Hərəsinə 5000 manat verilsin! - NİYƏ?

Hərəsinə 5000 manat verilsin! - NİYƏ?
 

İdris Abbasov:

"Akademiyanın Rəyasət Heyətinin qərarına əsasən, 35 yaşına kimi "elmlər doktoru" elmi dərəcəsi alan şəxslərə 5000 manat pul mükafatı veriləcək”. 
Növbəti absurdologiya deyilmi? Bu Rəyasət Heyətinin o qədər qapıları vardır ki, hey qapayırlar, qapanıb qurtarmaq bilmir.
Təbii ki, belə mənasız qərarların elmin inkişafına zərrə qədər də faydası ola bilməz. Mən bilmirəm, bu alimi-kəbirlər hansı beyin mexanizmi ilə düşünürlər? Təsəvvür edin, verilmə qaydası hamımıza bəlli olan "elmi dərəcə"yə görə dövlətdən 5000 min mükafat qoparmaq qərarı hansı ağla və məntiqə sığır? Üzündən köçürüb kələk gəlməklə, yaxud rüşvətlə, adamla sürətlə elmi dərəcə al, saxtakarlıq və yolsuzluq etdiyin üçün, üstəlik, sənə 5000 manat da mükafat versinlər! Bərəkallah!
Deyəsən, akademik kəşfə görə, Yer kürəsi tərsinə fırlanır!!!
Tutaq ki, Həsən ağanın qohumu, pullu-karlı Vərəmqulu 33 yaşında tez-bazar, yaltaqların və rüşvətxorların saxta tərifləri və gen cibləri ilə linç edilib al qana boyanmış nəverim elmlər doktoru dərəcəsi alıb. Yaxud istəklərinə uyğun olaraq saxta üsulla Səyka Haramzadəyə 31,5 yaşında elmlər doktoru diplomu veriblər. İndi onlara dövlət əlavə göydəndüşmə 5000 manat da pul mükafatı verməlidir? Dəhşət, rüsvayçılıq, ələsalma deyilsə, bəs nədir? Heç neandertal düşüncə sahiblərini də məntiqinə sığmaz. Guya nə günlü müdafiələr nəticəsində dərəcə alınmasını heç kim bilmir? Ayıbdır, vallah! Ölürkü vaxtlarında da xalqın, dövlətin xeyrinə doğrunu etiraf etmədilər.
Əlbəttə, bu həmən akademizm üzvləridir ki, başçılıqları altında üzündən hərf-hərf köçürülən kitaba "məqsədyönlü siyasətin məntiqi nəticəsi" deyib aləmdə təqdimat mərasimi keçirir, fırıldağın üstü açılana qədər tərifləyir, oğurlayır, dövlətin pulunu bu yolla talayır, sonunda da cəzasız qalırlar...
Akademizm kosmos əsrində də anlamadı ki, mükafat bədnam prosedurlar nəticəsində verilən dərəcəyə, titula, habelə millətin gözünə kül üfürən saxta əsərlərə görə yox, ciddi elmi nailiyyətlərə görə verilə bilər. Bunun əksi rüşvətin çiçəklənməsinə şərait yaratmaq və büdcədən ciblərə gedən pulun miqdarını artırmaq, nəticə etibarilə, düşmənə xidmətdir.
PS. Ey milyonları altına yığıb əhli-əyalını yağ içində böyrək kimi bəsləyən, mamılı balalarını "yağlı" vəzifələrə dürtüb milləti rəncidə edən akademşəbəkə üzvləri, əgər hesab edirsinizsə ki, sizin 5000 manat təklifli qafa məhsulunuz qiymətlifdir, onda açın kisələrinizin ağzını və kefiniz istəyən qədər paylayın haram yolla yığdığınız o milyonlardan. İstəsəniz, büdcənin viranəliyi hesabına yiyələndiyiniz şirkət, villa və mülklərinizi də satışa çıxara bilərsiniz. Bəsdirin, gözünüz doysun, bir tikə çörəyə möhtac qoyduğunuz sadə xalqın canını qurban etdiyi dövlətin qəbih fəaliyyətiniz nəticəsində yağmalanmış büdcəsindən gözünüzü və əlinizi çəkin, insafınız olsun!

"Paralel.az"

0.034608840942383