Ata - qazi, oğul qazi, azadlıq qaziləri niyə qazamatda?

Ata - qazi, oğul qazi, azadlıq qaziləri niyə qazamatda?
 


“Azadlıq aclığı”na qoşulmaq haqqında dövlət orqanlarına başvuru
Hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin şər məhkəməsinin şərləməsi sonucunda azadlığından 50 günlük məhrum edilməsinə etiraz olaraq aksiya keçirilməsində , QARABAĞ QAZİSİ , QAZİ ATASI Tofiq Yaqublunun o aksiyada iştirak etmək çabasında qanunsuz nəsə varsa, Konstitusiya qənimi olsun! Azərbaycan Respublikası Konstitusiyasının -ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanunun 49-cu maddəsinə görə, hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə , ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc silahsız yığışmaq , yığıncaqlar , mitinqlər , nümayişlər, küçə yürüşləri keçirmək , piketlər düzəltmək hüququ vardır. Dekabrın 23-də Bəxtiyar bəyin qanunsuz həbsinə etiraz olaraq aksiya keçirilməsi haqqında müvafiq dövlət orqanları qabaqcadan xəbərdar edildiyindən, aksiyanın qanunsuzluğundan söz gedə bilməz. Aksiyanın keçirilməsinə razılıq verilməməsi onun qanunsuzluğunu yox, dövlət orqanlarının özlərinin qanunsuzluğunu, Konstitusiyaya hörmətsizliklərini ortaya qoyur. Ana Qanunun 71-ci maddəsinin II hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

 Bəs niyə dövlət (orqanları) ali məqsədini – vətəndaşların hüquq və azadlıqlarını təmin etməyi yox , hüquqa və azadlığa qəsd etmək yolunu tutub? Polis hansı qanunla, hansı Konstitusiya ilə “icazəsiz” adı ilə aksiya iştirakçılarına zor tətbiq edir? Həmin 71-ci Konstitusiya maddəsinin V hissəsi –“BU KONSTİTUSİYANIN HEÇ BİR MÜDDƏASI İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARININ VƏ AZADLIQLARININ LƏĞVİNƏ YÖNƏLDİLMİŞ MÜDDƏA KİMİ TƏFSİR EDİLƏ BİLMƏZ” - bəs niyə “polis dəyənəyi ilə ləğv edilir”? 71.Vlll maddəyə - “HEÇ KƏS TÖRƏDİLDİYİ ZAMAN HÜQUQ POZUNTUSU SAYILMAYAN ƏMƏLƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIR” – bəs niyə məhkəmə (toplaşmaq azadlığı hüququna ) hökm oxuyur ? 

Tofiq Yaqublunun polisin qanuni tələbinə əməl etməməsi nə ilə sübut olunur? Bəyəm icazəli- icazəsiz toplaşma meydanına gəlmək hüquq pozuntusudur? Bəyəm hüquqa qadağa qoymaq qanuni tələbdir? 71-ci Ana Qanun maddəsinin IX hissəsinə görə, HƏR KƏS QANUNLA QADAĞAN OLUNMAYAN HƏRƏKƏTLƏRİ EDƏ BİLƏR VƏ HEÇ KƏS QANUNLA NƏZƏRDƏ TUTULMAYAN HƏRƏKƏTLƏRİ ETMƏYƏ MƏCBUR EDİLƏ BİLMƏZ. Bəs niyə dövlət orqanları – məhkəmə , polis qanunla qadağan olunmayan hərəkətləri edən vətəndaşları qanunda nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur etməyə məcbur edir və bu məcburetməni “polisin qanuni tələbi” sayıb , vətəndaşı, qazi atası qazini qazamata məhkum edir? Belə hüquqla yalnız Avropa İnsan Hüquqları Məhkəməsinə kimi getmək olar. 

Bəs hökumətin “qeyri -hökumət” qazi – veteran qurumları hara baxır , niyə susur? ATA - QAZİ, OĞUL - QAZİ, YAQUBLU AİLƏSİ NƏ QƏDƏR QAZAMATDA QALACAQ? Bəs qazilər “baş tacımız” idi? Qanunsuzluğa etiraz olaraq “AZADLIQ ACLIĞI”na qoşuluram.
Məğrur Bədəlsoy

Paralel.az

0.041530847549438