“Yad ölkədə varmı yaxın qohumunuz?”

“Yad ölkədə varmı yaxın qohumunuz?”
 

 

SƏHVİMİZ

“Yad ölkədə varmı yaxın qohumunuz?”
Sualının biri buydu anketlərin.
“Yox” sözünü yazıb keçdi bir çoxumuz,
Mə’nasını düşünmədən dərin-dərin.

Bəs o gözü yolda qalan Təbriz qızı,
Savalanın igid oğlu, de, kimlərdir?
Danmırıqmı anamızı, bacımızı,
Məgər onlar on nəfərdir, yüz nəfərdir?

Milyon-milyon qohum-qardaş o taydadır,
Bəs nə üçün “yox” yazırıq bu suala?
Doğmaları ögey bilmək nə qaydadır,
Bu gün hələ yetməsək də biz vüsala?

Ah, qol-boyun gəzəcəyik nə vaxt birgə
Sahil boyu doğma Kürü, Arazı biz?
Nə vaxt yallı tutacağıq cərgə-cərgə
Bayram kimi qarşılayıb hər yazı biz?

Ana torpaq, danla bizi, yaraşarmı
Əsrlərcə qəlbdə yatsın çox sözümüz?
“Yad ölkədə qohumunuz, deyin, varmı?”
Gün olsun ki, düz yazılsın “yox” sözümüz.

Qasım Qasımzadə, 1958

Paralel.az

0.030243873596191