Ombudsman məhkəmənin insan hüquqlarını zorlamasına niyə susub ?

Ombudsman məhkəmənin insan hüquqlarını zorlamasına niyə susub ?
 

Ombudsman Tərtərdə Müdafiə Nazirliyinin, prokurorluğun, məhkəmənin insan hüquqlarını zorlamasına niyə susub ?
Və ya insan hüquqlarının zorlanmasının “müvəkkil haqqı” nə qədərdir?  

Son illərin başlıca qonusunun “Tərtər cinayəti” olması şübhə doğurmur. Özəlliklə, son üç ildə Müdafiə Nazirliyinin, hərbi prokurorluğun, hərbi məhkəmələrin hərbi qurumlarda insan (hüquqlarını) zorlamaları toplumun diqqətinə verilib. Xaricdən yayımlanan internet kanallarında “Azerifreedom” TV -nin başladığı və başa çatdırdığı cinayətin açılması yayımlarında elə faktlar, ağlagəlməz işgəncələr, zorlanmalar açıqlanıb ki, insan susa bilməz. Amma Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və aparatı susub. Niyə, nəyin qarşılığında? Əlbəttə, rüşvətin, korrupsiyanın! Başqa nə ola bilər ki, insanı işgəncə ilə öldürəsən, hələ bir insan kimi basdırmağa da qoymayasan? Düzdür, indiki Ombudsman elə 3 il qabaq -29 noyabr 2019-cu ildə müvəkkil təyin olunub, amma bu Ombudsman Aparatının baş vermiş hüquq zorlantısına susqun qalmasına haqq vermir. Necə deyərlər, başçı dəyişib, aparat həminkidir.

Bəs beş il yarım qabaq baş verən “Tərtər cinayəti”nə Ombudsman institutunun ilgisi nə olub? Bu barədə Ombudsman Aparatı məlumat verməsə də, Müdafiə Nazirliyi 5 il qabaq məlumat yayıb . “Azadlıq radiosu”nun Azərbaycan xidmətinin 02.12.2017 tarixli xəbərində Müdafiə Nazirliyinin həmin tarixli məlumatına əsasən, “Ombudsman Aparatının nümayəndələrinin ( Fəzail Həsənov və Vüqar Heydərov) cəbhəboyu zonada yerləşən hərbi hissələrdə Müdafiə Nazirliyinin və insan hüquqları üzrə müvəkkilin birgə planına uyğun olaraq səfərdə olduqları , hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, şəxsi heyətin suallarını cavablandırdıqları, əsgər yataqxanalarına, tibb məntəqələrinə, inzibati otaqlara , yeməkxanalara baxış keçirərək qidanın və müalicə işinin keyfiyyəti ilə maraqlanmaları” vurğulanıb. Bu səfərin və xəbərin düşmənlə üzbəüz Tərtərdə baş verən hərbi cinayətlərdən 7 ay sonra gerçəkləşməsi, özü də Müdafiə Nazirliyinin məlumatından bəlli olması diqqət çəkir.

Görəsən, Ombudsman və Aparatının nümayəndələri niyə may ayında - işgəncənin , insan ( hüquqlarının) zorlanmasının “qızğın” çağında insan hüquqlarının durumunu yoxlamağa getməyib(lər) ? Ombudsmana görəvini icra etməyə kim imkan verməyib? Müdafiə Nazirliyi, hərbi prokurorluq, yoxsa? Bəlkə, həkimləri işgəncədən qabaq səfərbər etdikləri kimi, Ombudsman Aparatının nümayəndələrini də “Müdafiə Nazirliyi ilə Ombudsmanın birgə planına” uyğun olaraq səfərbər ediblər, xəbər vermirlər? Yəqin yeni istintaq buna aydınlıq gətirər. Ombudsman Aparatının nümayəndələrini sorğu – sual etsə. .

Bəs indi Ombudsman və Aparatının hərbi işgəncə faktlarına, insan hüquqlarının zorlanmasına ilgisi niyə yoxdur? Deyilənə görə, Ombudsman işgəncəgörənlərin yox, işgəncəverənlərin əfv edilməsi ilə bağlı dövlət başçısına müraciət edib və əfvə nail olub. Yəqin işgəncəverənlərin siyahısını da Müdafiə Nazirliyi verib. Yoxsa insan hüquqları üzrə müvəkkil çaşıb işgəncəgörənlərin adlarını əfv sərəncamına saldıra bilərdi.
Tərtər cinayətini açan jurnalist, hüquq müdafiəçilərinin – İlham Aslanoğlu, Abid Qafarovun, eləcə də Əli Əliyevin, Əvəz Zeynallinın, Elnur Məmmədovun qanunsuz həbslərinə Ombudsmanın susması da Ombudsmanın hüquq pozucularını qorumasını sübut edir .

Ombudsman Aparatının işgəncələrdən “müvəkkil haqqı” qarşısında “xəbərsiz” olması bir yana, xəbərdar olanda da “susmaq haqqı”ndan yararlanması, çox hallarda gizlətməsi ölkədə insan hüquqlarının qorunmasının yox, zorlanmasının qüvvədə olmasını ortaya qoyur. Belə hüquq müdafiəçiliyi, insan hüquqları müvəkkilliyi ilə yalnız hərbi hissələrdə , polis bölmələrində, penitensiar müəssisələrdə, məhkəmələrdə insan hüquqlarının zorlanmasının müdafiəsi gerçəkləşə bilər.
Məğrur Bədəlsoy

Paralel.az

0.069097995758057