BAKI ŞƏHİDLƏRİ -
Heybətov Ağa Əmi Elçin oğlu

BAKI ŞƏHİDLƏRİ -Heybətov Ağa Əmi Elçin oğlu
 

Bakı paytaxtdı. Bəlkə ona görə havası da, suyu da, küçəsi də, səhəri, gecəsi də fərqlidi hamı üçün. Mənim üçün də fərqlidi Bakı. Bakı kəndlərinin də ayrı özəlliyi var. Əhalisinin də. Ağa Əmi də fərqli idi. Şirindil, diqqətli, savadlı, qayğıkeş, ədəb-ərkanlı.
1993 – cü il  iyunun 6-da  Bakıda  dünyaya göz açan Ağa Əmi Heybətovlar ailəsinin sonbeşiyi, həm də Kamalə və Həliməxanımın yeganə qardaşı idi. 2000-2011-ci illərdə Buzovnadakı  Birinci Qarabağ Savaşının şəhidi Əfqan Əliyevin adına olan 125 nömrəli tam orta məktəbdə oxuyub. Şagird kimi fərqlənib, birincilərdən olub. Öndə olub həmişə. Dərs əlaçısı kimi Şərəf lövhəsində yer alıb .

Məktəb yoldaşları onun haqqında elə danışdılar ki, Ağa Əminin gülər üzünü gördüm. Onu gah lövhə önündə, gah futbol oynayanda, gah sinif yoldaşları ilə deyib-güləndə gördüm elə bil.
O, idmanı sevib, müxtəlif idman növləri ilə məşğul olub. Ən çox da futbola maraq göstərib. Hələ məktəbli ikən qatıldığı futbol yarışlarında da fərqlənib və fəxri-fərmanlar alıb.
Bu dərs əlaçısı olan, iştirak etdiyi bütün bilik yarışmalarında fərqlənən, diplomlara, fəxri-fərmanlara layiq görülən  idmançı oğlanın musiqiyə bir başqa vurğunluğu olub. Buzovnadakı 4 nömrəli  Uşaq İncəsənət məktəbində qarmon ixtisasına yiyələnib. Müəllimləri onun istedadından söhbət açdılar, “gözəl qarmon ifaçısı idi”- dedilər.
Orta təhsilini 2011-ci ildə əla qiymətlərlə başa vuran Ağa Əmi həmin il Azərbaycan Dövlət  İqtisad Unuversitetininin tələbəsi olur, “Türk Dünyası işlətmə” fakultəsində  “Turizm və otelçilik” ixtisasına yiyələnir.  Tələbə ikən istehsalat təcrübəsi keçdiyi Qafqaz Resort Otel tərəfindən xüsusi sertifikat alır. Məsuliyyəti, mədəniyyəti, savadı ilə müəllim və tələbə dostlarının sevimlisi idi Ağa Əmi.

Tələbəlik  illərinin dostu Cənnətov Xanbala: İlk gündən aramızda səmimi münasibət yarandı və bu dostluğa çevrildi. Onunla hər mövzuda söhbət edə, istənilən problemini bölüşə bilirdin. İti zəkalı idi. Ən çətin anda belə sevinc yaşada bilirdi. Söz tapmıram onun kimliyini ifadə edim. Nöqsansızdı.  Əsil dost idi.
Kərimli Kamransa bunları dedi: Ağa Əmi kimi adamlara “şəxsiyyət” deyirik. Bu da azdı onu anlatmaq üçün. Həmişə səliqəli geyimi ilə, ölçülü-biçili hərəkətləri, sözü-söhbəti ilə gözümün qarşısındadı. Çox məntiqli və istedadlı idi. Birlikdə keçib tələbəlik illərimiz və dostluğumuz sonra da davam edib. Hər yay Buzovnaya gedərdik, Ağanın qonağı olardıq.

2015-ci ildə Ağa universiteti bitirib həqiqi hərbi xidmətə yollanır.  Həqiqi hərbi xidmətini Gəncədə atıcı kimi başa vurur. Komandiri və dostları böyük hörmət qazanan  Ağaya “əmi” deyirlər. 
Ağa Əmi Heybətov həmişə ailəsinə sevinc yaşadıb. Atası Elçin bəyin dediklərindən: Atamın adını qoymuşdum. Atam deyirdim. Babasının adını ləyaqətlə daşıyırdı. Həmişə ancaq tərif eşidirdim. Harda olsa seçilirdi. Amma torpağını da çox sevirdi. Oğlum elə bil torpaq üçün yaranmışdı.  Özü istədiyi kimi torpağına da qovuşdu. Aprel döyüşləri zamanı da döyüşlərə qatılmaq istəyib.  İkinci savaşa da könüllü yazılıb. Mən elə bildim ki, səfərbərlikdi. Özüm yola saldım onu. Hərbi Komissarlıqda da şəkil çəkdirdik. Son şəklimiz oldu oğlumla...

Ata ilə oğulun son şəklinə baxıram. Son şəkil də olur. Kiminləsə sonralar görüşməyə bilərsən. Səndə son şəkli qalar.  Amma bir də Vətən torpağında, vətən tarixində qalan şəkil olar son şəklin.
Gülümsər gözlü, nurlu simalı, heç vaxt qocalmayacaq igidin son şəkli. “Torpaqları azad etdik” təbəssümü ilə Azərbaycanımızın hər qarışından bizə baxacaq qəhrəmanımız.
 
Ağa Əmi 2018-2019-cu illərdə Veysəloğlu MMC-də, 2019-cu ildən isə Müdafiə Sənaye Nazirliyinin “Şərq” İstehsalat birliyi “İqlim elmi-istehsalat müəssisəsi”ndə işləyib. İş yoldaşları onu sevinc, sevgidolu biri kimi xatırlayır: Çox işıqlı idi. Gülərüzlü idi. Kimsəni incitməzdi. Hamının qayğısına qalardı. İnsanları sevərdi. Bir də vətəni.

 “Dadlı yeməkləri də sevərdi” – dedi qardaşından danışan Həliməxanım. - Bacı deyəndə bilirdim ki, nəsə bir istəyi var. Onun hər arzusunu yerinə yetirərdik. Əziz-xələfimiz idi. Çox sevimli idi. Qeyrətliydi qardaşım. Torpağına çox bağlıydı. İyul hadisələrində çox sarsıldı. O gülümsər gözlərinin dərinliyində bir kədər vardı. Torpaqlarımızın işğalda olması ilə barışa bilmirdi. Tarix yazılmışdı-qara tarixlər, işğal günləri. Tarixi yenidən yazdılar oğullarımız. İnanıram ki, tək qardaşım deyil, bu zəfər tarixini yazanlar unudulmayacaq. Özü də çox şirindil, mehriban idi Ağaəmi. Yaşına görə çox hörmətli idi. Ona  “Ağa” deyərdilər.
O, həmişə bu qara tarixləri siləcəyimizə-qələbəyə inanıb. 2020-ci il iyul hadisələri zamanı  rahatlıq tapmayan ərənimiz yaxınlarına “Biz torpaqlarımızı azad edəcəyik, qalib olacağıq” deyib. 21 sentyabrda  status yazıb: “Biz döyüşə hazırıq”.

Torpaqlarımızın işğalda olması ilə barışmayan Ağa Əmi Heybətov savaş başlayan kimi uşaqlıq dostu, sinif yoldaşı Vüsal Salamovla birlikdə könüllü olaraq döyüşlərə yollanır.
Döyüş yoldaşı Asəf Məmmədli: İgidlik nümunəsi sorsaz, Ağa Əmi deyərəm. Qorxmaz bir döyüşçü nümunə göstərmək lazım gəlsə, Ağa Əmi deyərəm. Müharibədi, elə anlar olurdu, sağ qalmağa gümanımız qalmırdı, ölümü gözə alırdıq, geri çəkilmirdik. Belə anlarda səsi belə ruh yüksəkliyi yaradırdı. “Bu silahları biz istehsal edirik. Biz bu silahlarla ancaq qalib olmalıyıq” deyirdi. Səsində o qədər inam vardı. Sərrast atıcı idi. Nə qədər çətin vəziyyətdə bizi xilas edib. Neçə yaralıya kömək olub. Əvəzsiz biri idi.

Mehrab İsgəndərlinin söylədikləri: Bəzən çoxu çantasını yüngülləşdirir. O heç vaxt belə etməzdi. Ehtiyatlı idi.  Yemək ehtiyatı belə olardı. Çox qayğıkeş idi Ağa. Hamıdan öndə gedirdi döyüşlərə. Bir zərrə qorxusu yoxdu. Qorxmazlığın, cəsurluğun özü idi.  Oktyabrın 5-də çətin döyüşə başlamalıydıq. Paltarlarını, çəkmələrini təmizlədiyini gördüm. “Neynirsən” –deyə soruşdum. “Qaqam, ürəyimə damıb ki, tezliklə evə gedəcəm” . “Ağa, başına dönüm, döyüş gedir”-dedim. “Mən oktyabrın 18-nə kimi evə gedəcəm. Biz də qalib gələcəyik”. Türk bayrağı da vardı yanında, onu da mənə verdi, “sizdən əvvəl gedəcəm evə, şəhid olsam, bayrağı bizimkilərə verərsən”- deyib gülümsədi. O təbəssüm gözlərimdə qalıb...
Ağa Əmi yalan danışmazdı heç zaman.  Mehraba da həqiqəti söyləmişdi. Oktyabrın 16-da Goranboy-Tərtər istiqamətində gedən çətin döyüşdə şəhid olur. Bu döyüşdə də Mehraba” özümü gözəl yerdə, xoşbəxt görürəm. Kişi kimi torpaq azadlığı üçün ölmək hamıya nəsib olmur”-deyib...
25 oktyabr Buzovna qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respulikasının prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medallarına layiq görülüb.
Azərbaycan İqtisad Universitetində  şəhid məzunların xatirəsinə ucalan Memorial Xatirə kompleksindən  bizə gülümsəyir Ağaəmi Heybətov. İşlədiyi Müdafiə Sənaye Nazirliyinin “Şərq” İB-nin “İqlim Elmi- İstehsalat Müəssisəsi”ndə xatirə guşəsi yaradılıb. Məktəblərdə onun adını daşıyan siniflər var...
Qəhrəmanımızın 4 yaşlı bacısı qızı Mələk deyir ki, dayım Qarabağı mənə verib getdi. İtgilər nə qədər acı olsa da, bu həqiqətin şirinliyi danılmazdır.  Bizim də, böyüyən nəslin də qürurudur. Əslində Heybətovun işdən geriçağırışı vardı. Savaşa heç getməyə də bilərdi.  Amma torpaqlarımızın işğaldan azad olması onun yaşamı, ali arzusu idi. Ağa Əmi deyirdi “azadlıq uğruna öldü var, döndü yoxdu”. Nə qədər haqlıdı. Azadlığı işğaldan qurtarmaqdan böyük xoşbəxtlik varmı?!

Kamalə Abiyeva

Paralel.az
 

0.019298076629639