Azərbaycan elmi daha bir professoru itirdi

Azərbaycan elmi daha bir professoru itirdi
 

Fərrux Rüstəmov:

Filologiya elmləri doktoru, professor, Əməkdar müəllim Vilayət Hüseyn oğlu Əliyev ömrünün 84-cü ilində haqq dünyasına qovuşmuşdur. Allah rəhmət eləsin.
                                    ***
Vilayət Əliyev 1938-ci il avqust ayının 23-də Şəki rayonunun Daşbulaq kəndində anadan olub. Ailələri Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisyan rayonundan 3 dəfə deportasiya olunub. 1950-ci ildə Şəki rayonunun Daşbulaq kənd yeddiillik məktəbini, 1955-ci ildə isə Şəki Pedaqoji Texnikumunu bitirib. 1955-1958 -ci illərdə Salyan rayonunun Noxudlu kənd səkkizillik məktəbində müəllim işləyib. 1958-1962-ci illərdə ADU-nun Filologiya fakültəsində təhsil alıb. Ali təhsil aldığı illərdə Bakının 99, 69, 189 №-li məktəblərində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib.
1962-ci ildə Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunun aspiranturasına daxil olub. “Müasir Azərbaycan və özbək dillərində feili sifətlər” mövzusunda tədqiqat aparmağa başlayıb. Mövzusu Azərbaycan və özbək dillərində feili sifətlərin müqayisəsi ilə bağlı olduğuna görə Özbəkistan Respublikasının Daşkənd şəhərinə ezam olunub, Nəvai adına Ədəbiyyat və Dilçilik İnstitutunun türkologiya ixtisası üzrə məqsədli aspirantı olub (1962-1965). Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunda kiçik elmi işçi (1965-1967), M.F.Axundov adına Dillər İnstitutunda müəllim və dosent (1967-1970), İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsində dosent (1971), Y.Məmmədəliyev adına Naxçıvan Pedaqoji Universitetində dosent (1972-1977), ADPU-nun Müasir Azərbaycan dili kafedrasında dosent (1977-1991) vəzifəsində çalışıb.
 1990-cı ildə “Azərbaycan dilində feilin təsriflənməyən formaları” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi alıb. 1991-ci ildə Müasir Azərbaycan dili kafedrasına professor vəzifəsinə seçilib. Elmi rəhbərliyi ilə 8 nəfər dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Elmi tədqiqatları Azərbaycan dilçiliyi və türkologiya ilə bağlıdır. 200-dən çox elmi məqalənin, “Azərbaycan dilin¬də feilin təsriflənməyən formaları” (1986), “Azərbaycan dilində feili bağlama” (1989), “Azərbaycan dilində feilin perifrastik formaları” (1989), “Toponimika” (1994), “Azərbaycan toponimiyası” (1999), “Heydər Əliyev və dil siyasəti” (2003), “Zəngəzurda qalan izimiz” (2004) kitablarının müəllifidir.
Azərbaycan EA-nın nəşr etdirdiyi 3 cildlik “Müasir Azərbaycan dili” əsərinin həmmüəlliflərindəndir. “Deportasiya”, “Kitabi-Dədə Qorqud” – 1300”, “Qədim Naxçıvan – 75”, “Urud”, “I Beynəlxalq Türkoloji qurultay – 75” və s. elmi-publisistik əsərlərin elmi redaktoru olub. 1997-ci ildən ADPU-da nəşr olunan “Pedaqoji Universitet Xəbərləri”nin redaktor müavinidir. 1999-cu ilin iyun ayında Türkiyədə keçirilən Türk dövlətləri və toplumlarının VII qurultayının nümayəndəsi olub. Azərbaycan Dövlət Dil Komissiyasının üzvü olub.
1997-2016-cı illərdə ADPU-nun elmi işlər üzrə prorektoru, AMEA-nın Dilçilik İnstitutunda fəaliyyət göstərən 10.02.01 ixtisas üzrə Dissertasiya Şurasının üzvü və həmsədri olub. 2016-2021-cı illərdə ADPU rektorunun müşaviri olub. 1992-ci ildən YAP-ın üzvü, 91 vətənpərvər ziyalıdan biri idi. YAP Siyasi Şurasının, YAP Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü idi.

26 dekabr 2006-cı ildə Əməkdar müəllim fəxri adına layiq görülüb. 12 dekabr 2022-ci ildə vəfat edib.

Paralel.az

0.011208057403564