Zəngəzur mahalı, Qubadlı rayonunun Diləli kəndi -FOTO
Diləli Müskanlı (Aşağı Müskanlı) kəndi Bərgüşad çayının sahilində, dağətəyi ərazidə yerləşir. Qubadlı rayonu ərazisindəki iki Müskanlı kəndini fərqləndirmək üçün biri Diləli Müskanlı (Aşağı Müskanlı), o biri Teymur Müskanlı (Yuxarı Müskanlı) adlandırılmışdır.
Bu toponimin mənası "Diləli kəndinin yaxınlığındakı Müskənli kəndi" deməkdir. Bir çox tədqiqatçılar toponimin tərkibindəki diləli komponentini kürd mənşəli deləli tayfasının adı ilə izah edirlər. Müskən sözü isə yerli əhalinin yozumu ilə "mis olan yer" kimi izah olunur.
Orta əsrlərdə indiki Özbəkistan ərazisində Müskan adlı şəhər və əyalət olmuşdur. Güman ki, XIII əsrdə monqol işğalları və Teymurun yürüşləri zamanı
Müskan əhalisinin bir qismi Azərbaycana köçərək burada məskunlaşmışdır.
Müskənli sözü "Müskandan olanlar", "müskənlilər" mənasını daşıyır.
Toponimləri: Narlı dərə, Burunlu güney, Narlı pir, Şirin pir, Kəklik bulağı, Dəlik daş, Oyuq yal, Narlı bulaq, Dağdağan dərəsi, Zamanın kahası, Böyük navlar, Sarılıq, Qaravun dərə, Qara qaya, Orta dərə, Qaravun, Qarağaclıq bulağı, Kaha dərə, Küllü təpə, Sarılıq, Qazan dərəsi, Şor dərə, Qatır yoxuşu, Diləli dərəsi, Arpa çuxuru, Kalba Mehdi novu, Məşədi İsmayıl dərəsi, Barmaqlar, Oyğun yalı, Nərgiz qəbiristanlığı, Salavat təpə.
Kalba Mehdi novu Diləli Müskanlı kəndində olan qədim su novudur.
Küllü təpə Diləli Müskanlı kəndindədir. Təpənin vulkanik kül rəngli torpaq süxurları ilə örtüldüyünə görə yaranan oronimdir. Həm də sifət bildirən “boz” ifadəsi ilə bağlıdır. Rayon ərazisində sifət bildirən oronimlər çoxluq təşkil edir.
Diləli Müskanlı kəndi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilərək tamamilə dağıdılmışdır.
2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.