DİN-dən hamilə qadının və 13 yaşlı qızın döyülməsinə reaksiya - FOTO
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Masallı rayonunda hamilə qadının və 13 yaşlı qızının döyülməsinə münasibət bildirib.
Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, noyabrın 6-da sözügedən məsələ ilə bağlı Masallı Rayon Polis Şöbəsinə müraciət daxil olub:
“Hazırda araşdırma aparılır və müvafiq ekspertizalar təyin edilib. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadənin yaydığı məlumata görə, Masallı rayonunda hamilə qadın və 13 yaşlı qızı şiddətə məruz qalıb.
O bildirib ki, qadın qızı ilə birlikdə Bakıya qaçıb:
“Qadın Kürdəmir sakinidir. Qeyri-rəsmi nikahda yaşadığı əri oktyabrın 21-dən uşağa və ona mütəmadi şiddət göstərib. O, qadının polisə şikayət verməməsi üçün Masallıda kirayə qaldıqları evdə qapını açarla bağlayırmış.
Noyabrın 3-də qadın qızı ilə birlikdə Bakıya qaçıb. Hamilə qadın müayinə üçün dərhal xəstəxanaya yönləndirilib. Onun hamiləliyinin 17-ci həftəsi olmasına baxmayaraq, bu vaxta qədər həkim baxışı olmayıb”.
"Paralel.az"