Xorvatiya Argentina ilə üz-üzə gələcək

Xorvatiya Argentina ilə üz-üzə gələcək
 

Bu gün dünya çempionatında yarımfinal mərhələsinin ilk görüşü keçiriləcək. “Paralel.az” xəbər verir ki, son mundialın finalçısı Xorvatiya Argentina ilə üz-üzə gələcək.

Bu görüş həm də komandaların liderləri Luka Modriç və Lionel Messi arasında duel kimi də müzakirə edilib. 37 yaşlı xorvatla 35 yaşlı argentinalının mübarizəsi səbrsizliklə gözlənilir.

Yaşa dolduqca gözəl oyun sərgiləyib hər kəsi təəccübləndirən Modriçin komandanın lideri kimi finala gedən yoldakı vacib matçda da təcrübəsini ortaya qoyacağı gözlənilir. Madrid “Real”ının əsas futbolçusunun kapitanlığı altında Xorvatiya millisinin yenə sadəcə döyüşkən ruhu ilə finala adlaya biləcəyi ehtimalları yüksəkdir. Əksəriyyət isə Messinin liderliyi altında Argentinanı açıq-aşkar cütün favoriti, hətta mundialın qalibi görür.

2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında penaltilər seriyası ilə ad çıxarıb finala qədər gələn avropalıların bu mundialda da yarımfinala qədərki yolu “lotoreyalar” sayəsində müəyyən olunub. Onların Argentina ilə matçı da penaltilər seriyasına qədər aparmaq niyyətinin olduğu da verilən proqnozlar arasındadır.

Güclü komandalarla oyunda intizamlı müdafiəsi ilə diqqət çəkən və qapıçılarının xüsusi oyunu ilə ad çıxaran Zlatko Daliçin yetirmələri eyni ssenari ilə davam edəcək.

Komandalar arasında statistikaya gəlincə, onlar indiyə qədər 5 dəfə üz-üzə gəliblər. Bunlardan 3-ü yoldaşlıq, 2-si rəsmi oyundur. Xorvatiya və Argentina bundan öncə 2 dəfə mundiallarda qarşılaşıblar. Bu matçların 1-də Argentina, digərində isə Xorvatiya qalib gəlib. Yoldaşlıq matçlarında da qələblərin sayı bərabərdir. Bir oyunda isə heç-heçə qeydə alınıb.

Argentina rəsmi görüşlərdə Xorvatiya üzərində qələbəsini 24 il öncə Fransada keçirilən mundialda qazanıb. 1998-ci ildə dünya çempionatının qrup mərhələsində baş tutan matçda cənubi amerikalılar 1:0 hesablı qalibiyyətə sevinib. Yeganə qolu 37-ci dəqiqədə Hektor Pineda vurub.

Bundan öncəki mundialda isə Xorvatlar Argentinanı darmadağın edib. Rusiyada keçirilən çempionatda avropalılar rəqibini 3:0 hesablı məğlubiyyətə uğradıb. Bu görüş də qrup mərhələsi çərçivəsində keçirilib. Qolları isə Ante Rebiç, Luka Modriç və İvan Rakitiç vurub.

0.010915040969849