"Facebook dost yeri deyil!"

 

Qalib ARİF:
Düşünürəm ki, Feyzdə işlənən "dost", "dostluqda olmaq", "mənim Feyzbuk dostlarım" kimi ifadələrin heç biri yerinə düşmür. Biz ən azı "DOST" kimi böyük sözə, müqəddəs dəyərə kölgə salmış oluruq. Dostu bütün ömür boyu qazanmaq, elə bir o qədər də onu qorumaq, ona layiq olmaq lazımdır. Nahaq yerə demirlər ki, dostunu göstər, deyim sən kimsən. Həm də deyirlər ki, yaxşı dost ya bir olar, ya iki...
Bizim isə, Feyzbuk "tanışlığımızda" 3 min, 5 min adam olur. Hələ mən 3 dəfə ələkdən keçirmişəm, yenə 3 mindir. Hamısı dost ola bilməz, axı... Bunların içində onlarla ağıllı adam var, mən onlardan çox şey öyrənirəm. Amma təbii ki, yüzlərlə axmaq (sadəcə olaraq, "tərbiyəsiz" demək istəmirəm) da var, onlardan nə öyrənmək, nə də öyrətmək olur. Alınlarına da "axmaq" yazılmayıb, doğrudur, ağızlarını açan kimi "blok"a atıram, amma ağızlarını açmayanlar da var...
Sözümün canı odur ki, Feyzbuk "tanışlığında" olanların hamısını "dost" adlandırmaq, ən azı günahdır. Bəs nə etməli?Axı, böyük Marks da deyir ki, təklif vermədən tənqid etmək də böyük günahdır. Deməli, mən də tənqid edirəmsə, nə isə bir təklif verməliyəm. Beləliklə, təklif edirəm ki, Feyzbuk "tanışlığında" olanları, ümumiyyətlə Feyzdə hamını "FEYZDAŞ" adlandıraq. Axı, biz bir qarında daşınmamışıq ki, "QARDAŞ" olaq, bir yolla getmirik ki, "YOLDAŞ" olaq. BİZ yalnız Feyzdə bir yerdəyik, ona görə də bir-birimizə "FEYZDAŞ" deyə bilərik...

Paralel.az

0.014561891555786