“Əmək pensiyaları haqqında” qanunun dəyişdirilməsi pensiyaçı hərbçilərin ziyanınadır
Məğrur Bədəlsoy:
Milli Məclisin 30 sentyabr 2022-ci il tarixli iclasının gündəliyinə salınan məsələlərdən biri də “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədədir. Artıq sosial sahədə “külüng çalan” məmurlar, ekspertlər və s. qanunun 1.0.5 və 29.1-ci maddələrində nəzərdə tutulan əmək haqqındakı sonrakı artımlara uyğun olaraq deyil, dolanışıq xərclərinin dəyişməsinə uyğun indeksləşmə əsasında pensiyaların artırılmasının qanuniləşdiriləcəyini bildirirlər.
Guya bu dəyişiklik hərbi pensiyaçıların xeyrinə edilir. Halbuki burada heç bir xeyirdən söhbət gedə bilməz, əksinə, dəyişiklik hərbi qulluqçuların ziyanınadır. Birincisi, xeyirdisə, elə qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malik olan dövlət qulluqçularına, hakimlərə, prokurorluq orqanları işçilərinə və digərlərinə də şamil edilsin, niyə yalnız hərbi qulluqçu pensiyaçılara aid edilir?
Necə olur, hərbi qulluqçuların xidmətdə olduğu zaman aldığı təminat xərcliyi, məsələn, 20 -50 faiz artanda, ona cəmi 10 faizlik indeksasiya şamil olunur və bu artım daha çox qəbul edilir? ! Axı 10 faiz 20 -50 faizdən necə çox ola bilər? Belə çıxır, indiyədək hesablama sahəsində yanlış addımlar atılıb?
Əslində son 4-5 ildə qəbul edilən bütün qanunlar mürtəce xarakter daşıyır və insanların hüquq və azadlıqlarının, sosial rifahının (yaxşılaşdırılması ) əleyhinə yönəlib. Uzağa getməyək, elə “Əmək pensiyaları haqqında” qanunun bəzi müddəalarının Konstitusiya Məhkəməsi tərəfindən hökumətin sifarişi ilə hərbi qulluqçuların ziyanına şərh edilməsi nə deməkdir?
Şərh də bilirsiniz nədir, hərbi pensiyaçı xidmətdən sonra əmək haqqına əlavə olunan məbləğin sığorta haqqını ödəməyib! Belə “şərh”lə gərək xidmətə yararsız qazilər, şəhidlər o dünyadan sığorta haqqı ödəməlidirlər? İndi bu qanunsuz şərhi qanuniləşdirmək yolunu tutublar. Digər bir qanuna baxın, “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015 tarixli qanunun 8.1.4 maddəsində yazılıb ki, vətəndaşın müraciətinə il ərzində 3 dəfə əsaslandırılmış cavab verildikdə, növbəti müraciət baxılmamış saxlanılır. Aydındır ki, belə məntiqsiz müddəa müraciətə baxan, daha doğrusu, baxmayan məmurların diqtəsi ilə qəbul edilib. Axı cavabın əsaslandırılmış olmasını məmur müəyyən edirsə, il ərzində eyni cavabın üç dəfə təkrar olunması necə əsaslı sayıla bilər?
Bu dünyəvi dövlətin dini qanunlarla idarə olunmasına bənzəyir. Keçmişdə (bəzi yerlərdə indi də qüvvədədir) ər üç dəfə “talaq” deyərdisə, arvadı boşamış olurdu. İndi məmur 3 dəfə vətəndaşa yox deyirsə, qanuni qüvvəyə minmiş cavab sayılır.
“Əmək pensiyaları haqqında” qanunun indiyədək dəyişən, ləğv edilən maddələrinin hamısı öncədən hərbçi pensiyaçıların, qazilərin, şəhid ailələrinin xeyrinə olub. Məsələn, bütövlükdə ləğv edilən 19-cu maddə əmək pensiyalarına əlavələri təsbit edirdi, ləğv edildi ki, əlavələr ,deputat demiş, “əlilləri korlayır” . İndi də 29-cu maddəni dəyişirlər ki, hərbi pensiyaçıların təminat xərcliyi artanda sosial sığorta haqlarını ödəmirlər! (?)
“Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklərdən nəsə xeyir gözləmək mənasızdır.
Başımıza gələnlər ziyana düşəcəyimizi proqnozlaşdırır. ..Bir qalır dövlət başçısının veto hüququndan yararlanması. Ana Qanunun 12-ci maddəsinə görə, dövlətin başlıca məqsədi insan və vətəndaş hüquqlarının müdafiəsi, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsidir. Vətəndaşın xeyrinə olan qanunu dəyişməklə isə nə hüquq və azadlıq, nə də sosial rifah təmin olunar.
Paralel.az