Azərbaycan hakimiyyəti yanlış addımlar atdı
Siracəddin Hacı:
Prezident İlham Əliyev Paşinyanın Makron da görüşdə olmalıdır iddiasını əsas götürərək dekabr ayında keçirilməsi nəzərdə tutulan Brüssel danışıqlarında iştirakdan imtina etdi. Bu səbəblərə görə yanlış addım atdı:
- Bu addım Rusiyanın mövqeyini, Putinin Güney Qafqaz Rusiyanın ağalığında olmalıdır fikrini gücləndirir, alternativ – Brüssel formatı sıxışdırıldığından Azərbaycanın hərəkət imkanı azalır. Güney Qafqaz Rusiyanın monopoliyasında qalacaqsa, Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll olunmayacaq;
- Bu addım İranın mövqeyini gücləndirir, İran Rusiyanın Güney Qafqazda təsirinin azalmasını istəmir, bunu çıxarlarına təhdid hesab edir;
- Bu addım Ermənistanın mövqeyini gücləndirir, Ermənistan deyəcək ki, Azərbaycan danışıqları pozan, savaş istəyən tərəfdir;
- Bu addım Azərbaycanla Ermənistan sınırında savaş ehtimalını artırır, sərhəddə savaş olacaqsa, Fransa və Ermənistanın Azərbaycanı təcavüzkar dövlət kimi tanıtmaq siyasəti davam edəcək, Azərbaycan təklənəcək;
- Azərbaycan Ermənistanın Makronu danışıqlara daxil etmək siyasətinə qarşı bu addımı atmalı idi: biz Brüssel formatında iştirak edəcəyik, ancaq Makron bu görüşdə olmayacaq, ya da Fransa bu görüşdə olacaqsa, Türkiyə də olacaq. Azərbaycan bu addımı atsa idi, Putinə də, Makrona da, Paşinyana da ciddi zərbə vurmuş olardı;
- Azərbaycan almanın içində qurd var deyə qurdla bərabər almanı da atmamalı, qurdu atıb almanı yeməlidir, birəyə əsəbiləşib yorğanı da yandırmaq Azərbaycana xeyir gətirməz;
- Prezidentin Zəngəzur yolu açılmasa, onu açacağıq tezisi də yanlışdır, Azərbaycanın vəzifəsi Zəngəzur yolu uğrunda savaşmaq deyil, Laçın koridorunu bağlamaq, yanlış siyasət nəticəsində ortaya çıxmış problemi bu yolla həll etməkdir;
- Prezident deyir ki, biz danışıqlar üçün yeni format axtarmalıyıq, bu, Azərbaycanı Avropa və ABŞ-la üz-üzə qoymaqdır ki, Azərbaycanın siyasi-diplomatik məğlubiyyətinin yolunu açacaq;
Paralel.az