Qadın ürəyi...
Qalib ARİF:
“Qısa hekayələr” silsiləsindən
Aynur gözəl idi, lap gözəl idi. “Getmə gözümdən, gedərəm özümdən”... Orta məktəbi bir neçə ildi bitirmişdi, amma ali məktəbə girə bilməmişdi. “Kənddə müəllimlər pis idi, anası evdə onu çox işlədirdi, atasının rayonda müəllim tutmağa pulu yox idi”... Bir sözlə, Aynurdan başqa hamı günahkar idi. Doğrudur, kənddə-kəsəkdə istəyəni çox idi, ayda bir elçi gəlirdi. Hətta rayondan alagöz gözələ müştəri düşənlər var idi. Amma Aynur kəndçi olmaq, kənddə qalmaq istəmirdi... Hardansa oxumuşdu ki, gözəllik xoşbəxtlik üçün verilmiş kreditdir...
Bakıda xalası yaşayırdı. Aynur ona çox oxşayırdı, elə bil bir alma idi... Hələ məktəbdə oxuyanda, tətillərdə xalasıgilə gedirdi, gəlmək istəmirdi. Xalasının qızı yox idi, Aynur xalasının qızı olmaq istəyirdi... Hara getsə “Notebook”u qoltuğunda idi, İnstaqramdan çıxa bilmirdi. Atası hələ məktəbdə oxuyanda ona kompyuter almışdı, başını bəlaya salmışdı. Aynur kənddə olanda, evdən bayıra çıxmırdı, bütün günü kompyuterin qabağındaydı. Anasının çığıtrısına, atasının bağırtısına da baxmırdı. Evdə özündən 2 yaş balaca bacısı – Aynurə vardı, ev işlərinə o, baxırdı...
Günlərin bir günü Aynur xalasıgilə getmək adı ilə Bakıya çıxdı və bir daha kəndə qayıtmadı. Xalasıgildə bir-iki gün qaldı və xəyallarının dalınca yollandı. Xəyal Bayılda, özündən kiçik həyəti olan kiçik bir evdə kirayədə qalırdı. Aynurla instaqramda tanış olmuşdu, danışmışdılar, razılaşmışdılr. Aynur gələndən və gətirdiklərini xərcləyəndən sonra Xəyal ona öz planlarını açmışdı: “Ev çox əlverişli yerdə yerləşir, həyətdən bayıra meyvə-tərəvəz mağazası çıxarmaq və babat dolanmaq olar. Amma babat pul lazımdır, görək hardan tapırıq”. Aynur kənddən bacısı Aynurəni də gətirmək istədiyini Xəyala, amma qorxa-qorxa demişdi. Onun təəccübünə rəğmən Xəyal nəinki etiraz etmişdi, elə bil sevinmişdi, “gəlsin” demişdi...
Aynurə gələndən sonra Xəyal öz sirrini Aynura açmışdı: “Şəhərdə özəl klinikaların biri ilə danışmışam, böyrəyimin birini satmalıyam. Babat pul verirlər. Meyvə-tərəvəz mağazası açmaq, içini malla doldurmaq, hətta ilk vaxtlar dolanmaq da olacaq”. Aynur əvvəl ağlamışdı. razılaşmamışdı. Amma qadın ürəyi zərif olur, sonra razılaşmışdı. Xəyal bir-iki gün özəl klinikaya gedib-gələndən sonra pərt qayıtmışdı, “bir yaxşı, bir də pis xəbər var” demişdi... Aynurəni evdə qoyub həyətə çıxmışdılar...
Xəyal yaxşını pisə qatmışdı: “Yaxşı xəbər odur ki, böyrəyə babat pul verirlər. Pis xəbər odur ki, kişi böyrəyi istəmirlər, qadın böyrəyi istəyirlər. Nə qədər yalvardım, qəbul etmirlər”. Xəyal burda dayanmışdı, gözləri yaşarmışdı, Aynur da ona qoşulmuşdu. Bu zaman Aynurə də evdən çıxmışdı, sirri açmalı olmuşdular. Bir yerdə xeyli ağlamışdılar, ürəklərini boşaltmışdılar. Bu qərara gəlmişdilər ki, Xəyalın yerinə Aynur getsin, böyrəyini versin, Aynurə də onun yanında qalsın. Amma bu sirri qızların kənddəki valideyinlərindən gizlətmişdilər, hətta şəhərdəki xalasına da deməmişdilər.
Aynur klinikadan gələndən bir-iki gün sonra Xəyal bacıları başına yığmış, hər şeyi danışmışdı. “Bir böyrəyə verilən pulla biz ancaq maqazin aça, icranın, polisin pulunu verə bilərik. Mal almağa, maqazini doldurmağa, vergini, bələdiyyəni yola salmağa bir o qədər də pul lazımdır. Amma bu oğraşlar yenə kişi böyrəyi istəmirlər, qadın böyrəyi tələb edirlər. Nə qədər yalvardım, qəbul etmirlər...” Aynur iki ayağını bir başmağa dirəmişdi, qəti etiraz etmişdi. Amma bu dəfə də Aynurə sinəsini irəli vermişdi, “mən gedərəm” demişdi...
Aynurla Aynurə klinikada olanda Xəyal onlara baş çəkməmişdi. Kirayə pulunu da verməmişdi, əvəzində evə əməlli bir “süpürgə” çəkmişdi. Bacılar klinikadan yarımcan, boş evə qayıdanda isə, izi-tozu da tamam itmişdi... Bacılar da özlərini itirmişdilər, amma özü yıxılan ağlamaz deyirlər...
Dostlar, elə bilirsiz, Aynur bu faciədən dərs aldı, bacısını da yanına salıb kəndə qayıtdı?! Bizim qarabağlılar demiş, buralarda olun... Aynur indi Yasamalda məşhur falçıdır, qızların, qadınların bəxtini açır. Bacısını da yanında köməkçi saxlayır. Siz də tanıyırsız, mən sadəcə olaraq, adlarını dəyişmişəm...
(Ardı olacaq...)
Paralel.az