Mərakeş millisi ilk dəfə...
"Ərəb rüzgarı" Portuqaliyanı da mübarizədən kənarlaşdırdı
Portuqaliya yığması hakimin start fitindən sonra oyunu meydançanın rəqibə aid hissəsinə yıxmaq istəsə də, bu plan baş tutmadı. Belə ki, komandanın 3-cü zonada topu saxlamaq və normal hücum qurmaq üçün faydalı iş əmsalı çox aşağı idi.
Çünki Mərakeş millisi 1-ci və 2-ci zonada mövqe sığortalamasını mükəmməl şəkildə həyata keçirdi. Nəticədə Afrika təmsilçisi qazandığı topu sürətli keçidlər fonunda rəqib qapısı qarşısına çatdırmaqla təhlükəli epizodlar yaratdı. Daha təhlükəli hücumlar təşkil edən mərakeşlilər sürətli cinah hücumları zamanı möhtəşəm qolla hesabda irəli çıxdılar.
Fasilədən sonra topu portuqaliyalılara verən mərakeşli futbolçular daha çox müdafiə olunmaqla kifayətləndilər. Yekunda hər iki tərəfin səylərinə baxmayaraq, başqa qol olmadı. Beləliklə, 1:0 hesabı ilə qələbə qazanan Mərakeş millisi tarixində ilk dəfə dünya çempionatında yarımfinala yüksəldi.
Ləqəbi "Atlas aslanları" (Şimali Afrika aslanları) olan Mərakeş buna kimi 6 dəfə dünya çempionatlarında iştirak edib. Millinin mundiallarda ən böyük uğuru 1986-cı ilə təsadüf edir. İngiltərə, Polşa və Portuqaliya ilə bir qrupda mübarizə aparan "Atlas aslanları" növbəti raunda qrup birincisi kimi çıxıb. Yığma 1/8 finalda Qərbi Almaniyaya uduzaraq (0:1) mundialla vidalaşıb.
Afrika təmsilçisinin heyətinin dəyəri 227,40 milyon avrodur. Komandanın 25 üzvü legioner həyatı yaşayır. Ən dəyərli oyunçu Əşrəf Hakimidir. Fransada PSJ-də forma geyən müdafiəçinin qiyməti 65 milyon avrodur. Millidə "Bavariya"dan Nussar Mazraui, "Çelsi"dən Hakim Ziyeş kimi ulduz futbolçular çıxış edir. Millini Valid Reqraqui çalışdırır. O, bu ilin avqustunda komandaya baş məşqçi təyin olunub.
Ləqəbi "səyahətçilər" olan Portuqaliya yığmasının dünya çempionatlarında ən böyük uğuru 1966-cı ildə qeydə alınıb. Milli Meksikanın evsahibliyi etdiyi turniri 3-cü sırada bitirib. Komandanın mundiallardakı növbəti uğuru 2006-cı ildə olub. Almaniyada baş tutan yarışda yığma 4-cü yeri tutub. Portuqaliya millisinin beynəlxalq arenada iki kuboku var. 2016-cı ildə Avropa çempionu olan "səyahətçilər" 2019-cu ildə Millətlər Liqasının qalibi olub.
Millinin heyətinin dəyəri 937 milyon avrodur. Komandada Kriştiano Ronaldu, Bernardo Silva, Joao Feliks, Rafael Leao, Bruno Fernandeş kimi ulduz futbolçular yer alır. Komandanın ən dəyərli oyunçusu Leaodur. "Milan"da çıxış edən hücumçunun dəyəri 85 milyon avrodur. Yığmanı Fernando Santos çalışdırır.