Bazarın avtoritar lideri
Qalib ARİF:
“Rusiya hekayələri” silsiləsindən
Yazılarımda da dəfələrlə qeyd etdiyim kimi, 90-cı illərdə mən bir müddət Rusiyanın Sverdlovsk vilayətində yaşamışam və işləmişəm. Həmin dövrdə Nijni Tagil şəhərində “Azəri” cəmiyyətinin vitse-prezidenti olmuşam. Mən hüquqi sənədləşmə işlərini aparırdım və əsasən ofisdə otururdum. Cəmiyyətin təşkilati işlərinə və maliyyə məsələlərinə bizim prezident özü baxırdı. Onunla hardasa tay-tuş idik və tezliklə dostlaşdıq. Müəyyən səbəblərdən adını çəkmək istəmirəm...
Onu da qeyd edim ki, biz ictimai əsaslarla işləyirdik, yəni “Azəri” cəmiyyətində işimizə, əziyyətimizə görə pul almırdıq. Mən Bakıda böyük bir ailə qoyub gəlmişdim, pensiya yaşında atam, anam vardı. Təbii ki, hardansa maliyyə mənbəyi tapmalı, ailəmi saxlamalı idim. Bu məsələdə bizim prezident mənə yaxından kömək etdi. O, şəhərdə, hətta vilayətdə tanınmış imkanlı iş adamlarından biri idi. Yazda Bakıdan qərənfil, Daşkənddən qızılgül, yayda gilas, pomidor, payızda Həştərxandan qarpız, Bakıdan nar, qışda İrandan tırla alma vururdu. Bazarda və şəhərin hər yanında meyvə-tərəvəz köşkləri vardı.
Mən bizim prezidentə müraciət etdim, meyvə-tərəvəz alveri etmək istədiyimi dedim. Adəti üzrə gülümsədi, sual etdi ki, sənin nə qədər pulun var? Dedim toplasam 3-4 min dollar olar. Dedi tutaq ki, bir o qədər də mən verdim, eləsin 6-7 min dollar. Amma bununla “yaş mal” alverinə girişmək olmaz. Təəccüblə baxdığımı görüb izah etdi ki, meyvə-tərəvəz “yaş mal”dır, xarab ola bilir. Elə ziyan edərsən ki, xeyrin bir yana, mənim borcumu da qaytara bilməzsən. Məsələn, bu yaz Tagilə pomidoru Daşkənddən birinci mən vurmuşam, hardasa 10 min dollar xeyrim olub. Amma Tagilə Daşkənddən pomidor vuran ikinci oğlan hardasa 20 min dollar ziyan edib, əlindəki nəğd pulun hamısını itirib. Yəni hər tərəfdən şəhər pomidorla dolub, alan olmayıb, mal batıb. Bakı pomidoru olan yerdə, Daşkənd pomidorunu kim alar?! Sən də “yaş mal”dansa pal-paltar alverinə girişsən yaxşı olar. Ən azı, çürümür, batmır...
Qərəz, kişinin ağıllı məsləhətinə qulaq asdım, onun mənə vəd etdiyi pulu aldım və pal-paltar bazarında bir-iki “toçka” açdım. Qeyd edim ki, o vaxtlar Nijni Tagil Mərkəzi bazarı iki hissədən ibarətdi. İçəridə qapalı hissədə meyvə-tərəvəz satılırdı, bayırda açıq havada bütün bazarı “mühasirəyə” alan pal-paltar bazarı vardı (aşağıdakı şəkil Tagil bazarının şəklidir, 90-cı illərə aiddir). Meyvə bazarında hərənin öz yeri vardı, pulunu verib almışdı. Pal-paltar bazarında isə qarışıqlıqdı, kim tez gəlsə, yer tutardı, malını elə yerə töküb satardı. Tez-tez yer üstündə dava da düşürdi. Amma pal-paltar bazarının ən böyük problemi reket problemi idi. Şəhərdə avtoritet kimi tanınan bir-iki “qoçu” vardı, öz adamlarını bazara yollayırdı, aylıq pulunu alırdı. Vermək istəməyənlər də (əsasən qafqazlılar) sərt cəzalanırdı.
Bazarın qadın direktoru da bir gedişlə bu problemləri, yəni yer və reket problemini həll etdi. Pal-paltar bazarında nəzarət sistemi təsis etdi və şəhərdə “Volçok” ləqəbi ilə tanınan Sergey Volkov adlı bir avtoriteti baş nəzarətçi təyin etdi. Qeyd edim ki, rusca “Volçok” sözünün iki mənası var, canavar balası deməkdir və türmədə nəzarətçinin kameraya baxması üçün qoyulan gözcüyə də “volçok” deyilir. Bilmirəm bu sözlərin hansı Sergey Volkovu daha çox xarakterizə edirdi, amma o, özünün quldur dəstəsini də başına aldı və qollarını çirməyib işə başladı.
Həmin dövrdə bazar əhli üçün mühüm olan iki hadisə baş verdi. Əvvəla, Volçokun gəlməsi ilə hər cür reketin ayağı Tağil bazarından kəsildi. Sonra, hər biri 1 metr enində 2 metr hündürlüyündə altı seksiyadan ibarət olan yüzlərlə metallik konstruksiyalar bazarın həyətinə gətirildi (aşağıdakı şəkildə damları görünür). Bu konstruksiyalar pal-paltar bazarın bütün dairəsi boyu düzüldü və hər bir seksiyası min dollara (hər ay hardasa 200 dollar da kirə haqqı ödəmək şərti ilə) satılmağa başladı. Beləliklə, bazarda sabitliyin əsası qoyuldu və əmin-amanlıq bərqərar olundu. Sənəd dili ilə desək, vergidən yayınan bütün pullar “bir pəncərə”də yığılmağa başladı. Yaxşı yadımdadır, metallik seksiyaların satıldığı dövrdə bazarın direktoru da, Volçok da təzə QAZ 31-i təzə Mitsubişi Pajero ilə əvəzlədilər.
Mənim təbii ki, pal-paltar bazarında seksiya almağa imkanım yox idi. Amma bir-ikisini kirayəlıdim, satıcı qızlar tapdım və sözün əsl mənasında, bizneslə məşğul olmağa başladım. Bazarın boş olduğu 1 – 3-cü günlər Moskvaya gedirdim, nisbətən ucuz qiymətə cins şalvar, kurtka, idman formaları və ayaqqabıları alıb gətirirdim, bazarda satıcı qızlara təhvil verirdim. Qalan vaxtlarımı da bizim “Azəri” cəmiyyətinin ofisində keçirirdim. Bazarda “saxlama kameraları” vardı, satıcı qızlar qalan malları bu kameralara təhvil verirdilər, mənə xəbər verirdilər. Mən də səhər evdən gətirib bazarda satılan malların yerini doldururdum. İndi özümə də qəribə gəlir ki, heç bir hesab kitabım, qeydiyyatım yox idi. Cavan vaxtlarımdan fenomenal yaddaşım vardı, satılan, qalan – bütün mallar yadımda qalırdı. Hətta bir kurtka, ya şalvar çatmayanda bilirdim…
Bazara həftədə bir neçə dəfə gəlsəm də, bəzi məqamlar diqqətimi cəlb edirdi. Volçok pal-paltar bazarını sözün əsl mənasında, aftoritar lider kimi idarə edirdi. Bazar bütün günü onun özünün seçdiyi və yerləşdirdiyi uşaqların nəzarətində idi. Onlar bazarı gəzirdilər və nəzarət edirdilər ki, bazar əhli bir “müftə qəpiyi” də mənimsəyə bilməsin. Məsələn, ara günləri bazar boş olduğundan seksiya sahiblərinin əksəriyyəti gəlmirdi, bizim azəri və erməni uşaqları da (gürcülər, əsasən, mənzil oğurluğu ilə məşğul idilər) bu yerləri həvəslə tuturdular. Volçokun uşaqları da onların “qulağından” tuturdular və yer haqqını (hardasa 10 dollar) zorla alırdılar. Və yaxud da, kim 1 metr arxaya, irəli çıxıb, kim yuxarıdan nə isə asıb, artıqlaması ilə pulunu alırdılar. Verməyənin, sözün əsl mənasında, atasını yandırırdılar... Qəribədir ki, bizim azərilərin birinin də səsi çıxmırdı, qulaqlarını sallayıb baxırdılar. Bazar sanki, Valçokun dədəsinin torpağı idi, bizə kirayə vermişdi...
Həftədə bir dəfə, adətən bazar günləri Valçok “sağdışını” da, “soldışını” da götürüb şəxsən bazarı gəzirdi. O vaxtlar hələ əl telefonu çıxmamışdı, amma radio-telefonlar vardı. Bir qayda olaraq, Valçokun əlində bu telefondan olurdu. Gəzirdi, baxırdı, tanışları ilə mehribanlıqla salamlaşırdı. Mən diqqət etmişdim ki, Valçokun tanışlarına onun qoçuları da hörmət edirlər, ən azı, kobudluq etmirlər. Valçokun “sağdışı” və “soldışını” isə dayanmadan yazırdı, çalışırdılar ki, onun dediyi bir mənalı söz də yerə düşüb itməsin. Düşünürəm ki, Valçok bu cür gəzintiləri öz qoçularının onu aldatmadığını, pul atmadığını yoxlamaq üçün həyata keçirirdi. Yazılı qeydlər də bunu sübut etmək üçün edilirdi. Bir qayda olaraq, bazar gəzintilərindən sonra çox başlar gedirdi, bazara nəzarət edən uşaqlar hər ay dəyişilirdi. Maraqlıdır ki, Volçok öz uşaqlarının hər cür alçaqlığını (əyyaşlıq, arvadbazlıq, xuliqanlıq və s.), bazar adamları ilə dava salmasını bağışlayırdı, hətta onları milsdən qurtarırdı. Amma onların onu aldatmağını, pul atmağını bağışlamırdı, sərt cəzalandırırdı...
Paralel.az