100 milyonluq rəqəmsal kadastr xəritəsi haradadır?
100 milyonluq rəqəmsal kadastr xəritəsi haradadır?
Osman Gündüz
Bir neçə gün öncə Azərbaycanın rəqəmsal kadastr xəritəsi ilə bağlı vacib bir məsələni dəqiqləşdirmək lazım gəldi.
Bir neçə il öncə Prezidentin fərmanı əsasında hazırlanan bu sistem xeyli gecikdirilsə də, 2020-ci ilədək hazır olacağı bildirilmişdi.
Təəssüf ki, adı şəkilən resursu əldə etmək cəhdim uğursuz oldu. Resurs sadəcə yoxdur.
Torpaqların elektron kadastrı sisteminin və rəqəmsal kadastr xəritələrinin hazırlanması Azərbaycanın ən bahalı rəqəmsal layihələrindən biri olub.
Qısa bir araşdırma ilə müəyyən etmək olur ki, son 10 ildə hökumət beynəlxalq təcrübəyə əsaslanmaqla belə bir layihənin hazırlanmasına 100 milyon manatdan çox sərmayə yatırıb.
Xatırlayıram ki, yalnız “Kutlubey Harita İnşaat Muhendislik Sanaye Ticaret LTD” şirkətinə bu məqsədlə çoxsaylı tenderlər vasitəsilə 80 milyon manatdan çox vəsait ödənmişdi.
Görəsən bunun qarşılığında bu tip resurslar, qonşu ölkələrdə olduğu kimi bizdə də əlçatandırmı ?
Təəssüf ki, hələlik bunu ancaq arzulamaq olar. Aidiyyatı qurumlar, Əmlak Məsələləri Dövlət Xidməti ötən illərdə bu istiqmətdə çoxsaylı açıqlamalar, məlumatlar paylaşıb.
Bəzi tədbirlərində mən də iştirak etmişəm. Bu istiqamətdə müəyyən işlər görülmüşdü, bir çox rayonlarda işlərə başlandığı bildirilirdi.
Lakin görünür ki, hələ də işləri başa çatdrımaq mümkün olmayıb.
Qeyd edim ki, ölkənin və ayrı-ayrı rayonların rəqəmsal kadastr xəritələri bütüövlükdə ölkədə gedən rəqəmsal transformasiya üçün mühüm əhəmiyyət kəsb edir.
Həmin resurslarda hər bir torpaq parselinin təyinatı, hüdudları, onların üzərindəki əmlakın ünvanı və kordinatları, o cümlədən tikintialtı sahəsi, perimetri, koordinatları, torpağın keyfiyyət göstəriciləri və s. məlumatlar yetərincə ictimai əhəmiyyət kəsb edir. Adətən sənədlərdəki məlumatlarla faktiki məlumatlar arasında ciddi uyğunsuzluqlar olur.
Bu resurslar həm icra və bələdiyyə qurumları-qərar qəbul edənlər üçün , həm də özəl sektor və vətəndaş cəmiyyəti üçün kifayət qədər əhəmiyyətlidir.
Bütün bunlar həm də Milli Məkan Məlumatları infrastrukturunun formalaşmasında mühüm rol oynamalıydı. Hansı ki, bununla bağlı da Prezidentin müvafiq tapşırıqları olmasına baxmayaraq bu infrastrukturdan da hələlik xəbər yoxdur.
Dünyada və qonşu ölkələrdə bu tip proseslər artıq çoxdan başa çatıb və oxşar resurslar əlçatandır.
Amma reallıq odur ki, bizim ölkə üzrə və bölgələr üzrə rəqəmsal kadastr xəritələrimiz hələ də ortada yoxdur.
Ümid edirəm, İqtisadiyyat Nazirliyi, ƏMDX tezliklə adı çəkilən resursları əlçatan edə biləcək.
P.S. Bu günlərdə daha bir xəritə xidməti verən şirkət, 4Maps anlaşılmaz bir tenderlə 3.7 milyon manat vəsait əldə edib. Antiinhisar Dövlət Xidməti bununla bağlı araşdırma aparırdı.
Ümid edirəm yuxarıda adı çəkilən, 80 milyon əldə edən şirkət kimi 4Maps da tezliklə ofisini bağlayıb ölkəni tərk etməyəcək.
Paralel.az