Şeytan Çarxında yeddi dəqiqə

Şeytan Çarxında yeddi dəqiqə
 


 Hekayə
 Təkid və etiraz üz-üzə, göz-gözə dayanıb durmuşdu. Sözləri köməyə çağırıb qırıq-qırıq cümlələrlə biri o birinin təslim olmasına çalışırdı. Təkid israrını hər vəclə, amma çəkinə-çəkinə dilə gətirirdi. Xahişlərə çevrilib yazıq-yazıq baxırdı. Etiraz nə qədər etiraz etsə də onun qəlb dərinliklərindən doğmadığını özü də hiss edirdi. Nəhayət bu “qarşıdurmaya” əllər qarışdı. Titrək barmaqlar ehtiyatla etraz edənin əllərini öz ovcuna sıxdı. Addımlar qeyri-ixtiyarı sağa meyilləndi. Havanın soyuqluğu hər ikisinə bəhanə kimi göydən düşmə idi. Qısılıb bir-birinə şeytan çarxına tərəf üz tutdular.
- Gecdir, soyuqda nə var ee
- Mənim üçün maraqlıdır. Həm də görüm yüksəklikdən dəniz necə görünür
- Mən qorxuram
- Qorxma mənim mələyim. Qorxmalı nə var, biz minəcəyik deyə çarx öz oxundan çıxmayacaq ki…
- Sən başımın bəlasısan. Güclü olduğunu addımbaşı göstərirsən. Sənin mələyin-zad da deyiləm
- Sənə sözüm var
- De sözünü burda, yerdə. Gərək qalxıb göydə deyəsən?
Bilet alıb kabinəyə yaxınlaşdılar. İşçilərin hərəkətlərindən hiss olunurdu ki, texniki nasazlıq var. Tək-tək turistlər də gözə dəyirdi.
- Bax, görürsən işləmir, birdən çıxıb qalarıq göyün üzündə. Heç qorxun yoxdur sənin. Gəl qayıdaq
-Ay qız nə oldu səkkiz ildi işləyən qurğu gözləyirdi elə biz minək o da göydə xarab olsun?
Kabinəyə keçib üzbəüz əyləşdilər. Asta sürət onları havaya qaldırırdı. Yavaş-yavaş dənizə baxış bucaqları yuxarıdan aşağıya keçid alırdı. Hündürlük istər-istəməz hər ikisini həyəcanlandırırdı.
- Bax, sənin ağlına hardan gəldi
- Heç vaxt minməmişəm. Sonra nə fikirləşdisə əlavə etdi. - Uşaqlıqda Şuşada mindiyimdi. Orda da belə əyləncə çarxı vardı. Əlbəttə bunun kimi deyildi. Heç şüşə kabinələri də yox idi. Ancaq mənə elə gəlir o daha hündür olub. Bəlkə də uşaq yandaşımda həyəcandan elə qalıb. Hər halda orada yuxarı qalxdıqca bütün Qarabağ ovuc içi kimi görünürdü.
Xəzər qurunun çökəyidir bizdə. Bax nə qədər qalxırıqsa da heç teleqüllənin bünövrəsi hündürlüyə çatmırıq.
Sözünə ara verib, anidən aşağı baxdı. Sonra əlavə etdi.
-Mən qorxuram.
-Dəlisən, nə var burda qorxulu.
Hər ikisi yanaşı oturmuşdu. Bilmirdilər qayda belədir, yoxsa nasazlıqdan dayandılar. Çarx daha fırlanmırdı. Dəqiqələr keçdikcə bir-birlərinə qısılırdılar. Sonra titrək və hərarətli öpüşlərlə sanki üşüməklərinə və qorxuya qalib gəlmək istəyirdilər.
-Səni çox, lap çox istəyirəm
-Yox, mən səni çox istəyirəm
- Yox, mən səndən çox..
- Ee… mən çox…
Bizi burdan düşürən olmayacaq. Qalacayıq burda?
- Heç umurumda deyil
- Necə yəni, umurumda deyil. Xilasedicilər gəlməz deyirsən?
Hər ikisi susdu. Eyni anda nə isə demək istədilər, ancaq yenə susdular. Günah edib, günahını bilən adamlar kimi üzlərinə kədərli ifadə çökdü. Sonra da hər ikisi eyni andaca gülümsündülər.
-Yasaqçılarıq biz, gör suçumuzun bədəlini harda ödəməli olduq?
- Mənim suçum yoxdur. Sevgim günahım olmayacaq ki… əksinə çox xoşbəxtəm.
-Sən pissən! Səni sevirəm!!!
- Elə mənim də zəhləm gedir səndən, amma səni çox istəyirəm
- Sən çox pissən!
- Sən də pislərin ən böyüyü
- Sən pisin kubu
- Sən də pisin kubunun kubu
Nəfəs-nəfəsə dayanıb dünyanı unutmuşdular. Ürək döyüntülərini dodaqlar pıçıldaya bilmirdi. Xoşbəxtcəsinə uçunurdular.
İkisi də bəlkə də bir neçə andan sonra nə olacağının fərqində deyildi.
-Biz yerdən nə qədər hündürlükdəyik?
- Nə bilim, deyəsən 60 metr.
- Göyün yeddinci qatı 60 metr hündürlükdə olur?
- Onu bilmirəm, ancaq dəqiq bilirəm ki, şeytan çarxında indi mənim yanımda, mənlə diz-dizə mələk oturub.

Kabinənin qapısı açılanda hər ikisi diksindi. Dayanmış çarxın nə vaxt hərəkət etdiyini hiss etməmişdilər.
- Bilirsən nə var? Mən səni çox, filan istəmirəm! Bir də mənə mələyim demə!
- Bilirəm, sənin ayağın yerə dəyəndə….
Nə fikirləşdisə əlavə etdi:
-Mütləq evi 21- ci mərtəbədə alacam!

Pərviz Yəhyalı

Paralel.az

0.07968807220459