RUSLAN ASLAN OĞLU ƏLİYEV
Çempion olmadı şəhid oldu

RUSLAN ASLAN OĞLU ƏLİYEVÇempion olmadı şəhid oldu
 

Kamalə Abiyeva

08.04.2000 – 29.09.2020

2000-ci ilin 8 aprelində Ərçivanda dünyamıza göz açıb Ruslan Aslan oğlu Əliyev. Ərçivandakı 4 saylı tam orta məktəbin 2018-ci il məzunudur. İkinci savaşda 8 şəhid verən qəhrəman Ərçivan qəsəbəsinin şəhididir.
Azərbaycan Ordusunda MAHHXHQ kimi xidmət edən Ruslan 29 sentyabrda vətənin ərazi bütövlüyü uğruna Tərtər-Ağdərə istiqamətində gedən qızğın döyüşlərdə ölməzliyə qovuşub, Ərçivandakı Qəzəndaş məzarlığında torpağa verilib.

Uşaqlıqdan idmanı sevib. Məktəbli ikən Astara Boks Mərkəzində Ayaz Baxşıyevin rəhbərlik etdiyi təlim məşqlərini keçib. Azərbaycan Respublikası boks yarışlarının ikiqat gümüş və bürünc medallarını alıb. Azərbaycanın milli yığma komandasının üzvü idi. Dünya çempionu olmaq arzusuyla yaşayırdı. Olimpiya oyunlarının qalibi olmaq istəyirdi.

Astara İdman və Gənclər idarəsinin keçmiş rəhbəri Ərçə Əliyev: Hədsiz bacarıqlı, istedadlıydı. Əsil idmançıydı Ruslan. İştirak etdiyi yarışlarda həmişə diqqət çəkirdi. Təmkini, iradəsi, məsuliyyəti ilə seçilirdi. Özünə qarşı da çox məsuliyyətliydi. Müddətli hərbi xidmətdən sonra yenidən davam edə bilərdi, amma orduda xidmətə üstünlük verdi.

Hər yaşda xəyal qurur insan. Amma 20 yaşın xəyalları bir başqadır. Dünya sənin olur. Ruslanın xəyalları əlçatan idi əslində.

Ailənin ilki Fatimə danışır: “Hamımızın arzuları var. Onun da çox arzuları vardı. 20 yaşlı gəncin arzuları tükənməzdi. Həmişə uğurları olurdu yarışlarda. Qələbəni sevirdi. Nə edəcəyini də, nə olacağını da düşünərdi. Qarabağ problemi, ermənilərin xəyanəti narahat edərdi onu. Uşaq idi. Arada soruşurdu ki, görəsən, biz torpaqlarımızı ala bilmərik? Məncə hərbi xidmət zamanı bunları düşünüb, hərbiçi olmağın önəmini daha çox anlayıb. Əsgərlikdən gələndən sonra 14 gün qaldı, sonra yenidən xidmətə qayıtdı, “hərbiçi olacam, bizə ordu lazımdı” dedi.Torpaqlarımız uğruna şəhid də olaram. Bu arzusuna çatdı qardaşım”.
20 yaşlı Ruslan Əliyev artıq hərbi gücün nə demək olduğunu bilirdi.
Müddətli hərbi xidmətdə Goranboyda, sonra Mingəçevirdə olub. Müddətdən artıq hərbi xidmətinə də Mingəçevirdə davam edib.
Aslan Əliyev: Özüm də müharibəyə getmişdim. Birinci Qarabağ savaşının iştirakçısıyam. 4 il 6 ay döyüşmüşəm. Birinci savaşda da şəhidlərimiz vardı. Hərdən söhbətləşərdik. Sual verərdi “niyə torpaqları verdiniz?”. İndiki kimi ordumuz yoxdu deyirdim. “Mən gedib ermənilərdən qisasımızı alacam”-sözü bu olardı. Arzuları çox idi. Ən böyük arzusu qisas almaq idi. Övlad itkisi ağırdı. Nə etmək olar? İdmanı sevsə də, hərbini seçdi. Getdi. Döyüşdü. Nə deyim. Vətəndi. Vətənçün şəhid oldu.
Ruslanın kiçik qardaşı Əli 11-ci sinif şagirdidir: İdmana bir yerdə getmişik. “Birinci ol” deyirdi həmişə. Bir məktəbdə oxumuşuq. Bütün günü bir yerdə olmuşuq. Yarışların çoxunda da birlikdəydik. Həmişə mükafat alırdı. Respublikamızı Türkiyədə, Gürcüstanda təmsil edib. Orda da qələbə qazanıb. Özümü tək hiss edirəm. Tez-tez zəng edirdi. Son dəfə danışanda da “hər şey yaxşıdı” dedi... Kövrəlir Əli... - Çempion olmaq istəyirdi, şəhid oldu..
Döyüş yoldaşları, məktəb dostları Ruslandan danışır, xatirələrini bölüşür.
Döyüş yoldaşı Fəqan deyir ki, çox təmkinli idi. İntizamlıydı. Müddətli xidmətdə də seçilirdi. Bacarığına, davranışına görə dəfələrlə təşəkkürlər, fəxri-fərmanlar almışdı. Sakit təbiətliydi, döyüşdəsə od parçasıydı. Düşmənin neçə canlı qüvvəsini məhv etmişdi. Silahdan bacarıqla yararlanırdı. Bir qarış irəli gedəndə, bir kəndi azad edəndə gözlərində işıq yanırdı.
Ruslanların gözlərində yanan işıqdı qaranlığımızı yarıb. Biz indi bu işığa tutunub yaşayırıq. Hər işıq zərrəciyində Ruslan var...
Şəkillərinə baxıram. Boks meydançasında döyüşən, qələbə qazananda bayrağımızı ucaldan qələbəsini görürəm.
Bir də Ruslanın gözüyaşlı anası Təranə xanıma baxıram.
Dərd var təsəlliylə ovutmaq olmur...
Təranə xanım: Mən onu əzizləmişəm ana kimi. Onun hər istəyini yerinə yetirməyə çalışmışam. Həsrətini çəkirəm. Onsuz yaşaya bilmirəm. 27-də danışdım sonuncu dəfə. Elə hey deyirdi özündən muğayat ol, hər şey yaxşı olacaq. Bilsəm mən ölsəm o dönər, ölərəm...
İstədim deyim ki, o qayıdıb. Hər yerdə Ruslan var. Qalib Ruslan. Demədim.
Bilirəm ki, bu yazını oxuyacaq. Yenə də qalib olan, qələbə ilə qayıdan Ruslanı görəcək.

Paralel.az

0.015698909759521