Dialoqlar

Dialoqlar
 


10 il əvvəlin söhbəti. yenidən oxumağa hövsələm olmadı. Bilmirəm "səhvlərim" çoxdurmu?
Firuz Mustafa:
“Mən kütlə üçün yox, oxucu üçün yazıram...”
 “Bu gün televiziyaların əksəriyyəti mədəniyyətə, sənətə və ədəbiyyata nifrətlə yanaşır”
Müsahibimiz yazıçı-filosof Firuz Mustafadır
- Sözlə yola gedə bilirsinizmi? Sizi çox incitmir ki söz?
- Söz niyə incitməlidir ki? Təki biz sözü incitməyək. Bir də ki, söz, müəyyən mənada elə insanın özü deməkdir. Təkcə söz insandan asılı olmur ki. Bu dünyada, əslində, hər bir normal adam həm də öz sözündən asılıdır. Sözlə insanın əbədi bağlılığının səbəb və sirləri barədə çox damişmaq olar, amma qorxuram ki, bu söhbətin axırı gedib sofistikaya çıxa; ona görə də bu konuya buradaca nöqtə qoymaq istəyirəm.
- Hal-hazırda nə yazırsınız? Hansı əsər üzərində işləyirsiniz? Yazdıqlarınız, mövzularınız barədə danışsaydınız yaxşı olardı.
- Həm ədəbi, həm də elmi-pedaqoji fəaliyyətlə məşğulam. Mən heç vaxt gələcək zamanda yazacağım əsərlər barədə danişmiram. Məncə, yazı-pozu adamı yalnız keçmişdə elədikləri barədə damışsa yaxşı olar. Hə, bax bu gün günlərdə çapdan çıxmış iki kitabımı gətirdilər. Biri elmı xarakterli işdir- “”Qloballaşma və mədəniyyət”, yeri gəlmişkən, həmin əsər ilk dəfə “Mərkəz” qəzetində hissə-hissə dərc olunub. İkinci kitabım isə belə adlanır: “ Sklerozlar üçün yaddaş”. Orada sənin sualına və mənim fikrimə uyğun bir cümlə var: “Yazacağı əsərlərin çapından gileylənir”. Yəni elə adam tanıyıram ki, oxucuya indiyəcən yazdığı əsər(lər)in əvəzinə, hələ gələcəkdə yazacağı əsərlərin uzun bir siyahısını təqdim edir.
- Növbəti kitabınızı nə vaxt çap etdirməyi düşünürsünüz?
- Nə vaxt imkan olsa onda...
- Sizin hər yaş təbəqəsindən oxucularınız var. Xüsusilə metroda, avtobusda sizin kitabınızı oxuyan gənclərə çox rastlayırıq...
- Doğrusu, mən özümü populyar yazıçı hesab etmirəm və populyar olmağa heç cəhd də göstərmirəm. Düzdür, bəzi yazıcılar deyirlər ki, mən özüm üçün yazıram, oxucu üçün yox; mən bu fikri də bölüşmürəm. Məncə hər bir yazıçının öz oxucusu olmalıdır. Mən kütlə üçün yazmıram. Mən oxucu üçün yazıram. Kütləninki serialdı, macəradı, detektivdir... Kütlə deyəndə mən həm də əhalının idrakdan çox emosiyaya, bir az da dəqiq deməyə çalışsam, mədəniyyətdən çox məişətə üstünlük verən təbəqəsini nəzərdə tuturam. Belələrini ruhi-daxili aləmdən daha çox zahiri görüntülər cəlb edir. Və buna da təbii baxıram.
- Əsərlərinizin gənclərə nə verdiyini düşünürsünüz?
- Mən əlimə qələm alanda heç vaxt düşünmürəm ki, bax bunu qocalar, bunu gənclər, bunu isə uşaqlar üçün yazıram. Bayaq qeyd etdiyim kimi, mən oxucu üçün yzıram.
-Yazıçılıq indi yaxşı qazanc gətirməyən peşədir. Azərbaycanda yazdığın əsərin hesabına yaşamaq mümkündürmü? Yəni bir sözlə, Azərbaycan oxucusu sizi qane edirmi?     

- Səmimiyyət üçün deyim ki, mən yazanda heç vaxt əsərin qazanc gətirib-gətirməyəcəyi barədə düşünmürəm. Amma səmimi olaraq orasını da deməliyəm ki, əsər qazanc gətirəndə mənə də xoş olur. Azərbaycanda qələm hesabına dolananlar çoxdur. Amma onların çoxu yazıçı yox, ədəbi məmur və ya jurnalistlərdir; bir sözlə, indi qonorarla dolanan qələm əhli, daha dəqiq desək, yazıçı kifayət qədər...azdır. Mənim özümü qonorar alan yazıçılar qrupuna daxil etmək olar, indiyəcən otuzdan artıq əsrimə quruluş verilib, hesabima müəyyən məbləğdə pullar keçirilir. Təəssüf ki, bu gün aldığımız qələm haqqı bugünkü adi tələbləri ödəmir. Amma 1985-ci ildə çıxan ilk kitabımın qonorarı, yadımdadır, bir illik maaşım qədər idi.
- Son on ildə oxuduğunuz və heyrətləndiyiniz əsər hansıdır?
- Oxuyub bəyəndiyim əsərlər olub. Oxuyub pis mənada heyrətləndiyim əsərlər də yox deyil. Yəni bu heyrət o heyrətdən olmayıb... Heyrətimə səbəb çox zəif, mənasız, məzmunsuz əsərlərin genış təbliği olub. Düşünmüşəm ki, ilahi, bu “əsərləri” yazanlara, yazdıranlara, oxuyanlara və ya oxutduranlara bir az insaf ver.
- Azərbaycan yazıçıları heyrətləndirməyi, düşündürməyi nə dərəcədə bacarır?
- Azərbaycan ədəbiyyatını, əlbəttə, söhbət əsl, ciddi ədəbiyyatdan gedirsə, dünya ədəbiyyatı kontekstindən kənarda təsəvvur etmək olmaz. Bilirsizmi, müasir ədəbiyyatın, əslində elə bütün dövrlər ədəbiyyatının, başlıca məqsədi, qayəsi insanı insan olmağa dəvət etməkdir. Ədəbi əsər insanı güldürə də bilər ağlada da, düşündürə də bilər, kütləşdirə də, kədərləndirə də bilər, sevindirə də. İkincisi, Azərbaycan ədəbiyyatında dediyin prinsiplərə cavab verən kifayət qədər əsər var. Üçuncüsü, mən indi konkrer əsər adı çəkib subyektiv fikrimi bildirməklə kimlərləsə mübahisə yaratmaq istəmirəm. Dördüncüsü isə, ədəbiyyat həm də zövq məsələsidir və mən orasını da inkar etmirəm ki, zövqlərin özü haqda da mübahisə etmək olmaz... yəni ən böyük problem elə zövqlər barədə ola bilər.
- Qalmaqallar, müsabiqələr, kitab serialları… Bütün bunlara münasibətiniz necədir?Azərbaycan ədəbiyyatını dünyaya çıxarmaq olarmı?
- “Azərbaycan ədəbiyyatını dünyaya çıxması” sorusunda məncə reallığa bir az mücərrəd, daha doğrusu, yayğın yanaşma var. Çünki bizim bir çox yazıçıların əsərləri dünyanın bir çox dillərində nəşr olunub və bu proses yenə davam etməkdədir.
- Şou verilişlərinin televiziyaları çox yayımlanması əhalidə qıcıq yaradır. Buna münasibətiniz necədi?
- Mən buna təəssüf edirəm, acıyıram. O verilişlərə baxan kəslərin itirdiyi vaxta heyfim gəlir. Bu gün televiziyaların mütləq əksəriyyəti ciddi mədəniyyətə, sənətə və ədəbiyyata az qala nifrətlə yanaşır. İndi meyxana ən parlaq ədəbi nümunə, evlənmə proqramları ən yaxşı tamaşa nümunəsi kimi təqdim olunur. Vaxtilə mən özüm populyar elmi-bədii verilişlərin (“İlğım” və “İdrak” verilişlərinin) aparıcısı olmuşam və kanallarda mənim indi də şoxlu dostlarım var. Onlardan soruşanda ki, bu verilişlərin nə əhəmiyyəti var, cavab verirlər ki, biz tamaşaçı reytinqindən çıxıı edib bu verilişləri göstəririk. Məncə kütləvi informasiya vasitələri tamaşaçının arxasınca sürünməməlidir, əksinə, onları öz arxasınca çəkib aparmalıdır, hətta, reytinqi bir az “axsasa” da belə.
- Posmodernizmdən çox bəhs olunur. Elələri də var ki, bu cəryanın mahiyyətinə varmadan özünü bu sırada görür. Siz necə, hansısa sırada dayanmağı xoşlayırsız? Ədəbiyyatımızda başqa hansı cərəyanlar var?   

- Ağlı başında olan heç bir yazıçı yazı prosesində hansısa “izm”ə aid ola biləcək hansısa bir əsər yazacağını təsəvvürünə gətirə bilməz məncə. Bu, yazıçını quru formalizmə gətirib çıxara bilər. Mən “izm”lərin olduğunu inkar etmirəm. Amma bunu yazıçı özü yox, adətən, ədəbiyyatşünaslar formulə edir. Müasir dövrdə ədəbiyyatşünaslar nəinki bədii əsərlərdə, hətta, ədəbiyyatşümaslıq elminin özündə belə, kifəyət qədər modern nəzəriyyə və konsepsiyaların mğvcud olduğunu iqrar edirlər.
- Niyə teatrlarımızda bu günün yazarlarının əsərlərinə rast gəlinmir? Teatırlarımızı bəyənmirlər, yoxsa köhnə yazarları bəyənməyənlər, bu janırda özlərini doğrulda bilmirlər?
- Teatrlarda bü günün əsərləri var. Şəxsən mənim bir sıra teatrlarda pyeslərim oynanılır. Amma o fikirlə razıyam ki, dramaturgiyaya gələn gənclərin sayı azdır, az qala bu rəqəm sıfıra yaxındır. Elə tamaşaçilar da az gəlir teatra. Bunun obyektiv və subyektiv səbəbləri çoxdur. Amma yeri gəlmişkən bir məsələni qabartmaq istəyirəm bu da ondan ibarətdir ki, indi cavanların çoxu qafiyəpərdazlıq edir, daha doğrusu, şeir epidemiyasına tutulub. Nəsr və dramarurgiyaya bir etinasızlıq var. Bilmirəm, bəlkə də bu “ağır” janrların xofu onları qorxuzur. Beş-on sicilləmə yazıb “məşhur olmaq” azarına mübtəla olanların sayı-hesabı yoxdur. Düzdür, bizdə istedadlı şairlər var. Hətta, onların bəziləri barədə mən məqalələr də yazmışam. Amma etiraf etmək lazımdır ki, hazırda dünya ədəbiyyatının ən aparıcı janrı nəsrdir. Bu gün klassiklər istisna olunmaqla, hansısa şairin bir dildən başqa dilə tərcümə olunduğunu görüb eşidən varmı?. Yox. Niyə? Cünki poeziya indi bir tarixi-estetik mahiyyət kəsb edən janr kimi xatırlanır. Hafiz, Füzuli, Bayron, Puşkin... Onların hər biri öz milli ədəbiyyatlarının yaranmasında, poetik dillərinin formalaşmasında tarixilik baxımından müstəsna rol oynayıblar. Necə ki, bizim bğyük şairlərimiz və folklorumuz vaxtilə belə bir rol oynayıbdır. Bu gün həmin dilin imkanlarından daha geniş arenada, o cümlədən elmi və bədii plsda istifadə etmək zərurəti yaranıb. Bu mənada nəsr elmə yaxınlaşmaqdadır. Elmsizlik isə ən böyük faciədir.
- Müsahibəyə görə sağ olun.
Söhbətləşdi:
  Tural (“Mərkəz” qəzeti, 14 yanvar 2012-ci il)

0.015276908874512