Fəaliyyətini dayandırdıqdan sonra Microsoft rəsmiləri ilk dəfə Azərbaycanda

Fəaliyyətini dayandırdıqdan sonra Microsoft rəsmiləri ilk dəfə Azərbaycanda
 

 

Osman Gündüz:

"Microsoft Azərbaycan" ofisi fəaliyyətini dayandırandan sonra Microsoft rəsmiləri ilk dəfə Azərbaycana gəlib.
Microsoft şirkətinin təhsilin rəqəmsal transformasiyası üzrə baş meneceri Mark East, Mərkəzi və Şərqi Avropa ölkələrində təhsil üzrə nümayəndəsi Albena Spasova elm və təhsil naziri Emin Əmrullayevlə görüşüblər.
Görüş Elm və təhsil nazirliyi ilə Microsoft şirkəti arasında əməkdaşlığın davam etdirilməsi məqsədilə keçirilib.
Əldə etdiyim məlumatlara görə Nazirlik bu qlobal şirkətlə ciddi iş birliyi istiqamətində xeyli məsələləri müzakirə edib.
Görüşdə Microsoft texnologiyaları üzərində, bulud və süni intellekt texnologiyaları əsasında Azərbaycanın model təhsil müəssisələrinin qurulması, süni intellekt texnologiyasının təhsil sisteminə tətbiqi, təhsil üçün “ağıllı” proqram təminatlarının inkişafı üzrə dəstəyin göstərilməsi, eyni zamanda “Azure” bulud üzrə birgə təhsil proqramların hazırlanması, Nazirliyin Sabah.lab akselerasiya mərkəzi ilə əməkdaşlıq və s. müzakirə olunub.
Görüşdə ölkə təhsilinin rəqəmsal transformasiyasına dəstək məqsədilə Microsoft komandası tərəfindən Azərbaycanda “Təhsildə Rəqəmsal İnnovasiya Mərkəzinin” qurulması haqqında razılıq əldə edilib.
Görüşlə bağlı açıqlanan məlumatlardan belə qənaətə gəlmək olar ki, Microsoft təhsilin rəqəmsal transformasiyası sahəsində Azərbaycan Elm və Təhsil nazirliyini ciddi partnyor olaraq qəbul edir.
Düşünmək olar ki, Elm və təhsil nazirliyi ilə “Microsoft” şirkəti arasında əməkdaşlıq güclənəcək.
Görüşlə bağlı diqqət çəkən məqam odur ki, əvvəllər bu tip görüşlər "Microsoft Azərbaycan" nümayəndəliyi tərəfindən və ya qlobal nümayəndələrlə bərabər onların da iştirakı ilə keçirilirdi.
Hazırda isə "Microsoft Azərbaycan" nümayəndəliyinin bütün əməkdaşları işdən kənarlaşdırılıb və ofisin ölkə daxili fəaliyyəti dayandırılıb.

İndiki görüş formatından görünür ki, artıq Microsoft şirkəti Azərbaycanla işbirliyini özünün regional ofisləri vasitəsilə gerçəkləşdirəcək.
Düşünmək olar ki, "Microsoft Azərbaycan"ın ölkədaxili fəaliyyətinin dayandırılması ətrafında baş verən son qalmaqaldan sonra Microsoft rəsmilərinin tez bir zamanda ölkəmizə gəlişi də bu əməkdaşlığın başqa formatda davam etdirilməsi istəyidir. Hansı ki, bu əməkdaşlıq olduqca arzuolunandır.
İstənilən halda, son günlərdə baş verənlərdən sonra məhsuldar formada keçən görüş , düşünürəm ki, xeyli faydalı və əhəmiyyətlidir, ETN-nin bu istiqamətdə səyləri təqdirə layiqdir.
Yeri gəlmişkən , ölkəmizdə olan Microsoft rəsmilərinin digər qurumlarla, xüsusilə də RİNN ilə görüşü haqqında məlumata rast gəlməmişəm

Paralel.az

0.023394823074341