Bir Milad yazışması

Bir Milad yazışması
 


Ukraynalı həkim dostum var.
Ujqorodda yaşayır.
Bu sabah yazdı ki, dünən bayram axşamı üçün sadə bir bayram yeməyi yapdım, yeyə bilmədim, eləcə dadına baxdım, elektirk də yox idi…
 
Ürəyim sızladı.
Müharibə, itkilər, xarabaya çevrilmiş şəhər və kəndlər – ukraynalıların bu ilki Miladları belədir. Bunları düşünərkən birdən ağlıma gəldi ki, axı dostum Miladı katolik və protestantlar kimi 25 dekabrda deyil, pravoslavlar kimi 7 yanvarda qeyd edirdi hər zaman.
Təəccübləndim.
 
“Nədir bu dəyişikliyin səbəbi?” deyə yazdım.
“Bilirsənmi, bu il ukraynalıların 60%-i Milad bayramını bütün dünya kimi 25 dekabrda qeyd edir. İnsanlar artıq hər şeyi anlayır. Biz gələcəyimizi hər sahədə fərqli quracağıq”, – cavab verdi…
 
Dəhşətdir, görün Kreml necə nifrət yaratdı ki, artıq dini bayramlarını belə ayırır Ukrayna. Xalq ən müqəddəs bayramını ruslarla bir gündə – 7 yanvarda qeyd eləmək istəmir. Bir işğal düşünün ki, xalqın beynində, düşüncəsində necə fırtınalar qaldırdı ki, etiqadlarında da təftişə gedir. Dəhşətdir…
 
“Milad Bayramın mübarək, əziz dost. Sənə və xalqına Qələbə arzulayıram. Həm də çox böyük Qələbə” yazaraq sağollaşdım.
 
Günorta internetdə qarşıma bir xəbər çıxdı:
“Ukrayna Pravoslav və Ukrayna Yunan Katolik Kilsələri yeni kilsə təqviminə keçmək üçün işçi qrupu yaratmaq haqda qərar qəbul etdilər”…
 
İdbar quruluş, cəllad rəhbərlər hər şeyi istədikləri kimi dəyişib, sarsaq paranoyalarına uyğunlaşdırıblar. Faşizm üzərində Qələbəni bütün Dünya 8 mayda, sovetlər isə 9 mayda qeyd edirdi, bütün Xristian aləmi Milad Bayramını 25 dekabrda idrak edir, ruslar isə 7 yanvarda. Halbuki Oktyabr çevrilişinə qədər Rusiyada da Milad bayramının 25 dekabrda qeyd olunurmuş. Stalin xalqı dindən soyutmaq məqsədilə 1929-dan etibarən Noeli 7 yanvar tarixinə çəkmişdi…
 
Ukraynanın Milad Bayramı mübarək olsun!
 İbrahim Nəbioğlu

Paralel.az

0.025129079818726