), mən biləni, iş qabiliyyətidir, yorulmadan işləməkdir, geri çəkilməməkdir. Hər bir uğursuzluq uğura qalxan bir pilləkəndir. Məlum olduğu kimi, Allahın da tövsiyəsi belədir, Yaradan da insana “Səndən hərəkət, məndən bərəkət” deyir. İşləməyin faydası barədə çox deyilib, çox yazılıb. Böyük Nizami də deyib ki, “Çox istedadlar yatan oldular, Axırda saxsı qabı satan oldular”... Mən də əlavə etmək istərdim ki, insanın istedadının üzə çıxması daşdan od alınması kimi zor şeydir. Doğrudur, odu daşdan alırlar, amma zəhmət çəkilməsə, tər su kimi tökülməsə, soyuq daşdan isti od almaq olmaz...
Üçüncü şərt (Z) fikrimcə, dinləməkdir, düşünməkdir. İnsanın inkişaf tarixində düşünməyin rolunu qiymətləndirmək çətindir. Yalnız onu demək kifayətdir ki, insanı bütün canlılardan ayıran, faktiki olaraq, canlı təbiətin zirvəsinə qaldıran, sivil cəmiyyət yaradan onun düşünmək qabiliyyətidir. Əgər, bu ali keyfiyyət olmasaydı, insan yəqin ki, hələ mağarada yaşayırdı və çiy ət yeyirdi. Allaha inam, Xeyirə ehtiram, Şərə qiyam kimi ali dəyərləri yaradan da düşünmək qabiliyyətidir. Odur ki, uğur qazanmaq istəyən insan bir sözü deməkdən əvvəl ən azı 2 dəfə, bir hərəkəti etməkdən əvvəl 3 dəfə düşünməlidir. Amma qərar qəbul etmək üçün həm də dinləməyi bacarmaq lazımdır. Böyük insanlar, tarixdə ən çox uğur qazananlar haqqında oxusaz, öyrənsəz görərsiz ki, onlar həm də dinləməyi bacarıblar, böyüklə, kiçiklə hesablaşıblar...
Paralel.az