Azərbaycan himninin mətninin şərhi - III yazı

Azərbaycan himninin mətninin şərhi - III yazı
 

Siracəddin Hacı:

ƏHMƏD CAVAD -130
- Sonra milli marşın DUA bölməsi gəlir, məqsəd açıqlanır, minlərlə can niyə qurban oldu, sinən hərbə niyə meydan oldu, əsgər niyə hüququndan keçdi, niyə qəhrəman oldu suallarına cavab verilir: SƏN OLASAN GÜLÜSTAN – GÜL BAĞÇASI – müstəqillik, azadlıq, ədalət, mərhəmət, rifah varsa, Vətən gülüstandır;
- Sənə hər an can qurban- burada “hər an” ifadəsi çox önəmlidir, Azərbaycan o qədər dəyərli ölkədir ki, hər an sayıq olmalı, çalışmalı, bircə an da gözümüzü üstündən çəkməməli, qorumalıyıq - Azərbaycan hər an sayıqlıq tələb edən ölkədir, körpüdür, körpüdən dost da keçər, düşmən də, güclü, sayıq olmalıyıq ki, körpü yıxılmasın;
- Sənə min bir – ifadəsi mümkün olmayacaq sayda/dərəcədə məhəbbət sinəmdə -qəlbimdə məkan tutmuş, heç vaxt çıxmayacaq biçimdə yerləşmişdir, Vətən məhəbbətinin qəlbimi tərk etməsi imkansızdır, sənin gülüstan – hüzur, barış məkanı olmağını təmin edəcək, qoruyacaq qədər məhəbbətim var;
- Milli marşın son bölməsi AND - söz verməkdir: Vətənin namusu var deyir, Azərbaycanın namusu insanların haqq və hüquqlarıdır, müstəqillik, azadlıq, ədalət, mərhəmət, ərazi bütövlüyü, elm, iqtisadiyyat, siyasət, mədəniyyətdir. Namus qorunmağa – hifz edilməyə möhtacdır. Marş Vətənin bayrağı var deyir, o, kimliyi təmsil edir, yüksəldilməlidir, dalğalanan bayraq azad kimliyin simvoludur;
- Marş “cümlə gəncləri” – bütün gəncləri önə çıxarır, sevgili ƏHMƏD CAVAD əsgəri, gəncləri ayrıca vurğulayır, deyir ki, Azərbaycanın namusunu qorumaq, bayrağını ucaltmaq üçün bütün gənclər müştaqdır - aşiqdirlər, aşiqlik fədakarlıqdır, Vətən şüuru olan, iradəli, elmli, çalışqan, əzmli, cəsur gənclər, əsgərlər varsa, Vətən məğlub olmaz;
- Möhtərəm ƏHMƏD CAVAD “şanlı Vətən” deyir, bu ifadəni iki dəfə təkrar edir, o Vətənin Azərbaycan olduğunu göstərir, onu ürəyi Vətən sevgisi ilə dolu gənclərə, cəsur əsgərlərə, bütün xalqa əmanət edir, ruhlandırır, cəsarət, ümid, güc verir, böyük milli hədəf göstərir – Allahın əmanəti olan Azərbaycanı qoruyun;
- Azərbaycanın milli marşı bu anlayışlar üzərində qurulmuşdur: AZƏRBAYCAN, VƏTƏN, BAYRAQ, SƏDAQƏT, CƏSARƏT, ŞƏHİDLİK, SEVGİ, FƏDAKARLIQ, DUA, AND, ƏMANƏT;
BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏSİN!
MİLLİ MARŞIMIZ DƏYİŞMƏSİN, DİLLƏRDƏ DASTAN OLSUN, AZƏRBAYCAN XALQINA ÜMİD, CƏSARƏT, QÜRUR VERSİN, COŞDURSUN!
MƏHƏMMƏD ƏMİN RƏSULZADƏYƏ, ƏHMƏD CAVADA, ÜZEYİR HACIBƏYLİYƏ, BÜTÜN ŞƏHİDLƏRƏ, MÜSTƏQİL, AZAD, ƏDALƏTLİ AZƏRBAYCAN UĞRUNDA MÜBARİZƏ APARAN HƏR KƏSƏ SALAM OLSUN!
AMİN!

Paralel.az

0.016220092773438