Azərbaycan Diaspor quruculuğu
Siyasi-tarixi təhlil
Hazırda diasporun dövlətin dayağı olması bir aksiomdur. Dünya təcrübəsi də bunu sübut edir, yəhudi, yunan və və erməni diasporlarının fəaliyyəti də təsdiq edir. Bu diasporlar, faktiki olaraq, dövlət xaricində bir dövlət yaradıblar və öz dövlətlərinə dayaq olurlar. Dünya da öyrənmək, öyrətmək dünyasıdır...
Azərbaycan da böyük potensialı olan diaspora malikdir - dünya azərbaycanlılarının yalnız beşdən biri Azərbaycanda yaşayır. Vətəndən xaricdə yaşayan azərbaycanlıların (İran, Rusiya, Gürcüstan və s. ölkələrdə tarixi vətənlərində yaşayan azərbaycanlılar diaspor hesab olunmur) sayı milyonlarla ölçüldüyü kimi, onların sərmayəsi də milyardlarla ölçülür. Bu həm iqtisadi, həm də siyasi cəhətdən böyük qüvvədir. Bu qüvvəni cəmləşdirmək, Azərbaycan Respublikası ətrafında birləşdirmək olarsa, dağı dağ üstə qoymaq, necə deyərlər, dünyanı məhvərindən oynatmaq olar.
Ümummilli lideri Heydər Əliyev 1991-ci ildə, hələ Naxçıvanda işlərkən dekabr ayının 31-ni Dünya azərbaycanlılarının Həmrəylik günü elan etmişdi və diqqəti bu məsələyə yönəltmişdi...
Diasporun yaradılması
Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, güclü diasporun yaradılması istiqamətində dövlət səviyyəsində əsaslı işlər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan və Azərbaycan Prezidenti seçildikdən sonra başladı. Prezident xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və güclü diaspora çevrilməsi məsələsini Azərbaycanın xarici siyasətində yeni bir istiqamət kimi dəyərləndirdi. Xarici ölkələrə səfərlərində Azərbaycan diasporu ilə görüşməyi, görüşlərdə çıxış etməyi, soydaşlarımızı eşitməyi bir ənənəyə çevirdi. (Bu tarixi həm də Azərbaycan diasporunun inkişafı tarixində I mərhələnin başlanğıcı hesab etmək olar). O, bu barədə deyirdi: «Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir-biri ilə daha sıx əlaqələr qurması, öz həmrəyliyini bəyan etməsi və müstəqil Azərbaycan dövləti ilə əlaqələr yaratması tarixin bu mərhələsində çox əhəmiyyətli bir vəzifə kimi meydana çıxır».
Diaspor hərfi mənada «dağılma», «səpələnmə» demək olsa da, hər millətin, xalqın vətəndən ayrılması, dünyaya səpələnməsi diaspor yaratmır. Məsələn, dünyaya ən çox səpələnən xalqlar çinlilər və ərəblərdir, amma dünyanın heç bir yerində ərəb, ya da çin diasporu yoxdur. Diasporun meydana gəlməsi, yaranması üçün birinci əsas şərt vətəndən kənarda yaşayanların vətənə bağlı olmasıdır, vətənin problemləri ilə yaşamasıdır.
Prezident Heydər Əliyev də bu mühüm amilə böyük əhəmiyyət verirdi və 1997-ci ildə ABŞ-da yaşayan azərbaycanlılarla görüşündə çıxışına bu sözlərlə başlamışdı: «Mən on il Moskvada yaşamışam, Sovetlər İttifaqının rəhbərlərindən biri olmuşam və bu rəhbərliyin imkan verdiyi ən yüksək şəraitdə yaşamışam. Bir an da Azərbaycanı unutmamışam, ürəyim daim Azərbaycanla vurub. Sonra qayıtmışam Azərbaycana, Naxçıvanda bir daxmada yaşamışam. Gecəm də Azərbaycan olub, gündüzüm də. Çünki bu, mənim Azərbaycanımdır, mənim Vətənimdir». Azərbaycan Prezidenti soydaşlarımıza Amerika Prezidenti Kennedinin sözləri ilə müraciət edir, deyirdi siz düşünməyin ki, Azərbaycan sizin üçün nə edib, düşünün ki, siz Azərbaycan üçün nə etmisiz. Onda Azərbaycan diasporu da irəli gedər, Azərbaycan dövləti də inkişaf edər.
Amma Azərbaycanı düşünmək, Azərbaycanla yaşamaq isə ilk nəzərdən göründüyü kimi sadə məsələ deyil, bunun üçün ideya lazımdır, mənəvi və maddi əsas lazımdır.
Mənəvi və maddi əsas
Dünya azərbaycanlılarının Azərbaycana bağlanması, Azərbaycanla yaşaması üçün mənəvi əsas ola biləcək bir ideya var - bu, Azərbaycançılıqdır. Heydər Əliyev deyirdi ki, Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərə inteqrasiyasına nail olmaq deməkdir. Biz dünyaya inteqrasiya ediriksə, təbii ki, bizim mənəvi dəyərlərimiz də ümumbəşəri dəyərlərə inteqrasiya etməlidir. Deməli, insan hansı ölkədə yaşamasından asılı olmayaraq, öz milliyini, milli mənsubiyyətini qoruyub saxlamağı bacarmalıdır. Prezident Heydər Əliyev Dünya azərbaycanlılarının I qurultayındakı çıxışında bunu tövsiyə edirdi: «İnsanlar - mən azərbaycanlılar haqqında danışıram - gərək yaşadıqları ölkədə o şəraiti mənimsəyərək orada özləri üçün yaxşı mövqe tutsunlar. Ancaq öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır».
Azərbaycan diasporunun yaranması, birləşməsi üçün mənəvi əsas-azərbaycançılıq ideyası vacib olduğu kimi, bu ideyanın yaşaması, inkişaf etməsi üçün maddi əsas - aparıcı qurum lazımdır. Tarix boyu dövlətçiliyi olmayan, amma yaşayan və inkişaf edən yəhudi və erməni diasporları üçün belə bir qurum rolunu, məlum olduğu kimi, kilsə (məbəd) oynamışdır. Xaricdə yaşayan türklərin birləşməsində, güclü türk diasporunun (məsələn, Almaniyada olduğu kimi) yaranmasında aparıcı rol isə Türkiyə dövlətinə məxsusdur. Qeyd etmək lazımdır ki, diasporun yəhudi və türk modellərinin yaranması fərqli olduğu kimi, missiyası da fərqlidir. Yəhudi diasporu müstəqil İsrail dövlətinin yaranmasında maddi və mənəvi əsas rolu oynamışdır, faktiki olaraq, bu dövləti yaratmışdır. Türkiyə dövləti isə xaricdə, əsasən Avropada yaşayan türklərin təşkilatlanmasına dəstək vermiş, güclü türk diasporunun yaranmasına nail olmuşdur (hazırda Amerikada yaşayan türklərin təşkilatlanması və erməni diasporuna qarşı duracaq səviyyəyə çatması istiqamətində iş gedir). Odur ki, yəhudi diasporu İsraili dəstəklədiyi kimi (bu dəstək əsasında ABŞ İsrailə ildə iki milyard dollardan çox yardım ayırır), Türkiyə də türk diasporunu dəstəkləyir.
Azərbaycanda isə tarixi, sosial-siyasi şərait elə gətirib ki, Azərbaycan dövləti gənc olduğu, yenicə qurulduğu kimi, Azərbaycan diasporu da gəncdir, yenicə təşkilatlanır. Yəhudi və türk diasporlarından fərqli olaraq, Azərbaycan dövləti - Azərbaycan diasporu münasibətləri qarşılıqlı kömək, qarşılıqlı dəstək əsasında qurulmalıdır. Məsələn, Azərbaycan dövləti diasporun təşkilatlanmasında mühüm rol oynadığı kimi, diaspor da Azərbaycanın problemlərinin həllində beynəlxalq aləmdə mühüm rol oynaya bilər.