Professor Nəriman Qasımoğlu yazır...

Professor Nəriman Qasımoğlu yazır...
 



Deyəsən 6 noyabr Azərbaycan Televiziya və Radio İşçilərinin Peşə Bayramından azacıq da olsa mənə pay düşür...
Vaxtilə Bakı radiosunda ərəb verilişləri şöbəsinin diktoru qismində çalışmışam. Bu şöbə mənim üçün doğma bir yerə çevrilmişdi həm də ona görə ki, burada sevimli qardaşım Fəxrəddin Qasımzadə işləmişdi. Onlu dünyamızı çox erkən tərk etmiş və özündən sonra orada mənim üçün hüznlü bir ab-hava buraxmışdı. Hər işə yollananda sanırdım onun ruhu ilə də görüşə gedirəm...
Xarici verilişlər idarəsinin rəhbəri sevimlimiz, yazıçı, mərhum Aqşin Babayev idi. Ruhu şad olsun.
“Hunə: məhattatu bə:ku, də:ru-l-izə:’ati-l’ə:zərbeycə:niyyə” (hərfən təxmini belə: “Bura Bakı radiostansiyası, Azərbaycan verilişləri evi”) ifadəsi orada işləmədiyim müddətdə də bir ara mənim səsimlə efirdə gündəlik açılışlar edib.
Sonralar bir müddət Moskva radiosunun ərəb dili üzrə diktoru işlədim.
Kişi səsləri milliyyətcə ərəb, qadın səsləri rus olan diktorların sırasına qatılanda kollektivdə bunu həm də o mənada qiymətləndirmişdilər ki, ərəb olmayan, yeganə “sovet” kişi səsi mənimki idi. Efirdə çıxışıma “hunə: mu:sku:, də:ru-l-izə:ati-s-su:fyi:tiyyə” (bura Moskva, sovet verilişləri evi”) ifadəsi ilə başlayırdım. Verilişlərin çoxu öncədən yazılırdı. Bir dəfə çaşaraq Bakı vərdişim üzrə “Hunə: məhattatu bə:ku, də:ru-l-izə:’ati-l’ə:zərbəycə:niyyə” dedim, çıxışımı saxladılar, gülüşdülər və dedilər yaxşı ki, birbaşa efirdə deyilsən.
O zaman Moskvada əsas işim SSRİ Şərqşünaslıq İnstitutunda təcrübə keçməyimlə bağlı idi. Orada elmi işçi qismində çalışır, dissertasiya yazırdım. Bir gün fikirləşdim Moskva radiosuna müraciət edim, saat hesabı işləyib pul qazanaram.
Onlara zəng etdim, çağırdılar, “səsin mikrofona çox münasibdir, tələffüzün də əla” dedilər. İşə başladım. Bir də baxdım başım orada pul qazanmağa, diktorluğa, orada çalışan əməkdaşlarla dostluğa elə qarışıb ki, dissertasiya-filan yaddan çıxıb.
Düz bir il işləyəndən sonra məsuliyyət hissi mənə güc gəldi, düşündüm gərək oradan ayrılıb elmi işimə qayıdım. Demə, radioda ərəb verilişləri rəhbərliyinin də fikri varmış məni ştata götürsünlər, qalım Moskvada, onlarla işləyim. Niyyətimi biləndə çox heyfsiləndilər...

Paralel.az

0.013056039810181