Əsas müzakirə mövzusu – Krım

Əsas müzakirə mövzusu – Krım
 

Son günlər Rusiya KİV-lərində Krımla bağlı müzakirələrin sayı artıb. Propaqandistlər nəyin bahasına olursa-olsun, Krımdan vaz keçilməməli olduğunu vurğulayır, hətta, bunun üçün nüvə silahından istifadənin də məqbul olduğunu vurğulayırlar. Belə anlaşılır ki, işğal olunmuş digər ərazilərdən Rusiya ordusunun çıxma ehtimalı var və bunu necəsə Russiya ictimai şüuruna yeritmək zərurəti yaranıb. Amma Krım ruslar üçün müqəddəsdir və bu ərazi birmənalı şəkildə Rusiyanın olaraq qalmalıdır. Əldə etdiyim son məlumatlar bu əndişənin boş-boşuna olmadığını söyləməyə imkan verir.

Cümə günü, dekabrın 2-də Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videobağlantı vasitəsilə operativ görüş keçirildiyi barədə məlumat vermişdim. Onu da qeyd etmişdim ki, iclasın əsas hissəsindən sonra qapalı formatda Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Rusiyanın 87% nüvə-raket silahlarından istifadə imkanları ilə bağlı problemlərin olduğu hesabatı müzakirə edilib. Ancaq eyni hesabatın ikinci mövzusu ilə bağlı daha bir geniş müzakirə olub. Patruşev bildirib ki, mövcud məlumata görə, Krım körpüsü yaxın iki ay ərzində tamamilə sıradan çıxa bilər. İddialara görə, Ukrayna Silahlı Qüvvələri “anqlosakslar”ın dəstəyi ilə ən son silahlarından istifadə edərək, Krım körpüsünün iki və ya daha çox dayaq sütununa zərbələr endirməyə, dayaq hissələrini zədələməyə hazırlaşırlar.

Kəşfiyyatın təqdim etdiyi detallarla tanış olan və prezidentə məruzə üçün xülasə tərtib edən ekspertlərin sözlərinə görə, Krım körpüsünə belə bir hücum planı həyata keçirilərsə, körpünün bərpası ən azı 6 ay çəkəcək. Bu mövzunun müzakirəsi prosesində iclasın demək olar ki, bütün iştirakçıları Krım körpüsünün dağıdılmasının Rusiyanın Krımı və işğal olunmuş Xerson, Zaporojye və Ukraynanın Donetsk vilayətlərinin bir hissəsini hərbi vasitələrlə nəzarətdə saxlamasını qeyri-mümkün edəcəyi barədə fikir bildiriblər. Putin bildirib ki, istənilən halda o, Ukraynanın enerji infrastruktur obyektlərinə kütləvi raket zərbələrinin davam etdirilməsini və bununla da Ukrayna rəhbərliyini danışıqlara məcbur etməyi zəruri hesab edir. Putin Ukrayna üçün “qaranlıqda bayramların” təşkil edilməsinin, yəni Ukraynanın qərbində Katolik Milad bayramı və bütün Ukraynada Yeni il tətilləri günlərində raket zərbələrinin artırılmasının vacibliyində israr edib. Prezidentin tələbinə baxmayaraq, iclasın bir neçə iştirakçısı bu cür taktikalardan şübhələndiyiklərini bildiriblər ki, bu da Putinin narazılığına səbəb olub. Görüşün sonunda Putin Krım körpüsünə zərbə endirilməsi halında mümkün hərəkət variantları ilə bağlı təkliflər gözlədiyini açıqlayıb və görüşü yekunlaşdırıb. Görünən odur ki, yaxın gələcəkdə Krımın Rusiya ilə nəqliyyat əlaqəsi kəsilə bilər, bərə keçidləri isə yalnız hərbi məqsədlər üçün istifadə olunacaq, ona görə də mülki əhalinin təxliyyəsi praktiki olaraq mümkün olmayacaq.

Müəllif: Dadaş Əhmədli

"Paralel.az"

0.03469705581665