Samiq Rəhmənov-Həmlə taborunun döyüşçüsü
3.01.1990 – 25.10.2020 -FOTO
Samiq Rəhmənov-Həmlə taborunun döyüşçüsü
3.01.1990 – 25.10.2020
Samiq Rəhmənov həmlə taborunun döyüşçüsü idi. Bunun nə olduğunu hərbiçilər yaxşı bilir. Ata isə bilmirdi...
-Həmlə taborunda olub. Mən heç bilmirdim bu nədi. Demə öndə olanlardı. Həmişə hücuma keçənlərdi. Yəni ölümə imza atanlardı.. Oğlum birinci hücum edənlərdən olub. Qorxmaz idi mənim oğlum. Öləcəyini bilsə də öndə gedərdi - qürurluydu həm də Rizvan kişinin kövrək, təmkinli səsi...
Dərdi səsdə görmək ağırdı. Bu dərdin içindən qürurla baxmağı hamı bacarmaz.
Rizvan Rəhmənovun iki oğlu var. İkisi də hərbiçidi. “Dayısı da hərbiçi olub. Həqiqi Hərbi xidmətdən qayıtdı evə. Bir müddət keçəndən sonra dayısına deyib ki, kömək elə sənədlərimi hazırlayım, hərbiçi olmaq istəyirəm. Çox istəyirdi hərbiçi olsun” – dedi ata.
Azərbaycan Ordusunun çavuşu Samiq Rizvan oğlu Rəhmanov 1990-cı il yanvarın 3-də Səncərədidə anadan olub. 2008-ci ildə Elman Ağayev adına Səncərədi kənd tam orta məktəbini bitirib.
Füzulinin kəndləri uğrunda çətin döyüşlərdən keçib. Düşməndən azad olunan Füzulinin Əmirxanlı kəndində ilk bayrağı qəhrəmanımız Samiq qaldırıb.
Oktyabr 10-da döyüşlərdə qəlpə yaraları alıb Samiq. Onu əməliyyat üçün hospitala göndəriblər. İgid döyüşçümüz hospitalda qalmayıb, əməliyyatdan imtina edib: “Əməliyyat olsam, burda qalmalı olacam. İndi xəstə kimi yatmaq zamanı deyil. Mən döyüşməliyəm” - deyib. Həkimlərin etirazına baxmayaraq cəbhəyə qayıdıb.
Həyat yoldaşı Dünya xanımla sonuncu görüşləri də hospitalda olub: Son dəfə hospitalda müalicə alarkən görmüşəm onu. Mənə ancaq “möhkəm ol” deyirdi. Orda da qalmadı. Yaralı olmasına baxmayaraq müharibəyə döndü. Çox qayğıkeş idi. Diqqətliydi. Doğmalarına, ailəsinə hədsiz bağlı olsa da, Vətən sevgisi daha güclüydü. Həkimlər də onu saxlaya bilmədi. Getdi. Bu son görüşümüz oldu.
Lələtəpə döyüşlərinin iştirakçısı olan, cəsurluğu ilə seçilən, yaddaşlarda qalan Samiq Rəhmənovun Vətən müharibəsindəki döyüş yolu Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlıda davam edib. Cəbrayıl döyüşlərində yenidən ayağından yaralansa da xəstəxanaya getməkdən imtina edib.
Addım-addım, qarış-qarış azad olunurdu torpaqlarımız. Düşmənlər hərbi texnikasını, silah-sursatlarını qoyub qaçırdı. Düşmənlərin meydanda qoyub qaçdığı pulemyotla 20-dən artıq düşməni məhv edir. Elə həmin döyüşdə də oktyabın 25-də mərmi partlayışından şəhid olur baş çavuş Samiq Rəhmənov.
Samiqin Aylin və Fədayə adında iki qız övladı böyüyür.
Rəhmanovlar ailəsinində də iki oğul böyüyüb: Samiq və Ramiq. Hər ikisi hərbiçidi. Bir oğlu şəhid olan, sağlamlığında problem yaranan ata Ramiqin xidmət yerinin dəyişməsi üçün vitse-Prezident, birinci xanım Mehriban Əliyevaya müraciət edib. Gəncədə xidmətdə olan gizir Ramiq Rəhmanovun xidmət yeri dəyişdirilib. Ramiq indi Astarada Hərbi Dəniz Donanmasında xidmət edir.
- Heç vaxt hərbiçi olmağımıza görə peşmanlıq yaşamadıq; nə özümüz, nə doğmalarımız. Qürur duyuram qardaşımla. Şəhidlik də hamıya nəsib olmur. Bir an belə düşünmədən, tərəddüdsüz vətənim Azərbaycan üçün şəhid olmağa hazıram, – dedi Ramiq.
Kövrəldim Ramiqin bu sözlərindən. Duyduğum qürurdan, vətən sevgisindən dolan gözlərimi silmədim. Qoy gözlərimizdən qürurlu Vətən sevgisi səpilsin hər yana.
Kamalə Abiyeva
Paralel.az