"Xalqı iyrəndirən" məmurlar

 

Qalib ARİF:
“Müşahidələr” silsiləsindən…
Deməli, mən şəhərdə az-az maşın sürürəm, həftədə bir, ya iki dəfə bizim köhnə arabaya əziyyət verirəm. Qonşular şahiddir, hətta dükana, bazara piyada gedib-gəlirəm. Əvvəla, benzin bahalaşıb, mənin cibimə görə deyil. Sonra, bir neçə ildir ki, işləmirəm, cibim kara gəlmir. Amma yeni çıxan super maşınlara azarkeşlik etməkdə davam edirəm. Baxmaq da pulanan deyil ki,.. Yeri gəlmişkən, bu maşınlar, Azərbaycan Prezidenti demiş, “xalqı iyrəndirən” məmurların xalqdan oğurladıqları pulları şəhər dairəsində, hətta mərkəzində ucalan 4-5 mərtəbəli super villalarından daha yaxşı göstərir…
Super avtomobillərə keçməzdən əvvəl deyim ki, bunlar hamısı son bir neçə ildə istehsal olunan super krossoverlərdir, dünyanın bir çox şəhərlərində ümumiyətlə yoxdur. Təbii ki, mən qiyməti 100 min evro (+-) olan “Mersedes CL…”, “BMW X5, X6”, “Porsche Gayenne”, “Audi Q7, Q8”, “Volvo XS 90” və s. kimi “adi” krossoverlərdən danışmaq istəmirəm. Bunlar Bakının küçələrində qara qarğalardan çoxdur. Söhbət “ağ qarğalar”dan - qiyməti 200 min yevrodan başlayıb 2 milyon yevroya qalxan super krossoverlərdən gedir. Bakıda həftədə bir dəfə maşın sürən mən bu krossoverlərə dəfələrlə rast gəlmişəm, nomrələri də qiyməti 50-100 min civarında olan (99-999 və s.) Bakı nömrələridir. Beləliklə…
1. BMW X7 krossover……......200 min yevro
2. YAGUAR krossover……….200-300 min yevro
3. MAZERATTI crossover…...300-500 min yevro
4. BENTLI crossover…………1 milyon evro
5. LAMBORGINI crossover….2 milyon yevro
Deyilənə görə, Amerikada bu maşınları başına “dollar yağan” Hollivud aktyorları, Avropada isə, milyonlar qazanan idman ulduzları sürür. Hətta İlon Mask, Cef Bezos, Bill Geys kimi məşhur milyarderlər bu maşınları almır, pullarına qənaət edir. Amma Azərbaycanda Vasif Talıbov, Ziya Məmmədov, Hacıbala Abutalıbov və s. kimi iri miqyaslı məmurların övladlarının bu super krossoverlərdən ibarət kolleksiyaları var və Bakının küçələrində şütüyür. Yuxarıda dediyim kimi, bu avtomobillər hamısı Bakı nömrəlidir. Yəni, rəsmi sahibi də, xalqı soyan, “iyrəndirən” məmur dədəsi də bəllidir. Təbii ki, nömrələr məndə də var, amma ağrımayan başıma dəsmal bağlamaq istəmirəm. Mən dükan-bazara piyada gedib-gəlirəm…
Paralel.az

0.014052152633667