Qəhrəmanlı qəsəbəsinin qəhrəman şəhidi Sabir Əhmədov!
Qəhrəmanlı qəsəbəsinin qəhrəman şəhidlərindən Sabir Əhmədov!
Şəhidlik elə bir zirvədir ki, bu mərtəbəyə yalnız müqəddəs amalları uğrunda çarpışan, qorxu nədir bilməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər.
Bu gün sizə vətənimizin hər qarış torpağı üçün canından keçən qeyrətli oğullarımızdan biri, Beyləqan rayonun qəhrəman şəhidlərindən Sabir Əhmədovu tanıtmaq istəyirik.
Sabir Səfər oğlu Əhmədov 1989-cu il iyunun 14-də Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. 1995-ci ildə Beyləqan rayonu Qəhrəmanlı qəsəbə T.Məmmədov adına tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2006-cı ildə həmin məktəbin 11-ci sinifini bitirib və elə həmin ilin iyul ayında həqiqi hərbi xidmədə çağrılıb. Hələ kiçik yaşlarından Vətənə böyük sevgisi olan Sabiri hər bir azərbaycanlı kimi daim torpaqların azad olunması düşündürüb. Elə buna görə də Sabir 2009-cu ilin yanvarında xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Respublikasının Silahlı qüvvələrində xidmət etməyə başlayıb. Ailəli idi, 3 övladı vətənə yadigar qaldı...
Vətənə ömrünü, gününü və nəhayət canını verən Sabir Vətən müharibəsi başlayan ilk günlərdən döyüşlərdə fəal iştirak edib. Onu tanıyanlar qeyd edir ki, Sabir çox qorxmaz və mərd insan idi. Döyüşlər ərəfəsində bir saniyə belə gözünü qırpmadan ancaq irəli gedən, düşmənin qorxulu yuxusuna çevrilən hərbçilərimizdən olub.
Hər kəsin qəhrəmanına çevrilən Sabir Əhmədov Vətənin bölünməzliyi uğrunda gedən İkinci Qarabağ savaşında Xocavənd və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sabir Əhmədov döyüşlərdə neçə illik peşəkar hərbi təcrübəsini nümayiş etdirmiş, hərbçi yoldaşlarıyla birgə xüsusi taktikalar istifadə edərək erməni qoşunlarını doğma torpaqlarımızdan quvub çıxarmışdır.
İgidlik və qəhrəmanlıq nümunəsinə çevirlən qəhrəmanımız Sabir Əhmədovun son döyüşü Füzuldə oldu.. Sabir Əhmədov oktyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub.
Onun şəhid xəbəri doğulduğu obanı yasa qərq etdi. Bu gün də onu tanıyanlar, dostları və əzizləri Sabirin qəhrəmanlığından fəxrlə danışır, onun gələcək nəsillərə əsl nümunə olduğunu qeyd edirlər.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Sabir Əhmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Sabir Əhmədov timsalında bütün qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirik!
"Paralel.az"