“Yaşıl hidrogen”- gələcəyin enerji mənbəyi
Qalib ARİF:
“Qısa qeydlər” silsiləsindən
Məlum olduğu kimi, bu yaxınlarda (17 dekabr) Rumıniyada Azərbaycan, Gürcüstan və Rumıniya hökumətləri arasında “Yaşıl enerji”nin inkişafı və ötürülməsi haqqında” strateji əməkdaşlıq müqaviləsi imzalanmışdır. Mütəxəssislər bu müqaviləni hətta “Əsrin neft müqaviləsi” ilə müqayisə edirlər.
Doğrudur, müqavilənin tam reallaşması hardasa 30-cu illərə təsadüf edəcək. Bunun üçün Azərbaycanda başlayan, Gürcüstandan Qara dənizin altından keçməklə Rumıniyaya qədər uzanacaq, 2.5 milyard dollara başa gələcək, 10 GB gücündə super əlektro-kabel çəkilməlidir. Amma “Əsrin müqaviləsi” də keçən əsrin sonlarında, 90-ların ortalarında bağlanmışdı və dəyəri bundan 2 dəfə artıqdı. BTC kəməri isə, 10 il sonra, 2000-lərin ortalarında istifadəyə verilmişdi. Azərbaycan qazını Avropaya çatdıracaq qaz müqaviləsi də 2010-ların ortalarında bağlanmışdı, tam reallaşması isə 2025-ci ildə gözlənilir.
Biz isə baxaq görək, “yaşıl enerji” nə olan şeydir?! Obrazlı desək, “yaşıl enerji” layihəsi benzin “kolonkalar” ını elektrik “rozetkalar”ı ilə əvəz etməyi nəzərdə tutur. İzah etsək, benzin “kolonkalar” ı karbo-hidrogen yanacağı əsasında işləyir, elektrik “rozetkalar”ı isə “yaşıl enerji” ilə işləyəcək. Axırıncı, bildiyimiz kimi, qat-qat ucuzdur və ətraf mühiti korlamır. Sadə dillə desək, karbo-hidrogen yananda karbon qazı, hidrogen yananda isə su buxarı alınır.
Bəli, bəli, “yaşıl enerji” layihəsinin əsasında hidrogen qazı durur. Hidrogen qazı da neftdən, qazdan və hətta benzindən qat-qat enerji tutumludur və qat-qat da ucuzdur, ətraf mühitə də heç bir ziyan vurmur. Burdan da “yaşıl hidrogen” ifadəsi meydana çıxır. Hidrogen qazı suyun sadə elektrolizindən (oksigen və hidrogen qazına parçalanmasından) alınır. Elektroliz prosesi təbii ki, enerji tələb edir və ilkin mənbə kimi də külək (aşağıdakı şəkil) və günəş stansiyalarının enerjisindən istifadə ediləcəkdir. Günəşsiz və küləksiz günlərdə isə, stansiya özü-özünü “yaşıl enerji” ilə təmin edəcəkdir.
Məlum olduğu kimi, bərpa olunan enerjinin mənbələri Azərbaycanda boldur, Qobustan rayonunda artıq külək və günəş stansiyaları qurulmasına başlamışdır. Şübhəsiz ki, sözü gedən “Yaşıl enerji”nin inkişafı və ötürülməsi haqqında” strateji əməkdaşlıq müqaviləsinin reallaşması ilə bu proses daha da geniş vüsət alacaqdır.
Paralel.az