“Uğraş-uğraş danışma,  çürəgini ye!”

“Uğraş-uğraş danışma,  çürəgini ye!”
 


Qılıq betdər əz günah

Bu əhvalatı rəhmətlik Vaqif Səmədoğlu danışmışdı və yadıma mediamızın xoşqılıq, sevimli bir həpəndinin qələtini “hamarlamaq” cəhdi saldı.
Yəqin ki, aktyor İsmayıl Dağıstanlının ən azı adını eşitmisiniz. “Səbuhi” filmində Axundov, “Sovet pəhlivanı”nda Sovet ittifaqı qəhrəmanı İsrafil Məmmədovun obrazlarını yaradıb. Azdramada Lenin rolunu ona tapşırırdılar və buna görə SSRİ xalq artisti olmuşdu.
Məxləs, İsmayıl Dağıstanlı bir gün Dağıstana gedir. Orda aktyoru ova aparırlar. Lenin obrazının yaradıcısı olan o boyda aktyoru “obkom”, yəni SovİKP-nin vilayət komitəsinin birinci katibi - Dağıstanın rəhbəri şəxsən müşayiət edir. Sovet dönəmində elitanın əsas əyləncəsi ova çıxmaq idi, ceyran, dağ keçisi, ayı vurub stres atırdılar.
Ovun qızğın vaxtında İsmayıl müəllim ləzgi çobanın qoyun itini ovlayır. Çobanın itini vurdun, özünü vurdun, fərq etməz. Ləzgi xəncərini çəkib cumur aktyorun üstünə. Araya girib çobanı birtəhər sakitləşdirirlər, üstəlik, “obkom” onun boynuna bir kabab qonaqlığı qoyur.
Yemək-içmək gəlir. İsmayıl Dağıstanlı görür ki, çoban hələ də ona qəzəbli-qəzəbli baxır. Aktyor çobanın qılığına girir: “Çoban qardaş, bilirsən mən kiməm? Mən bu dağların o tayından, Zaqataladanam, teatrda əziz Lenin babamızı canlandırıram...”
Köpəyini itirmiş ləzgi çoban İsmayıl Dağıstanlıya tərs-tərs baxır: “Uğraş-uğraş danışma, çürəgini ye!”

Qəzənfər Həmidoğlu

Paralel.az

0.033430099487305