"Cavid Qurbanov qohumlarna yazdıģı əmək haqqı ilə 2 komanda saxlamaq olar"- İntizar Məmmədova
“Express Baku” voleybol klubunun direktoru, ömrünün 44 ilini ölkədə voleybolun inkişafına həsr etmiş təcrübəli mütəxəssis İntizar Məmmədova ona qarşı haqsızlıqdan şikayət edir.
İ.Məmmədova afn.az-a da göndərdiyi şikayət məktubunda yazır: “Mən 1978-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının voleybol üzrə məşqçilik fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 20 il ölkəmizin ali məktəblərinin birində Bədən tərbiyəsi və idman kafedrasında baş müəllim, 2001-2010-cu illərdə “Azərneft” voleybol klubunda təlimatçı kimi çalışmışam. 2011-2014-cü illərdə Azərbaycanın kişilərdən ibarət voleybol üzrə millisinə rəhbərlik etmişəm. 2014-cü ildə “Express Baku” voleybol klubunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevin göstərişi ilə yaratmışam və klubun direktoruyam. İstedadlı gənclərin voleybola cəlb olunmasında zəhmətim az olmayıb.
2022-2023-cü il Voleybol çempionatı 15 dekabr 2022-ci ildə start götürüb. Rəhbərlik etdiyim “Express Baku” voleybol klubu artıq 8-9 ildir ki, Azərbaycan çempionatında çıxış edir. Klubun tərkibində daim gənc və perspektivli oyunçular olub. 2022-ci ilin iyul ayında Azərbaycan Voleybol Federasiyasında (AVF) keçirilən iclasda “Express Baku” VK-nun növbəti oyun mövsümündə iştirak etməyəcəyi kiminsə tərəfindən səsləndirilib. Əlbəttə ki, mən həmin iclasa dəvət olunmamışdım və onların bu qərarını başqa insanlardan eşitdim. Voleybol rəsmilərinin bu qərarının əsl motivi mənə gün kimi aydın idi – onların başlıca məqsədi, “Express Baku” voleybol klubunu yenidən dağıtmaq (bu artıq sayca dördüncü təxribat idi) və oyunçuları “oğurlamaq”.
2022-ci ilin avqust-sentyabr ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qəbul otağında qəbula yazılmağıma baxmayaraq, Cavid Qurbanov nə məni qəbul etdi, nə də qulaq asdı. Mən bununla əlaqədar olaraq, dörd ay müddətində dəfələrlə Federasiyada oldum, vitse-prezident Faiq Qarayevlə, baş katib Fərid Xəlilovla görüşdüm. Lakin mənə yalnız bir söz deyilirdi: pul yoxdur. Onların sözlərinə görə, Cavid müəllim deyib ki, o, ancaq iki klubu – “Azərreyl” və “Murov” klublarını və Federasiyanı saxlamaq imkanındadır. Yerdə qalan digər klublara isə onun pul ayırmaq fikri yoxdur. Federasiyadan mənə belə dedilər ki, mənim klubum bu mövsüm Birinci Liqada oynasın. Bilirsiniz niyə? Çünki Birinci Liqaya ümumiyyətlə pul ayrılmır”.
İntizar Məmmədova oyunçuların “oğurlanması” məsələsinə də aydınlıq gətirərək vurğulayıb ki, hələ keçən il mövsümündə klubları Superliqa oyunlarında çıxış edərkən, bütün digər klubların məşqçləri klubunun oyunçularını böyük maraqla izləyirdilər: “Ümumiyyətlə həmişə belə olub Azərbaycan çempionatının istər Birinci Liqa, istərsə də Superliqa yarışlarında iştirak edərkən, klubumuzun 15-16 nəfər oyunçusu meydançada görünürdü və bu, hər kəsdə təəccüb və maraq yaradırdı ki, İntizar xanım bu qədər oyunçunu hardan tapa bilib? Keçən mövsüm Superliqa yarışları başa çatdıqdan sonra klubun 2 nəfər oyunçusu – Əliyev Rəşad və Mustafayev Ələsgər millinin heyətinə dəvət olundular və bir müddət Milli yığmanın tərkibində təlim-məşq toplanışında iştirak etdilər. Hal-hazırda həmin oyunçular və bundan əlavə daha 3 nəfər oyunçu mənimlə heç bir söhbət aparılmadan və mənə məlumat verilmədən “Neftçi” voleybol klubuna aparıldılar. Həmin 5 oyunçudan iki nəfərinin boyu 200 sm-dir. Azərbaycan voleybolunda belə ucaboylu neçə oyunçu var? Daha bir oyunçum isə, “Xarıbülbül” klubuna mənim razılığım olmadan getdi. Mən məsələ ilə əlaqədar, dəfələrlə Neftçi İdman Sağlamlıq Mərkəzinin rəhbəri Sadıq Sadıqova müraciət etdim və oyunçuların bu şəkildə getməsinə öz etirazımı bildirdim. Ən azından oyunçunun bir klubdan digər kluba keçməsi reqlament ilə nizamlanır. Əlbəttə ki, sözügedən hadisələrin bu cür qeyri-qanuni şəklidə cərəyan etməsində AVF-nın da böyük günahı var. Çünki onlar öz yazdıqları və qəbul etdikləri reqlamentə hörmət etmirlər. Bu oyunçu oğurluğu deyilsə, bəs nədir?”
İntizar Məmmədova klubuna qarşı qərəzli mövqe sərgiləndiyini diqqətə çatdırır: “Mən uzun illər bu oyunçularla işləmişəm. Hətta əmək haqqı almadığım dövrlərdə belə, mən həmin oyunçuları klubda saxlamağı bacarmışdım. 8 il iştirak etdiyim çempionatda, klubumuza ayrılan vəsait çox cüzi olub və bu ancaq 3-4 mövsümü əhatə edib. Təsəvvür edin ki, mənə ayrılan vəsait 2019-2020-ci il oyun mövsümündə cəmi 4 000 AZN olub. İndi mən Cavid Qurbanovdan soruşuram: Azərbaycanda hansı komandalı idman növündə 4 000 AZN-ə klub maliyyələşdirirlər? Xahiş edirəm, Cavid Qurbanov mənim bu sualımı cavablandırsın.
Hal-hazırda AVF-da vəzifə tutan rəhbər işçilərin və klub rəhbərlərinin əmək haqqları 5 000 AZN təşkil edir. Yeganə klub rəhbəri mənəm ki, mütəxəssis və Azərbaycanın Əməkdar Məşqçisi olmağıma rəğmən, məni düz 9 aydır ki, əmək haqqından məhrum ediblər. “Azərreyl” VK-nun prezidenti Dağıstan Hüseynov, “Murov” VK-nun prezidenti Zaur Musayev, “Abşeron” VK-nun prezidenti İlkin Qasımov, həmçinin federasiyanın 70 yaşlı vitse-prezidenti Əbülfəz Hüseynov, adlarını çəkmək belə istəmədiyim şəxslər Cavid Qurbanovun qohum-əqrəbası, yaxın adamlarıdırlar və Azərbaycan voleyboluna heç bir aidiyyatı olmayan insanlardır. Bu insanların əksəriyyəti banklardan, restoranlardan Voleybol Federasiyasına təşrif buyuraraq, Federasiyada yüksək əmək haqqı alırlar. Buradan da bu qənaətə gəlmək olur ki, Cavid Qurbanov AVF-nı maliyyələşdirmək adı altında, sadəcə, öz qohum-əqrəbasını saxlayır.
Təkcə yuxarıda qeyd etdiyim şəxslərin əmək haqqlarını bir yerə toplasaq, bu pullarla 3 klubu maliyyələşdirmək olar”.