Loğvalıq da yaltaqlığın bir növüdür
"Qısa hekayələr" silsiləsindən
Düşünürəm ki, lovğalıq da yaltaqlığın bir növüdür, obrazlı desək, yaltaqlığın tərs üzüdür. Lovğa adam, sadəcə olaraq, özü özünə yaltaqlanır. Ona görə də, lovğalıq cəmiyyətdə yaltaqlıq qədər pis qarşılanır...
Deməli, keçən əsrin ortalarında, yurdumuzun düz ortasında cavan bir dulusçu əlinin zəhmətini yabısına yükləyib kənbəkənd gəzir, saxsı qab satır. Onun bu dəfəki səfəri yazın başlanğıcına, Novruz bayramına təsadüf edir. Atı da yedəyində böyük bir kəndə gəlir...
Kənddə cıdır mərasiminə hazırlıq gedir, qoç igidlər kəhər atların belində var- gəl edir. Atlar yeri-göyü gəmirir, bir yerdə durmaq istəmir. Cavanlar yabını görən kimi dulusçuya ilişməyə başlayır:
-İgid, gəl sən də bizə qoşul...
-Bəlkə, qalib gəldin, nəməri apardın?!
-Bəlkə, sənin atın yel qanadlıdır?!
-Yox, yox, adi bir yabıdır...
Nə isə... Dulusçu sakitcə qabları atdan düşürür, yolun qırağına, camaatın keçdiyi yerə düzür. Qayıdıb atın belinə qalxır, yarışa düzülən atlıların cərgəsinə qoşulur. Tüfəng atılır, cıdır başlanır. Bayaqdan yüyən gəmirən kəhərlər ox kimi irəli atılır. Dulusçunun yabısı dalda qalır…
Kəhər atlar dördnala çapır, yabı yorğa yerişlə qaçır. 1-ci dövrədə dulusçunun yabısı axırda gəlir, 2-ci dövrədə də vəziyyət dəyişmir. 3-cüdə dördnala çapan atlar yorulmağa başlsyır, yabı eyni yorğa yerişlə çapır. 5-cidə vəziyyət dəyişir, yabı hardasa ortada gedir. 7-ci, 8-ci dövrələrdə yabı irəliləməkdə davam edir...
Onuncu dövrədə dulusçunun atı 1-ci olur, nəməri qazanır. Cavanlar bir yana, bütün kənd camaatı mat qalır. Sonra mat qalmaq növbəsi dulusçuya çatır. Yabısı da yedəyində yolun kənarına, saxsı qablarına yaxınlaşanda görür ki, burda əməlli- başlı növbədir. Kəndin bütün gözəlləri qalib dulusçunun qablarını almaq istəyir...
Qalib ARİF
Paralel.az