"Saxta sədaqətiniz öz başınızda çatlayacaq"! - İdris Abbasov

 

İdris Abbasov:

Akademiya İsa Həbibbəylinin rəhbərliyində uçuruma yuvarlanır.

Qurumda Ramiz Mehdiyev xətti Həbibbəylisayağı uğurla davam etdirilir. Sözün əsl mənasında Heydər Əliyev ideallarına, dövlətçiliyə sadiq olanların, şəbəkəyə boyun əyməyənlərin başını sığallayıb qəbrini qazırlar.

Diqqəti əsas hədəfdən yayındırmaq məqsədilə ortalığa elm mövzusu atılır, əməlli-başlı manipulyasiya edilir, halbuki qurumun elmi təyinatlı olması akademşəbəkənin ucbatından sırf formal xarakter daşıyır.
Məhv etdiyiniz elmi qoyun bir kənara, ey alim-üləmalar! Bəyəm, mənəvi tənəzzülün dominantlıq etdiyi qurumda elm olur? Nə elm, elm salmısınız? Hanı var? Elmin əvəzində müəyyən işbazlara qara pullar qazandıran imitasiya var, vəssalam!

Guya siz, alim-üləmalar bilmirsiniz ki, o boyda yeyintilərinizin müqabilində elm duruş gətirə bilməz?! Aldatdığınız yetər artıq!
Ya ölkə rəhbərinin siyasətinə dəstək verin, ya da əl çəkin sarmaşıq kimi sarıldığınız dövlətin elm qurumlarından, yəni ya həqiqətləri deyin, saxtakarlıqlarınızı, yeyintilərinizi, rüşvətlərinizi etiraf edin, tutduğunuz əyri yoldan əl çəkin, ya da min dona girib milləti və dövləti rəncidə etməyin!

Musiqi mərkəzlərinin sədaları altında, ictimaiyyəti aldadan saxta əsərlərin müşayiəti ilə duru yerdən dövlətdən 500, 600, 700, lap belə 1000 manat müftə maaş alıb 200-300 minlik mülklərə, mənzillərə, maşınlara sahib olmağın, üstəlik, dövləti alimlərə baxmamaqda ittiham edib minnət qoymağın əxlaqi mənası nədir, görəsən?

Rahat elm qurumlarında buğlanan işbaz, yalançı və məddah alimin ütülü təriflərinə, yaltaqlıqlarına indi hansı sarsaq inanar?!
Onu da bilin ki, ağır maddi-sosial vəziyyətə tablaşıb həqiqəti söyləyənləri sonadək təqib edə bilməyəcəksiniz!

Akademiya institutları Ramiz Mehdiyevin şəxsi müəssisələri deyildir ki, kimlərəsə ərməğan edib getsin, ya da İsa Həbibbəyli direktorlarla əl-ələ verib öz xəttini yürütsün?! Bu gün Dilçilik İnstitutunda bir daha ənənəvi müstəqbih mənzərənin şahidi oldum. Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı başqa çıxış edənlərlə yanaşı, mən də çıxış edib ürək sözlərimi dedim, ümummilli liderin Azərbaycan tarixindəki rolundan, bu gün onun siyasətini davam etdirən Prezident İlham Əliyevin apardığı islahatlardan, antikorrupsiya və antirüşvət əməliyyatlarından bəhs etdim.

Tədbir barəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə institutdan xəbər mətni göndərilib və dərc olunub. İlahi! Həqiqəti söyləyən, nöqsanları daim dilə gətirən və sözün əsl mənasında ömrünü dövləti üçün fəda edən, kasıb həyat tərzi sürən bir şəxsə qarşı akademşəbəkənin kin və qısqanclığına bir baxın!

Məndən əvvəl və məndən sonra çıxış edənlərin adları xəbər mətnində öz əksini tapdığı halda, adım mətnə daxil edilməyib. Bunu şəxsimə qarşı növbəti sui-qəsd hesab edirəm.

Halbuki Mehdiyevin və Həbibbəylinin komandasına daxil olanların, haqqa və həqiqətə nifrət edənlərin adları qabardılır və təbliğ edilir.
Bu repressiv davranışları dövlətə xidmət, ölkə başçısına sədaqət saymaq olarmı?!

Nooldu, Nadir müəllim? Bəs haqqın tərəfi olacağınızı deyirdiniz?! Nəticədə Ramiz Mehdiyevin, İsa Həbibbəylinin, vaxtilə dövlət əmlakına ziyan vurub saxta və plagiat əsərlərin çapına rəvac verənlərin tərəfi oldunuz? Alim şlyapasını başına keçirib min bir əda ilə qaz vurub qazan dolduranlarla, nüfuz sahibinə çevrilib xalqa və dövlətə kələk gələnlərlə bağrıbadaş olmaq, onların ziyanverici əməllərinə etiraz etməmək haqqın tərəfi olmaq deməkdirmi?!

Görəsən, institutda və ümumilikdə akademiyada mənə qarşı olan qısqanclıq və təqiblərə son qoyulacaqmı? Bu işin təşkilatçıları cəzalarına çatdırılacaqmı? Sözdə özlərini ümummilli lider Heydər Əliyevə sadiq göstərib, fəqət, onun ideallarına əsl sadiq olanların adlarının belə, rəsmi dövlət saytında getməsinə bağırları yarılanlara nə ad vermək olar?!

Bilmirəm, bu xəttin adı Ramiz xəttidir, Əli xəttidir, İsa xəttidir, ya nə xəttidir, amma bir şeyi bilirəm ki, ölkəni dağıtmaq, parçalamaq, süni narazılıqlar yaratmaq, şəbəkəni möhkəmlətmək və revanş almaq üçün düşünülmüş çox strateji bir xəttdir.

Belə bir xəttin aparıcı olduğu akademiyanı və ona bənzər elmi imitasiya qurumlarını bəsləməyin özü bir təhlükədir!
Ey adını alim, akademik qoyub dövlət müəssisələrini zəbt edənlər! Bilin ki, Heydər Əliyev ideallarına sədaqət tərif deyib, əyri yollarla pul qazanmaq, dövlət büdcəsindən ayırmaları mənimsəmək, özünü, əhli-əyalını titullandırmaq, vəzifələrə yerləşdirmək, xalqın qanı bahasına varlanmaq və övladlarını varlandırmaq deyil!

Tərif deyib bülbül kimi ötməyinizin, saxta sədaqətinizin bir gün öz başınızda çatlayacağına əmin olun!

Paralel.az

0.066023111343384