İslam inkişafın qabağını alır?
Qalib ARİF
“Qısa qeydlər” silsiləsindən
Dostlar, son vaxtlar sosial şəbəkələrdə, elə çox yerdə İslamı, Peyğəmbəri hədəfləyənlərin sayı həndəsi silsilə ilə artır. Xalqın ziyalısından, adi insanlarına qədər, bəziləri bir səslə deyir ki, İslam inkişafın qabağını alıb, İslam türkü min il geri atıb və s. Deməli, olmasaydı İslam Qarsda, oturmuşduq biz indi Marsda?!
Əgər bu fikirlər İran molla rejiminin bizə və Türkiyəyə qarşı qərəzli siyasətindən qaynaqlanırsa, mənasızdır. Axı, molla rejiminin klassik İslama, Qurana heç bir dəxli yoxdur. Quranda deyilir ki, hər bir müsəlman müsəlmanın qardaşıdır, amma molla rejimi müsəlman türklərin tarixi düşmənləri ilə dostluq, qardaşlıq edir. Quranda müsəlmanları ayırmaq, araya nifaq salmaq günah sayılır, amma İran mollaları müsəlman dünyasını sünni-şiə qarşıdurmasına sürükləyir, vəhabi Ərəbistana, sünni Türkiyəyə nifrətini gizlətmir.
İslamın türklərin inkişafının qarşısını almağına gəlincə, adi tənqidə belə dözməyən, əsassız fikirdir. Dünyada milyonlarla xristianlığa və başqa dinlərə inam gətirən türk yaşayır. Postsovet məkanında, Çində, İranda, İraqda, elə Türkiyənin özündə. Məgər bu xalqlar bizim türklərdən çox inkişaf ediblər, bəlkə kosmosu fəth ediblər?! Bəlkə, Stalin demiş, artıq Amerikanı vurub keçiblər, bizim xəbərimiz yoxdur?!
Sözümün canı odur ki, günahı özümüzdə yox, başqa yerdə - dində, düşməndə axtarmaq adətindən əl çəkmək lazımdır. Əvvəla, bir milyarddan artıq adamın sitayiş etdiyi dini dəyərlərə hörmətsizlik mədəniyyət göstəricisi deyildir. Sonra, bu, bizə düşmən qazandırmaqdan, o boyda İslam dünyasını üstümüzə qaldırmaqdan başqa, yaxşı heç zad vəd etmir. Təbii ki, Allaha inanmaq, Peyğəmbərə iman gətirmək hər kəsin vicdan işidir, Azərbaycan dünyəvi dövlətdir. Amma bunu əldə şüar etmək, aləmə car çəkmək bizə şərəf gətirmir...
Və son olaraq. İnsan Allahdan qorxmalıdır ki, günah eltməsin, insan Qanundan qorxmalıdır ki, cinayət törətməsin... Allahdan və qanundan qormayan insan vəhşi heyvan qədər təhlükəlidir...
Paralel.az