Qarabağ qazisindən Nizami polisinin quldurluqla taladığı əmlakı kim qaytaracaq?
Qarabağ qazisindən Nizami polisinin quldurluqla taladığı əmlakı kim qaytaracaq ?
Yaxud daxili işlər nazirinə üçüncü publik müraciət
Sayğılı daxili işlər naziri!
Sayla birbaşa özünüzə media üzərindən üçüncü yol üz tuturam. Atalar üçdən deyiblər, görək 4 aydır evimə Nizami polisinin , 24-cü Polis Şöbəsinin quldur hücumu sonucunda taladığı əmlakın – oğluma məxsus həyat yoldaşımın dərs keçdiyi kompüterin qaytarılması gerçəkləşəcək? Dörd aydır hər gün, hər iki – üç gündən bir 102 – qaynar telefon xətti , online elektron müraciət xidmətindən yararlanıb “çörək ağacımız” kompüterin yiyələrinə verilməsini diləyib – tələb etsəm də, hələ də Bakının Nizami rayon polisinin quldurluqla yiyələndiyi əmlaka yiyələnə bilmirik. Öz halal əmlakımızdan “quldurluq dələduzluğu” ilə məhrum olunmuşuq. Dırnaq işarəsindən yararlanmağım boşuna deyil. QULDURLUQLA TALANAN ƏMLAKLA DƏLƏDUZLUQLA TALANAN ƏMLAK CİNAYƏTLƏRİNİN HÜQUQİ TÖVSİFİ AYRIDIR. Bu ayrıntını sahə müvəkkili (Elçin İslamov) bilməsə də, istintaq şöbəsi (müstəntiq Qalib Kərimli ) bilməmiş olmaz. Əmlakı qəbz vermədən qoltuğuna vurub aparanlar elə müstəntiq Qalib Kərimli, sahə müvəkkili Elçin İslamov və daha üç nəfər “protokol qaydasında axtarış” polisi” olub. Ha axtarıram, hələ də Cinayət Prosessual Məcəlləsində belə axtarış metodunu tapa bilməmişəm, bəlkə “Polis haqqında” qanundan “çıxa”? 40 maddədən ibarət olan bu qanundan da “çıxan” odur ki, MƏHKƏMƏNİN QƏRARI ... OLMADAN mənzil toxunulmazlığı hüququnu MƏQSƏDƏUYĞUNLUQ , MÜVƏQQƏTİ ZƏRURİLİK və ya digər mülahizələrlə MƏHDUDLAŞDIRMAQ QADAĞANDIR . (Maddə 24,lll hissə). Bəs niyə mənim evimdə, özümü işgəncə kamerasında yaralı durumda saxlayıb, “protokol qaydasında axtarış” aparıblar , hələ üstəlik kompüteri və digər qiymətli əşyaları da götürüblər ? Niyə bu qanunsuzluğa hüquqi qiymət verilmir? Sözügedən qanunun 24.Vl maddəsi MƏNZİL TOXUNULMAZLIĞI HÜQUQUNU POZAN POLİS ƏMƏKDAŞININ AZƏRBAYCAN RESPUBLİKASININ QANUNVERİCİLİYİ İLƏ müəyyənləşdirilmiş MƏSULİYYƏT daşıdığını doğrulayır.
Bakı şəhər Baş Polis İdarəsinin təşkilat inspektor idarəsi (Bəkir Sarıyev) oğurluq- quldurluq faktının məhkəmə qərarı ilə legitimləşdiyini 28.09.2022-ci ildə imzalayıb 05.10.2022-ci ildə göndərdiyi məktubla bildirdiyindən və mənzildəkilərə məcburi verilməli məhkəmə qərarının verilmədiyindən, Nizami məhkəməsinə sorğu verdim. 40 gündən sonra -14.10.2022-ci ildə Nigar Qədirlinin adından tərtib olunmuş bu axtarışı legitim edən qərardan apellyasiya şikayətimə də 3 aydır nəinki baxılır, əksinə, gizlədilir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasından 40 gün qabaq (0125262626 nömrəsindən ) zəng edib, işin onların icraatında olduğunu, amma Nizami məhkəməsindən hələ göndərilmədiyini (?) vurğulayan məhkəmə işçisinə yenidən şikayətimi elektron qaydada göndərsəm də, hələ də məhkəmə qaydasında mənzil və azadlıq hüququmuzun pozulmasına hüquqi qiymət verilməsinə nail ola bilmirəm.
30 milyonluq ailəsinin adına olan əmlakını məhkəmə qaydasında geri qaytaran Akif Çovdarovda olan güc, hüquq, vəkil -müdafiəçi təminatı mənə tanınmır axı ! Odur ki, məhkəmə qərarı olmadan evimdən oğurlanan mənə aid olmayan şəxsi kompüterin qaytarılmasını nazirdən diləməyim anlaşılandır. Polisin cinayətini prokuror, ombudsman, məhkəmə ört-basdır edirsə, əmlakımızı kimdən geri alaq? Hələ onu demirəm ki, Prezident Administrasiyasının qəbul mərkəzində qəbul olunmağıma da qadağa qoyulub. Konstitusiya ilə təminat verilən qəbul hüququna qadağanın bu ildə qüvvədə olacağı Prezident köməkçisi, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun yeni ilin ilk iş günündə olacaq qəbuluna yola saldığımız ilin son iş günündə yazmaqdan imtinadan bəlli edir.
1-ci dərəcəli Qarabağ əlilinin, DİN-in zabit pensiyaçısının işgəncəyə uğradılmasına “sübut” kimi götürülən noutbukun – “çörək ağacı”nın polisin girovluğundan götürülməsi DİN-in 1-ci şəxsindən asılıdır. Bəs niyə 4 aydır halal malımız girovdan qurtulmur? Yoxsa, “girov əmlak” satılıb? Necə , hansı hərracda? İlkin və son hərrac qiyməti? İstənilən halda, noutbukun qaytarılmasının təmin edilməsi güc orqanının başçısına çətin olmaz. Bu da kor gözlüyü(m) deyil ki, 7 ildir Nizami polisi ilə prokurorluğu arasında it-bata düşsün! ?
Sayğılı nazir, ailəmin oğurlanmış “çörək ağacı”nın – noutbukun geri qaytarılmasını təmin etməyinizi diləyirəm. Bizim çörəyimiz işgəncədən, oğurluqdan çıxmır, dərsdən - müəllimlikdən çıxır. Dərs vəsaitini qaytarın və polisi quldurlardan təmizləyin!
Məğrur Bədəlsoy
Paralel.az