Kərim Kərimli: "...Tənqidə söz tapırsansa, döşə gəlsin"

Kərim Kərimli:
 

"ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi haqqında danışarkən (yazarkən) onun qocalığını, artıq 83 yaşa doğru getdiyini bir əskiklik kimi vurğulayaraq, aşağılayıcı tonla kəlməbaşı "nənə", "xala", hətta "qarı" deyən adamların çoxu əslində öz zəifliyini göstərir.

Bəli, Nensi Pelosi artıq cavan deyil, artıq təqaüd yaşındadır və güman ki, ABŞ parlamentinə qarşıdan gələn seçkilərdə vəzifəsi ilə vidalaşacaq.

Ancaq məncə əslində onu tənqid edən adamlar qocalığını deyil, fəaliyyətini, mövqeyini, çıxışında, nitqində müşahidə etdikləri nöqsanları və s. bu kimi məsələləri, faktları tənqid atəşinə tutmalıdırlar.

Tənqid edirsənsə onun nahaqqın tərəfində olduğunu, öz siyasi məqsədləri naminə ədalətsizliyi müdafiə etdiyini, günahkara dəstək verdiyini tutarlı faktlarla ifşa elə, aləmə car çək.

Əgər bu mənada tənqidə söz tapırsansa, döşə gəlsin, tapmırsansa, onda onun nənə, xala, yaxud, qarabağlılar demişkən, mama, bakılılar demişkən də, bibi olmağının məsələyə nə dəxli var?

Siz 20 saata yaxın təyyarədə uçub, gəlib çatan kimi də görüşlərə başlayan, dil boğaza qoymadan danışan, hərəkətdə, fəaliyyətdə olan bir həftədən sonra 82,5 yaşı tamam olacaq qadınla 5 il Azərbaycan parlamentində oturub da, bu müddətdə heç olmasa bircə dəfə bir neçə 10, uzaqbaşı bir neçə 100 kilometr məsafəni Pelosi kimi dünya məmurlarının yuxuda belə görə bilməyəcəyi lüks avtomobillərdə qət etməyə ən azı ərindiyindən seçiciləri ilə görüşə getməyən cavan deputat gəlinlərdən danışın...

P.S. Mənim rəhmətlik Sifayı nənəm (anamın anası) 100 ildən çox yaşadı və ölən günəcən də hərfini yanılmadı.

Sifayı nənəmi körpəliyimdən tez-rez görsəm də və təbii ki, yaxşı tanısam da, ömrünün son 10 ili bizim ailədə keçdiyinə görə hər xasiyyətinə, hər halına yenidən bələd oldum və qətiyyətlə deyirəm ki, Azərbaycanın sonuncu dövlət katibi Lalə Şövkətdən də, AR PA Humanitar Siyasət məsələləri şöbəsinin keçmiş müdiri Fatma Abdullazadədən də ağıllı, savadlı, təpərli qadın idi."

Paralel.az

0.028011798858643