Akademik mərhəmətsizliyin sosial-siyasi fəsadları

Akademik mərhəmətsizliyin sosial-siyasi fəsadları
 

İdris Abbasov:

"Daş qəlbli insanları neylərdin, İlahi?!
Bizdə bu soyuq qanları neylərdin, İlahi?!"
(M.Ə.Sabir)

Şəraitsiz yataqxanalar, məktəb zirzəmiləri, siçanların antisanitariya yaratdığı hücrələrə sığınan, min cür xəstəliklərə dözüb tutduğu yoldan dönməyən, ağır şəraitdə yarıac, yarıtox tələbə, müəllim, alim həyatı yaşayan, Allahın ipindən bərk-bərk yapışıb dövlətinə, millətinə, qanunlara, dövlətin rəhbərinə inamını və ümidini itirməyən, ömrünü düzlüyə-dürüstlüyə sərf edən, xalqın övladlarına doğruları söyləyən, rüşvət olaylarından uzaq, alıb-aldatmayan Azərbaycan aliminin yaşayışına bax! Köçdüyüm bir həftə deyil. Guya müqavilə bağlayacaqdı. Əvəzində bayaq zəng edib deyir ki, kirayə evlərin qiyməti qalxıb, ya artıq pul ver, ya da evi tərk et. Hər tip ev sahibləri ilə rastlaşdım. 15-20 evi olan kirayə sahiblərinin daha çox acgöz olduğunu gördüm.
 Bəli, düzgünlüyü düstur edən Azərbaycan aliminin ailə-uşağı pərən-pərən düşməlidir, öz Vətənində yad, dilənçi günündə yaşamalıdır! Yataqxanalar, məktəb zirzəmiləri, hücrələr, kirayələr... Etirazımın məğzi bu tip uyğunsuz, şəraitsiz yerlərdə yaşmağım deyil. Adamı usandıran cəmiyyətdə hökm sürən ədalətsizlik, süni bərabərsizlik, insani münasibətləri sıxışdırıb aradan çıxaran qeyri-insani münasibətlərin tüğyanıdır.
Düzdür, yaşın müəyyən dövrlərində elm, təhsil dalınca gedib çətinliklərə qatlaşmaq normal bir şeydir. Sağlamlığının imkan verdiyi qədər işləyərək dövlətə fayda verib müəyyən müddət kirayələrdə, xidməti mənzillərdə yaşamağı da normal saymaq olar.
Lakin yaşın 50-ni keçəndən və sağlamığını xeyli itirdikdən sonra adamı ailə-uşaqla birlikdə şəraitsiz yerlərdə yaşamağa məhkum etmək onu öldürməkdir. Alnıaçıq deyə bilərəm ki, ömür boyu əlimdən gəldiyi qədər inandığım dövlətə, millətə, Vətənə xidmət etmişəm və nəfəsim varkən edəcəyəm. Dərd burasındadır ki, dövləti qarət edənlər, hətta elm və təhsil müəssisələrində rəhbər vəzifələri tutub (AMEA prezidenti, vitse, rektor, direktor, prorektor və s.) milyonlara, şirkətlərə, biznes şəbəkəsinə malik olanlar, xalqı əsir-yesir edib düşmənə möhtac edənlər, bir sözlə, Vətənin namusunu pula satanlar utanmadan deyirlər ki, dövlətə sədaqətlə xidmət edirlər!!!
İndi haradan tapaq özü darısqal bir mənzildə yaşaya-yaşaya illərlə gözlədiyi ev növbəsi çatanda həmin evi təmənnasız olaraq evsiz qalmış bir şairə bağışlayan və bu kimi saysız xeyirxahlıqlar edən əsl alim-yazıçı, insanlıq mücəssəməsi Mir Cəlal Paşayev kimi ..?!
Bir çox şeylər inkişaf etsə də, insanlıq və insaf ölüb. İndikilər adamın gündəlik qazandığı çörək puluna, intellektual əməyinə, aldığı nəfəsə də göz dikirlər! Pula səcdə edən bu alim-akademikləri görəndə deyirsən, bəs dünyanın axırıdır!

Neçə illərdir ki, başda İsa Həbibbəyli, Əhliman Əmiraslanov, Abel Məhərrəmov, Misir Mərdanov və xalqın, dövlətin hesabına özlərini tutmuş, əhli-əyallarına vəzifələr və milyonlar qazandırmış, ancaq həmkarının dərdindən-sərindən xəbərsiz varlı-karlı akademik-alimlərimiz özlərini eşitməməzliyə qoyurlar. Sanki onların bu xalqa aidiyyətləri yoxdur.
Təsəvvür edin, dövlətin, hətta Prezidentin verdiyi vəzifələr hesabına vara-kara sahib bu şəxslər dura-dura, məhz bunların ucbatından maddi-sosial uçuruma yuvarlandırılmış, Azərbaycan elminə töhfələri olan maddi imkansız bir alim olaraq mən Prezidendən kömək istəməliymişəm! Budur akademşəbəkənin əsl siması! “Biz niyə kömək edirik, get, inandığın dövlət, Prezident etsin də!”. Uzun illər tətbiq olunan və dövlətin dayaqlarını sarsıdan çox zərərəli meyildir!
Əgər doğrudan da, istəyirsinizsə ki, mənim kimi, ölkə başçısının siyasətinə güvənib rüşvət alıb-verməyən alim acınacaqlı sosial vəziyyətdən qurtarsın, onda o şirkətlərinizi, nə bilim, yığdığınız nələri və nələri qaytarın dövlət büdcəsinə və imkan verin, dövlət öz vətəndaşlarına ədalətlə xidmət etsin! Nə ona imkan verirsiniz, nə də buna!
Akademik mexanizmi elə qurublar ki, onların laübalı həyatına heç kəs mane olmasın, yalnız onlara “alim-akademik” deyib ehtiram etsinlər, onlar da bu ad və imtiyazlardan əlaltdan istifadə edib cəmiyyətdə bərabərsizliyi, sosial ədalətsizliyi daha da dərinləşdirsinlər.
Yerinə yetirdiyi iş alim-mütəxəssislər tərəfindən “elmi miqyasına görə bir institutun görə biləcəyi işi təkbaşına yerinə yetirən” (akad. Nizami Cəfərov) şəklində dəyərləndirilən fədakar bir alim XXI əsrdə Azərbaycan kimi zəngin bir ölkədə evsizlik dərdindən pərən-pərən salınıb, ailə-uşaq ata evində, özü isə gecəqondularda gecələməyə, bir növ, ölümün ağuşuna tərk edilib.
Qoy akademşəbəkə sevinməsin! Ölüm Allahın qədəri ilə müəyyənləşir! Gözünüzün kor, qulağınızın kar, dilinizin lal olmağı açılmamış çox mətləblərdən xəbər verir!
Milli heysiyyətdən məhrum acgöz və vicdansızların üzündən ölkənin sosial siması eybəcərləşib. Haqları yeyilib qayğısızlığın girdabına tərk edilən ailələr dağılır, məcburi boşanmaların sayı artır, insanlıq bir para acgöz, antimilli alimlərin, özünü ziyalı, akademik-məmur adlandıranların əlindən qan ağlayır.
Görəsən, evlərə, mülklərə, şirkətlərə, vara, pula yiyələnmiş alim-akademiklər insanlıqla bu qədərmi vidalaşıblar, qəlbləri, şüurları bu qədərmi qabalaşıb, qəddarlaşıb?!
Bəzən şübhələnirsən ki, əyri yollarla mülkədara çevrilən akademik-alimlər, doğrudanmı, insan cinsindəndirlər?! Əgər insandırlarsa, döyünən qəlbləri varmı, döyünürmü, ya dayanıbmı, yaxud nəbzləri pul aparatına bağlanıbmı?!
Bizim mənzil payımızı da oğurlayıblar, uşaqlarımızın haqqını öz uşaqlarına o qədər yediriblər ki, bizimkiləri də zay ediblər, özlərininkini də. Dərd burasındadır ki, bu piylənmiş beyinlər heç özlərini də düşünə bilmirlər.
 Bəli, haram yolla yığdıqları o qədər malı, mülkü, qapısı kilidli mənzilləri qamarlayıb xalqı səfalətə düçar edənlərin, yurddan didərgin salanların bir adı var: “DAXİLİ DÜŞMƏN!”
 Barı taladıqlarını dövlətə də qaytarmırlar ki, dövlət qayğıdan məhrum vətəndaşlarının ayaqda qalmasına, mənim kimi alveri bacarmayan alimlərinin, heç olmasa, aylıq kirayə haqqını ödəməsinə köməklik etsin!
Bu ölkədə hər şeyi Prezident edəcəksə, bəs bu qədər məsuliyyətsiz, mərhəmətsiz və vecsizlər niyə bəslənməli, niyə onlara şərait yaradılmalı, üstəlik, vəzifələr verilməlidir?!
Onsuz da ölümü hər kəs dadacaq. Sadəcə, qısqanclıqdanmı, millətə xəyanətdənmi, ya acgözlükdən və ya cahillikdənmi, bilmirəm, amma bir onu bilirəm ki, özlərində olmadığı halda, yaradıcılıq potensialı olan, rüşvət alıb-verməyən, xüsusi dəstəyə qoşulmayan bir alimin yaşam imkanları ölüm həddinə qədər məhdudlaşdırılır.

Paralel.az

0.033547163009644