"Uşaqlara qayğı hər bir vətəndaşın borcudur"

 

Azərbaycanda uşaqlara qayğının dövlət siyasətinin prioriteti kimi müəyyənləşməsi Heydər Əliyevin adı ilə bağlıdır

"Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm".
Azərbaycanın işıqlı gələcəyinin gənclərdən və uşaqlardan asılı olduğunu deyən Ulu Öndər Heydər Əliyev bütün zamanlarda onların qayğısına qalmış və sağlam, vətənpərvər ruhda böyümələri üçün mühüm işlər görmüşdür. Ona görə də Ulu Öndər tərəfindən əsası qoyulmuş müstəqil dövlətdə uşaq siyasəti prioritet istiqamətlərdən biri idi. 
Dahi lider ölkəmizdə hakimiyyətə gəldiyi vaxtdan uşaqların hüquqlarının qorunması istiqamətində qanunverici bazanın təkmilləşdirilməsi təşəbbüsünü irəli sürüb. Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi də Ulu Öndərin adı ilə bağlıdır. 

Uşaqlarla bağlı qanunvericilik bazasının yaradılması

"Uşaqlara qayğı hər bir vətəndaşın borcudur" deyə Ümummilli Lider bildirmişdir. Ölkəmiz müstəqillik qazandıqdan sonra uşaq hüquqlarının qorunması istiqamətində beynəlxalq konvensiyalara qoşulub. Azərbaycan uşaq hüquqlarının müdafiəsi ilə bağlı ilk beynəlxalq sənədə - Uşaq Hüquqları Haqqında Konvensiyaya 1992-ci, konvensiyanın iki əlavə protokoluna isə 2002-ci ildə qoşulub.
Konvensiya Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1949-cu ildə qəbul olunub. 1950-ci ildən başlayaraq hər il 1 iyun beynəlxalq səviyyədə Uşaqların Müdafiəsi Günü kimi qeyd olunur.
Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda prioritet istiqamətə çevrilən uşaq siyasəti sahəsində bir çox tədbirlər həyata keçirilib. Hər işin başında insan hüquqlarının dayandığı nəzərə alınaraq bu yöndə əməli addımlar atılıb. Beləliklə,  ilk olaraq uşaqların hüquqlarının müdafiəsinin tənzimlənməsi sahəsində qanunvericilik bazası yaradılıb. 
Beynəlxalq sənədlərdən əlavə, Ümummilli Liderin təşəbbüsü ilə 1998-ci ildə Milli Məclisdə "Uşaq hüquqları haqqında", 1999-cu ildə isə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunlar qəbul edilib.
Heydər Əliyev uşaqlarla vaxt keçirməyi də çox sevirdi. Bunu Ulu Öndərin uşaqlar və gənclərlə bağlı tədbirlərdə iştirakında, istedadlı uşaqların inkişafı üçün hər cür şərait yaratmasında aydın görmək olardı. Elə buna görə də Heydər Əliyev uğurlu gələcək üçün hər tədbirdə dönə-dönə uşaqların sağlamlığının, təhsilinin vacib olduğunu deyir və hər kəsi onlara qayğı göstərməyə, qorumağa çağırırdı. 

Ənənə davam edir

Ulu Öndərin əsasını qoyduğu, dövlətin əsas siyasət istiqamətlərindən olan uşaqlarla bağlı görülən işlər bu gün də davam etməkdədir. Elə bunun nəticəsidir ki, uşaqlarımızın, gənclərimizin müxtəlif sahələrdə uğurlarının şahidi oluruq. Onlar indi Azərbaycanı dünyada uğurla təmsil edir, üçrəngli bayrağımızı yüksəklərə qaldırırlar. Necə deyərlər, insan çəkilən hər bir zəhmətin bir gün bəhrəsini görür. Elə Heydər Əliyevin uşaqlara verdiyi qiymət, göstərdiyi diqqət və qayğının nəticəsidir ki, onlar böyüyüb Azərbaycanı belə sevgi və məhəbbətlə təbliğ edərək müxtəlif sahələrdə birincilik uğrunda əllərindən gələni edirlər. 
Bu siyasətin davamı olaraq Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu il ölkəmizdə "Uşaq ili" elan olunmuşdu. Bu, ölkəmizdə uşaqların sosial rifahının daha da yaxşılaşdırılması məqsədini daşıyırdı. 
Əsası Ümummilli Lider tərəfindən qoyulan ənənələr bu gün onun adını daşıyan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə uğurla davam etdirilir. Fond tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət göstərilir, xəstələrin sağlamlığının bərpası üçün tədbirlər görülür. Fond uşaqların  inkişafı, təhsili, gələcəkləri üçün lazım olan bütün məsələləri diqqət mərkəzində saxlanyır. Eyni zamanda fond təhsil, səhiyyə ocaqlarını təmir etdirir, müasir tələblərə cavab verən yeni uşaq evləri, bağçaları, mərkəzləri tikir. Həm də bu cür işlər yalnız Azərbaycan sərhədləri ilə məhdudlaşmır. Başqa ölkələrdə yaşayan azərbaycanlı uşaqlar da unudulmur. Eyni zamanda fond müxtəlif ölkələrdəki uşaqların hüquqlarının qorunması istiqamətində işlər görür və onların qayğısına qalır. 
Bunların nəticəsidir ki, BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Mark Herevard Azərbaycanda uşaqların müdafiəsi sahəsindəki  fəaliyyətinə görə Mehriban Əliyevaya UNİCEF-in xüsusi mükafatını təqdim etmişdi. 

Əsmər Qardaşxanova,
"Azərbaycan"

0.068856000900269