Türkiyənin Ermənistan siyasətində yeni addımlar - II yazı

Türkiyənin Ermənistan siyasətində yeni addımlar - II yazı
 

Siracəddin Hacı:
Birinci yazıda dedim ki, Türkiyə Ermənistana doğru yeni iki addım atdı: yükdaşıyan təyyarələrin uçuşuna izin verdi, Ağrı dağında jandarma üçün baza qurdu. Türkiyənin bu yeni addımlarının səbəblərini sıralayaq:
- Türkiyə çox önəmli seçimə hazırlaşır, yaxın aylarda Prezident və Parlament seçkisi olacaq. Bu seçkilərə 2023-cü ildə dünyanın ən önəmli seçkisi deyə bilərik, ABŞ-ın, Avropanın, Rusiyanın, Ukraynanın, Orta Şərqin, qonşu dövlətlərin diqqəti bu seçimə yönəlmişdir – Azərbaycan üçün bu seçimin xüsusi önəmi var. Ərdoğan yenidən seçilsə, bu, bölgədə, o sıradan Güney Qafqazda tarazlığın qorunması, davamı anlamını daşıyacaq, seçilməsə, siyasi zəlzələ olacaq, münasibətlər yenidən biçimlənəcək;
- Nisbətən tərəfsiz anket şirkətləri deyirlər ki, son dönəmlərdə Körfəz sərmayəsinin Türkiyəyə gəlişi ilə Ərdoğanın səsləri bir az artsa da, onun seçilmək imkanı az, seçilməmək ehtimalı daha çoxdur;
- Ərdoğanın hər səsə ehtiyacı var, o bütün imkanları toplamaq üçün ölkədəki hər kəsimə müraciət edir, Ələvilərlə bağlı önəmli addımlar atır, kürdlərin mühafizəkar partiyası Hüdapar ilə görüşür, romanları toplayır, təriqətləri, camaatları təşviq edir, mühafizəkarlara yeni mesajlar verir, xəzinənin qapısını açıb pul paylayır, ittifaqını genişləndirmək istəyir, xarici siyasətdə İraq, İsrail, Misir, Körfəz ölkələri, Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırır, Bəşər Əsədi yola gətirməyə çalışır, Rusiya ilə Ukrayna arasında barış missiyası yüklənir, Yunanıstanı hədələyir...;
- Ərdoğanın səsini almağa çalışdığı kəsimlərdən biri də ermənilərdir. Ermənilər Türkiyədə ciddi təşkilatlanmış etnik azlıqlar sırasında yer tuturlar, məktəbləri, kilsələri, qəzetləri, radioları, iş, sənət adamları, alimləri, sərvətləri, millət vəkilləri var, ictimai rəyə təsir göstərməyin yollarını bilirlər;
- Türkiyənin bu önəmli mərhələdə yükdaşıyan təyyarələrin uçuşuna izin verməsi həm ölkədəki, həm də Ermənistandakı ermənilərin güvənini artırır, Ağrı dağında jandarma üçün tikilən bazanın terrorla mücadilə və sərhədlərin daha etibarlı qorunması üçün olduğu deyilsə də, gələcəkdə Ermənistanla sınırların açılmasının ilk addımı kimi də qəbul olunur, ermənilər sərhədlərin açılması üçün Ərdoğana dəstək verirlər;
- Türkiyənin Güney Qafqaz siyasətini Azərbaycandan asılı vəziyyətə salması onun mənafelərinə zərər verir, belə ki, Azərbaycan Rusiyanın Güney Qafqazdan çıxmasında maraqlı görünmür, Rusiya Güney Qafqazdan getməsə, bölgədə zəifləməsə, Türkiyənin Güney Qafqazda imkanlarını artırması mümkün deyil;
- Paşinyan hökuməti Rusiyanın Güney Qafqazda mövqeyinin zəifləməsi üçün çalışırsa, bu, Türkiyənin mənafeyinə uyğundur, o halda, Türkiyə Paşinyanın mövqeyini niyə gücləndirməsin ki? Türkiyənin Paşinyana dəstək verməsi Azərbaycanın milli maraqları ilə də üst-üstə düşür;
- Türkiyənin Güney Qafqaz məsələsində Azərbaycandan asılı vəziyyətə düşməsi ona hərəkət imkanı vermir, nəticədə, Ermənistanda Rusiyanın və İranın mövqeyi güclənir;
- Türkiyə bilir ki, Zəngəzur yolunun açılması Ermənistanla yaxınlaşmaq nəticəsində mümkün olacaq, elə buna görə də Azərbaycanı və Ermənistanı Brüssel formatına, birbaşa danışıqlara təşviq edir;
- Türkiyə Rusiyanın zəiflədiyini görür, Güney Qafqazda Rusiyadan boşalacaq yeri tutmağa hazırlaşır;
- Türkiyənin Ermənistana doğru addım atması onun ABŞ və Avropa ilə münasibətlərinin yumşalmasına təsir göstərir, belə ki, ABŞ və Avropa Türkiyəyə israrla deyirlər ki, Ermənistanla sərhədləri aç, bu, Rusiyanın Güney Qafqazdakı mövqeyini zəiflədəcək;
- Türkiyənin Ermənistana doğru addımları, isti mesajları davam edəcək, Ərdoğanın İlham Əliyevlə Paşinyanı Ankarada görüşməyə dəvət etməsi də istisna deyil;
- Seçim və milli maraqlar Türkiyənin Ermənistana yaxınlaşmasını, Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulmasını, birbaşa danışıqlara başlamağı tələb edir – Türkiyə bu məsələlərdə israr edəcək;

Paralel.az

0.17045116424561