Cəmiyyətin acı həqiqəti
Qalib ARİF:
“Qısa hekayələr” silsiləsindən
XIX – XX əsrin, Qərblə Şərqin qovşağında qədim bir neft şəhəri vardı. Bu şəhərdə də Əsəd adlı varlı-karlı bir kişi yaşayırdı. O vaxtlar hələ alverçi sözü dəbdə deyildi və alıb-verənlərə tacir deyilirdi. Əsədin atası adi bir hamamçı olmuşdu, oğluna şəhər kənarında 30-40 sot torpaqdan və içində kasıb bir komadan başqa bir şey qoymamışdı. Əsəd evin böyüyü idi, özündən kiçik 3 qardaşı vardı. Şəhərdə neft bumu başlayanda, neftli torpaqlar bahalaşanda atasının torpağını qızıl qiymətinə satmışdı, hər qardaşına bir ev almışdı. Pulun yarısını da əlində maya saxlamışdı...
Əsədin şəhərdə 20-30 ərzaq maqazası vardı, getdikcə artırdı. Onun bir adəti vardı, şəhərdə yaxşı yerdə ərzaq mağazası olan həmkarlarına yaxınlaşırdı, dəyərindən 2-3 dəfə az pul təklif edirdi. Sahibi təbii ki, xeyirlə işləyən mağazanı satmaq istəmirdi, Əsəd də təkid etmirdi. Mağazanın yaxınlığında kasıb bir evi kirayə edirdi, burda müvəqqəti alver təşkil edirdi. Ərzağı qonşu mağazadan 2-3 dəfə ucuz verirdi. 1-2 ayın içində qonşu tamam müflis olurdu və mağazanı Əsədə su qiymətinə verirdi. Təbii ki, razılaşmayan həmkarları də meydana çıxırdı, amma onların yolu şəhər xəstəxanasına kimi gedib çıxırdı. Axı, Əsədin 3 qardaşı vardı...
Əsəd “pul bir yerdə durmamalıdır, işləməlidir” deyirdi, əlində yığılan pulu sələmlə verirdi. Sələmi rəsmiləşdirmişdi, şəhərin yaxşı yerində bir ev almış, yerində bank açmışdı. Pulu 25-30 faiz sələnlə verirdi. Təbii ki, şəhərdə pulu aşağı faizlə vermək istəyənlər də vardı. Amma onların ya bankı bağlanırdı, ya da yolları şəhər xəstəxanasına kimi gedib çıxırdı. Axı, Əsəd rəqabəti sevən deyildi. O, sələmlə pul verməyi “zəli ilə müalicə etmək” hesab edirdi. Adamlar xəstələnir, sən də xeyirxahlıq edirsən, onları zəli ilə müalicə edirsən. Zəli əvvəl çirkli qanı sorur, sonra qusur. Sən təmizləyirsən, yəni sələmdən gələn pullara ərzaq alırsan, satırsan. “Pul isə bir yerdə durmamalıdır, işləməlidir”. Burda nə günah var ki, savab işdir...
Əsəd yalnız inhisarçı, sələmçi deyildi, həm də xeyriyyəçi idi. Şəhərin kənarında bir neçə böyük həyət almışdı. Birində pulsuz xəstəxana, o birində yeməkxana, üçüncüsündə isə qış karvansarası açdırmışdı. Yaz-yay aylarında karvansara da yeməkxana kimi işləyirdi. Yaşından və millətindən asılı olmayaraq, imkansızlar, evsizlər, yiyəsizlər bu müəssisələrin xidmətindən il boyu faydalana bilərdilər. Şəhərin imkanlı adamları da bu müəssisələsrə ianə verir, kömək edirdilər. Kömək etməyənlər Əsədin xəstəxanasında pulsuz müalicə oluna bilərdilər. Xeyriyyəçiliyinə görə şəhərin rəhbərliyi də, kasıb əhalisi də Əsədin başına and içirdi. Onu hətta rəsmi olaraq, bütün vergilərdən də azad etmişdilər. Təzəlikcə Həcc ziyarətinə gedib-gəlmişdi. Şəhər camaatı ona hörmətlə “Hacı” deyirdi, “ağsaqqal” hesab edirdi...
Hacı isə artıq deptat olmaq istəyirdi...
Paralel.az