Ermənilər nə istəyir?!

Ermənilər nə istəyir?!
 

Qalib ARİF:

“Qısa qeydlər” silsiləsindən
Əvvəl ondan başlayaq ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasını sülhün əsas prioriteti hesab edir.

Ermənistan isə (onlar Meqri dəhlizi deyir) hər vəchlə qarşısını almaq istəyir. Bəli, bu barədə razılaşma 2020-ci ilin üçtərəfli atəşkəs bəyanatında olsa da, rəsmi Yerevan buna qarşıdır və hər cəhdlə ləngitməyə çalışır.

Doğrudur, erməni baş naziri Nikol Paşinyan sözündən qaça bilmir, amma müxalifəti irəli verir. Bu məsələdə erməni müxalifəti ilə hakimiyyətin sözü birdir, Zəngəzur dəhlizinə münasibət eynidir. Müxalifət qırğılarından biri, əski erməni prezidentinin təhlükəsizlik məsələləri üzrə əski müşaviri Vladimir Poqosyan Meqri dəhlizini iqtisadi yox, siyasi layihə hesab edir və qəti olaraq, “Ermənistanın məhvinə yönəlmişdir” deyir...

Qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizinə geosiyasi münasibət də fərqlidir və faktiki olaraq, bir-birini inkar edir. Yaxın İran, uzaq Fransa və Hindistan Ermənistanın yanındadır və birmənalı olaraq, layihənin gerçəkləşməsinə qarşıdır. İran tərəfi, hətta bu layihəni Ermənistanın ərazi bütövlüyünə təcavüz hesab edir və özünün “qırmızı xətti” kimi dəyərləndirir.

Qardaş Türkiyə və rusməramlı Rusiya isə Zəngəzur dəhlizi məsələsində Azərbaycanın tərəfindədir, hər ikisi bu dəhlizi iqtisadi tərəqqi layihəsi hesab edir. Rusiyalı və türkiyəli ekspertlər layihənin Ermənistan, hətta İran və Hindistan üçün sərfəli olacağını və Avropaya yol açacağını deyir.

Rəsmi Yerevan artıq Ermənistanın ərazisi ilə keçəcək və Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin Ermənistana iqtisadi cəhətdən sərfəli olmadığını elan edir və Bakıya alternativ layihə təklif edir. Yaxşı, ermənilər nə istəyir? Nə qədər gülməli və hətta ağlamalı olsa da, ermənilər Azərbaycanın öz hesabına Ermənistanın bütün ərazisini dəmir yolu ilə əhatə etməsini istəyir.

Bəli, bəli, erməni tərəfi Naxçıvandan Yerevana dəmir yolunun çəkilməsini, sonra şərqə doğru irəliləməsini, Dilicandan və İcevandan keçməklə Ağstafa xəttinə birləşdirilməsini istəyir.  Təşəbbüs Azərbaycan, Rusiya və Türkiyədən gəlir, xərcləri də onlar çəkməlidir deyir...
Bəli, dostlar, iştah diş altındadır. Biz Laçın dəhlizinə paralel yol çəkməklə və rusməramlıların nəzarətinə - ermənilərin istifadəsinə verməklə, onları yaman şirnikləndirmişik.

Bədnam qonşularımız indi də bütün Ermənistanın dəmir yollarının çəkilməsini, ən azı bərpa edilməsini istəyir və bir qəpik də xərcləmək istəmir. Azərbaycan tərəfi təbii ki, bunu etməz, Rusiya və Türkiyə də buna getməz. Bəs nə etməli, bəlkə bəzi avantüristlərin dediyi kimi, Laçın dəhlizini bağlamalı?!

Amma nə qədər ki, rusməramlılar Qarabağdadır, bu variant heç fərziyyə də sayılmır. Deməli, yeganə yolumuz Rusiya – Ukrayna müharibəsinin sonunu gözləmək və keçən vaxtda Türkiyənin Qarabağa daha vacib statusda gəlməsini təmin etməkdir.

Doğrudur, uzun, dumanlı yoldur, amma alternativ yol yoxdur, alternativ müharibədir...

Paralel.az

0.02700400352478