Ermənistan Rusiya hərbi kontingentindən təzyiq vasitəsi kimi istifadə edir

Ermənistan Rusiya hərbi kontingentindən təzyiq vasitəsi kimi istifadə edir
 

Gürcü politoloqu: Ermənistan Rusiya hərbi kontingentindən təzyiq vasitəsi kimi istifadə edir.
      Qarabağda Ermənistanın təxribatı yenidən davam edir. Ermənistanın Azərbaycana verdiyi mina xəritələrinin doğruluq göstəricisinin olduqca az olması erməni millətçilərinin məqsədyönlü şəkildə törətdiyi təxribatların yeni mərhələdə davam etməsi deməkdir. Minalanmış ərazilərin təmizlənməsi külli miqdarda vəsaitin və vaxtın sərf olunmasına gətirib çıxarır ki, bütün bunlar da böyük qayıdış prosesini ləngidir. Minaların təmizlənməsi zamanı hərbçilər minaya düşərək həlak olurlar. Belə bir halda dünya ictimaiyyəti susmamalı, əksinə kütləvi şəkildə öz etirazını dilə gətirərək Ermənistana qarşı təzyiqləri artırmalıdır.
      Ermənistanın təxribatına dair digər bir məqam isə Qarabağda yerləşdirilən rusiyalı “sülhməramlılar”ın heç də sülh tərəfdarı kimi davranmamalarıdır. “Sülhməramlılar”ın Qarabağa təyin olunduqları müddət ərzində regionda ciddi pozuntu halları müşahidə olunub ki, bu da bir növ erməni vandalizminin sübutudur. Çünki insanlıqdan kənar olan bu cür davranışlar yalnız erməni vandalizminə xas ola bilər. Həqiqət onu göstərdi ki, Qarabağdakı “sülhməramlılar” əslində erməni revanşistlərinə onların istədikləri şəraiti yaradırlar. Azərbaycanlı mütəxəssislərin Qızılbulaq və Dəmirli mədənlərinə “sülhmərmalılar” tərəfindən buraxılmaması açıq-aşkar Ermənistanın Azərbaycanın təbii sərvətlərini ələ keçirmək üçün atdığı düşünülmüş addımdan xəbər verir. Belə olduğu halda isə Azərbaycan ictimaiyyəti bu haqsızlığa göz yummayaraq öz etirazını aksiyalarla bildirməyə davam edir. Laçın-Şuşa yolundakı aksiyada iştirak edən Azərbaycan könüllüləri ilə yanaşı, ekoloqların, qeyri-hökumət təşkilatlarından olan nümayəndələrin və jurnalistlərin də onlarla bir amal uğrunda birləşməsi Ermənistana Azərbaycanın dəmir yumruğunun yenidən yerində olması mesajını verir.
     Erməni mətbuatı keçirilən aksiya ilə bağlı feyk xəbərlər və məlumatlar paylaşaraq guya Azərbaycanın aksiya keçirilən zonada yolu bağlamasını qeyd edir ki, bu da açıq-aşkar dezinformasiyadır. Aksiya iştirakçıları sadəcə hazırkı vəziyyətdən xəbərdar olmaq üçün Azərbaycanın təbii sərvətləri sırasında yer alan - Qızılbulaq qızıl mədən yatağına və Dəmirli mis-molibden yatağına daxil olmaq istəyirlər. Ermənistan isə həmişə olduğu kimi bu dəfə də Azərbaycana qarşı təxribatlar törədərək feyk xəbərlərlə böhtanlar yağdırmağa davam edir.

Qeyd etmək lazımdır ki, Qarabağdakı “sülhməramlılar”ın davranışları tanınmış ekspertlərin diqqətindən də kənarda qalmır və onlar məsələ ilə bağlı öz fikirlərini caliber.az informasiya agentliyinə bildiriblər. Rusiyalı ekspert Aleksandr Jukovskinin qənaətinə görə, rusiyalı “sülhməramlılar” qoyulan qaydalara, əldə olunan razılıqlara məhəl qoymayaraq vəziyyəti çətinləşdirirlər ki, bu da Rusiya tərəfindən kortəbii davranış təəssüratını yaradır. A.Jukovski, mərkəzin baxışlarının və siyasətinin qeyri-müəyyən olduğunu və onların bunu başa düşmədiyini qeyd edib. Gürcü politoloqu Gela Vasadzenin qənaətinə görə, Rusiya hərbi kontingentinin Azərbaycanda erməni əhalisinin yaşadığı ərazilərə nəzarət etməsi, hərbi kontingentin Bakı üzərində təzyiq vasitəsi kimi saxlamaq üçün düşünülmüş ümumi planın bir elementidir. “Biz gördüklərimizi görürük. Fərqli ola bilərmi? Əgər kimsə Volkovun müstəqil fiqur ola biləcəyi təəssüratına malikdirsə, o, dərindən səhv edir”, - deyə G.Vasadze bildirib [1].
      Qazaxıstanlı politoloq Nurlan Munbayevin qənaətinə görə, Qarabağdakı Rusiya “sülhməramlılar”ının erməni separatçılarına qarşı laqeydliyi, o cümlədən Qazaxıstan cəmiyyətində ciddi narahatlıq doğurur və bu, Rusiyanın regionda sülhməramlı qüvvələrinin birbaşa vəzifə və funksiyalarının pozulmasından başqa bir şey deyildir. N.Munbayevin sözlərinə görə, Rusiya “sülhməramlılar”ının hərəkətləri istər-istəməz təəccüblənməyə vadar edir. “Rusiyanın siyasi qruplarının ambisiyalarına son qoymaq və ona başqa bir dövlətin daxili işlərinə qarışmamaq prinsiplərini xatırlatmaq lazımdır. Müvafiq olaraq, Azərbaycan ərazisində olan bütün sərvətlər ölkənin xalqına və gələcək nəslinə məxsusdur. Mümkündür ki, Rusiya sülhməramlılarının Azərbaycan yataqlarında qoyduğu maneələr strateji xarakter daşıyır və çox güman ki, bunun arxasında başqa dövlətin hərbi-iqtisadi maraqları dayanır”, - deyə N.Munbayev bildirib.
      Sonda belə bir nəticəyə gələrək hesab edirik ki, Rusiya hərbi kontingenti danışıqlar zamanı əldə olunan razılıqlara əməl etməli, Rusiya hərbi kontingentinin köməyindən öz məkrli məqsədi üçün istifadə edən Ermənistan isə Azərbaycanın təbii sərvətlərini talan etmək niyyətindən əl çəkməlidir. Xatırlatmaq istəyirik ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən qalib çıxan ölkədir və bu müharibənin məntiqi yekunu olaraq Azərbaycanla Rusiya və Ermənistanın arasında “üçtərəfli bəyanat” imzalandı. Azərbaycan öz hüquqlarını yaxşı bilir. Ermənistan isə hələ də Rusiya hərbi kontingentinin köməyindən istifadə edərək qaydaları pozmağa davam edir.

Kamal Salayev
AMEA Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin kiçik elmi işçisi

Paralel.az

0.012460947036743