Bəs bu keyfiyyətlər hansı mədəniyyətin göstəricisidir?

Bəs bu keyfiyyətlər hansı mədəniyyətin göstəricisidir?
 

Dos. İlham Əhmədov

Bəhram Bağırzadənin məlum sözləri (şəhərli və kəndli ayrıseçkiliyi) xalqı haqlı olaraq hiddətləndirib. Guya kənd camaatının mədəniyyət səviyyəsi aşağıdır. Əslində elə şəhər camaatının da mədəni səviyyəsi çox yüksək deyil. Mədəniyyət Nazirliyində son 30 ildə baş verən korrupsiya prosesləri imkan verdi ki, bu nazirlik ölkədə mədəniyyəti yüksəltsin?

Şəxsi mədəniyyətin əhəmiyyətli hissəsi təhsil illərində formalaşır. Təhsildəki geriliyimiz, dərsliklərin səviyyəsizliyi hansı mədəniyyət formalaşdıra bilər vətəndaşda? Məktəb direktorlarının tez tez yayılan səsli mesajları, pul tələb etməsi, hədələri, danışıq tərzi məktəb mədəniyyətinin səviyyəsini göstərir. İmişli rayon Aranlı məktəbinin vəziyyəti, ən elementar şəraitin olmaması, bunu səsləndirən müəlliməyə qarşı məmur və trolların mütəşəkkil dəstələrinin hücumları, verilən töhmət təhsil nühitinin mədəni səviyyəsini göstərmir? Ya səhiyyədəki acınacaqlı durum nəyin göstəricisidir?
Heç kəsin xalqı günahlandırmağa ixtiyarı yoxdur. Əgər hansısa problemlər kimlərsə narahat edirsə, zəhmət çəkib bu problemlərin kökünü araşdırsın (əgər intellekti buna imkan verirsə), nəticəni yox, səbəbləri tapsın, onda əsl günahkarlar tapılacaq.

İndiyədək, Bəhram bəyin Mədəniyyət, Təhsil, Səhiyyə, Nəqliyyat, TV kanallar v.s. sahələrdə olan bu qədər problemlərdən danışdığını eşidən olubmu? Onda nə üzlə, xalqı mədəniyyətsizlilkdə günahlandırır.
Bu mövzu xalqın parçalanması üçün Moskvanın (5-ci kolonun) növbəti təxribatıdır. 50-60-cı illərdə də bu mövzu aktual idi. Sonralar 50 il ərzində Qərbi Azərbaycanlı və Naxçıvanlı siyasəti oldu. İndi yenidən kəndli şəhərli mövzusu ? 50-ci illərəmi qayıdırıq? İnkişaf belə olur?
Bunların əsas niyyəti odur ki, xalq birləşməsin? Bu mövzunu ortaya atanların özləri mədəniyyətsizdir, çünki, bilərəkdən xalqı parçalayanlar məqsədli şəkildə düşmən dəyirmanına su tökür, onların əlində oyuncaq olurlar. Bölgüyə qalsa, xalqını sevənlər və xalqın qanını içənlər kimi bölgü olmalıdır. Bu artıq regionluq mövzu deyil, çünki, regionların hamısında əhalinin 95 % pis gündədir. Bəhram bəy niyə bu haqda danışmır? Niyə qazilərin problemlərindən, artan qiymətlərdən, pik həddə olan korrupsiyadan heç danışmır? Niyə demir ki, bizdə yalnız bir mədəniyyət var- o da Korrupsiya mədəniyyəti.

Hər işdə xalqı günahlandırmaq, xalqa ikrah hissindən, ona yuxarıdan aşağı baxmaq xislətindən doğur. Bəs bu keyfiyyətlər hansı mədəniyyətin göstəricisidir?

"Paralel.az"

0.012569904327393